İsraildə seçkilərdən sonra yaranan siyasi mənzərə ölkənin gələcək hakimiyyətinin taleyini sual altında qoyub. Parlamentdəki qüvvələr arasında mövqelərin uzlaşmaması yeni hökumətin formalaşdırılmasını çətinləşdirir. Müxalifətin Netanyahu ilə əməkdaşlığa isti yanaşmaması, ərəb partiyalarının isə koalisiya məsələsində həlledici mövqedə dayanması siyasi çıxış yollarını məhdudlaşdırır. Belə vəziyyətdə İsraili yeni seçkilər gözləyə bilər. Bu isə regionda onsuz da mürəkkəb olan hərbi-siyasi vəziyyətin daha da gərginləşməsi ehtimalını artırır.
Bəs Netanyahu rəqibləri ilə razılığa gələrək yeni hökumət qura biləcək, yoxsa İsrail yenidən seçkiyə getməli olacaq? Siyasi qeyri-müəyyənlik İranla mümkün qarşıdurmanın taleyinə necə təsir göstərəcək?
Siyasi şərhçi Əli Zülfüqaroğlu News365.az-a açıqlamasında bildirib ki, son seçkilər Benyamin Netanyahunun rəhbərlik etdiyi blokun qələbəsi ilə nəticələnməsə də, mövcud siyasi proseslər baş nazirin əleyhinə inkişaf etmir.

Onun sözlərinə görə, ərəb partiyalarının parlamentdə həlledici mövqeyə sahib olması belə, Netanyahuya qarşı vahid siyasi cəbhənin formalaşacağı anlamına gəlmir. Çünki müxalifətdə təmsil olunan “Yaşar” Partiyası və onun lideri Qadi Eyzenkot ərəb partiyaları ilə siyasi ittifaq qurmaqda maraqlı deyil. Hətta ərəb partiyaları hökumətdə təmsilçilik tələb etməsələr belə, belə bir əməkdaşlıq Eyzenkotun cəmiyyətdəki siyasi dayaqlarını zəiflədə bilər.
Ekspertin qənaətinə görə, hazırda İsraildə hökumətin formalaşdırılması ilə bağlı üç mümkün ssenari var.
Birinci variant Eyzenkotun Netanyahunun koalisiya təklifini qəbul etməsi və indiyədək tənqid etdiyi siyasi kursla razılaşmasıdır. İkinci ssenari Netanyahu bloku ilə Eyzenkotun partiyası arasında deputatların qarşılıqlı keçidi hesabına yeni çoxluğun yaradılmasıdır. Üçüncü variant isə hökumətin formalaşdırılmasının mümkün olmaması və ölkənin yenidən seçkilərə getməsidir.
Əli Zülfüqaroğlu ilk iki ssenarinin reallaşmasını az ehtimallı hesab edir. Onun fikrincə, daha real variant növbəti parlament seçkilərinin keçirilməsidir. Bu müddətdə isə Netanyahu baş nazir vəzifəsini icra etməkdə davam edəcək.
Siyasi şərhçi hesab edir ki, yaranmış vəziyyət Netanyahunun regional siyasəti baxımından da müəyyən üstünlüklər yarada bilər. Xüsusilə ABŞ-da keçirilən aralıq seçkilərindən sonra İranla bağlı mümkün hərbi ssenarilər İsrail hökumətinin gündəmində qalacaq.
Ekspertin fikrincə, İsraildə siyasi qeyri-müəyyənliyin davam etməsi Yaxın Şərqdə gərginliyin azalmasına zəmin yaratmır. Əksinə, hökumət qurmaq uğrunda mübarizənin uzanması və regional qarşıdurmaların davam etməsi yeni hərbi toqquşmalar riskini artırır.
Beləliklə, İsraildə əsas sual yalnız kimin hökumət quracağı deyil. Yeni siyasi konfiqurasiyanın ölkənin İran, Qəzza və ümumilikdə regionla bağlı hərbi-siyasi qərarlarına necə təsir göstərəcəyi də ciddi maraq doğurur.