Abdullah Öcalanın İmralı adasında saxlanma şəraitinin dəyişdirilməsi və onun üçün yeni yaşayış binasının hazırlanması Türkiyədə siyasi müzakirələri yenidən alovlandırıb. Hakimiyyətin “Terrorsuz Türkiyə” adlandırdığı proses çərçivəsində atılan bu addımların gələcəkdə hansı nəticələr doğuracağı isə mübahisə mövzusuna çevrilib.
Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, PKK lideri Abdullah Öcalanın saxlanma şəraitinin yaxşılaşdırılması və mümkün azadlığa buraxılması Türkiyə üçün ciddi siyasi nəticələr yarada bilər.
O qeyd edib ki, Türkiyənin DEM Partiyasından olan Şanlıurfa millət vəkili, İmralı heyətinin üzvü Mithat Sancar Öcalanın ada ərazisində onun üçün hazırlanmış yeni iqamətgaha köçdüyünü açıqlayıb. Sancar bu addımı “Terrorsuz Türkiyə” adlandırılan Sülh və Demokratik Cəmiyyət Prosesi baxımından əhəmiyyətli hesab edib və prosesin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Politoloqun sözlərinə görə, Öcalan üçün yeni yaşayış binasının tikilməsi ilə bağlı məlumatlar hələ avqust ayında MHP sədri Dövlət Baxçalının açıqlamasından sonra gündəmə gəlmişdi. Həmin vaxt Baxçalı Öcalanın status məsələsinə görə yeni iqamətgaha köçməyə razılıq vermədiyini bildirmişdi. Mithat Sancar isə o dövrdə bu barədə yayılan məlumatları təkzib etmişdi.
Turan Rzayev hesab edir ki, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyi Öcalanın azadlığa buraxılması məsələsində siyasi maraq güdür. Lakin bu qərarın cəmiyyətdə ciddi narazılıq doğura biləcəyi və müxalifətin seçki kampaniyasında hakimiyyətə qarşı istifadə edə biləcəyi ehtimalı prosesi ehtiyatla aparmağa sövq edir.
Onun fikrincə, hakimiyyət cəmiyyəti mümkün qərara mərhələli şəkildə hazırlamağa çalışır. Öcalanın saxlanma şəraitinin yaxşılaşdırılması da bu prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Politoloq sosial şəbəkələrdə yayılan görüntülərə də diqqət çəkib. O bildirib ki, fotolarda Öcalan üçün kifayət qədər komfortlu yaşayış şəraitinin yaradıldığı görünür. Rzayevin qənaətinə görə, formal olaraq həbsdə saxlanılsa da, ona yaradılan şərait Türkiyə cəmiyyətində haqlı suallar doğurur.
Turan Rzayev: Öcalanın azadlığa buraxılması AKP üçün ciddi siyasi səhv ola bilər
Müsahibimiz hesab edir ki, Abdullah Öcalanın azadlığa buraxılması AKP hakimiyyətinin yol verə biləcəyi ən böyük siyasi səhvlərdən biri olar. Bu addımın “Terrorsuz Türkiyə” prosesi ilə əsaslandırılması mümkün olsa da, nəticələri hakimiyyətin nüfuzuna ciddi zərər vura və ölkənin gələcək təhlükəsizliyi üçün yeni problemlər yarada bilər.
Politoloq vurğulayıb ki, onilliklər ərzində aparılan antiterror mübarizəsinin nəticələrini siyasi maraqlar naminə riskə atmaq doğru yanaşma deyil. Onun sözlərinə görə, Abdullah Öcalanın azadlığa buraxılması və ya saxlanma şəraitinin bu şəkildə yaxşılaşdırılması onun tərəfdarları arasında qəhrəman obrazının formalaşmasına və siyasi simvola çevrilməsinə səbəb ola bilər.
Turan Rzayev qeyd edib ki, Öcalanın fəaliyyəti yalnız türk cəmiyyətinə deyil, kürdlərə də ağır nəticələr yaşadıb. Onun fikrincə, PKK liderinin Türkiyədə türk-kürd münasibətlərinin gərginləşməsində və cəmiyyətdə qütbləşmənin dərinləşməsində mühüm rolu olub.
Politoloq fikirlərini belə yekunlaşdırıb:
“Terrorçu başı Abdullah Öcalandan sülh və barış gözləmək qədər absurd yanaşma yoxdur. Təcrübə göstərir ki, terrorçuların və separatçıların yeri həbsxanadır!”