Dünyaca məşhur italyan moda brendi “Brunello Cucinelli”nin təsisçisi Brunello Cucinelli Çinin Şanxay şəhərində keçirilən tədbirdə aktrisalara yersiz toxunmaqda ittiham olunub.
News365.az xəbər verir ki, 73 yaşlı milyarderin Çinli aktrisalar Liu Tao və Çen Dulinqə qarşı davranışları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hadisə oktyabrın 22-də sənədli filmin təqdimat mərasimində baş verib. Sosial mediada yayılan görüntülərdə Cucinellinin 48 yaşlı Liu Tao ilə şəkil çəkdirərkən əvvəlcə onun qolundan bir neçə dəfə tutduğu, daha sonra isə əlini aktrisanın sinə nahiyəsinə qoyduğu görünür.
Çinli sosial şəbəkə istifadəçiləri milyarderin hərəkətlərini yersiz və narahatedici hesab edərək tənqid ediblər. Çin mətbuatının məlumatına görə, Liu Tao fotosessiya zamanı aradakı məsafəni artırmaq üçün bədənini yana çevirib. Aktrisanın tədbirdən ayrılarkən gərgin göründüyü də diqqət çəkib.
Cucinelli eyni mərasimdə digər aktrisa Çen Dulinqə qarşı davranışına görə də tənqid olunub. O, aktrisanın qolundan tutmaqda, qolunu belinə dolamaqda və paltarının ətəyini düzəltmək bəhanəsi ilə ona toxunmaqda ittiham edilir.
Bu, italyan modelyerin oxşar iddialarla gündəmə gəldiyi ilk hadisə deyil. Sentyabr ayında Honkonqda keçirilən tədbirdə Cənubi Koreyalı aktrisa Kim You-jungla davranışına görə tənqid olunan Cucinelli fevralda Milan Moda Həftəsində Çin əsilli amerikalı xizəkçi Eylin Qunun əlindən tutduğu görüntülərlə də müzakirə edilmişdi.
Çinin “The Paper” dövlət mediası da milyarderin davranışını sərt tənqid edib. Nəşrin şərhində mədəni fərqlərin bu cür iddialara bəraət qazandırmaq üçün istifadə edilə bilməyəcəyi vurğulanıb. Bildirilib ki, yüksək sosial status heç kəsi etik normalardan üstün etmir.
Cucinellidən ona qarşı irəli sürülən ittihamlarla bağlı açıqlama verməsi istənilib. Onun məsələyə münasibəti barədə məlumat yayılmayıb.
Qeyd edək ki, “kaşmir kralı” kimi tanınan Brunello Cucinelli moda imperiyasını 1978-ci ildə cəmi 550 dollarlıq kreditlə başladıb. Bu gün onun brendinə məxsus bəzi kaşmir sviterlər minlərlə funt sterlinqə satılır.