Vaşinqton "qırmızı xətti" keçdi: İran hədəfi Trampın şəxsi obyektlərinə çevirir

Vaşinqton "qırmızı xətti" keçdi: İran hədəfi Trampın şəxsi obyektlərinə çevirir
14:27

ABŞ və İran arasında hərbi gərginlik görünməmiş həddə çatıb. Ağ Evin İrandakı həyati əhəmiyyətli enerji, nəqliyyat və hətta su təmizləyici infrastrukturları bombalamasından sonra rəsmi Tehranın fərqli və daha həssas hədəflərə yönələcəyi iddia edilir. Söhbət ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdəki və Körfəz ölkələrindəki çoxmilyonluq biznes imperiyasından və şəxsi obyektlərindən gedir.

News365.az-a açıqlama verən siyasi şərhçi Əlimusa İbrahimov bildirib ki, qarşıdurma artıq hərbi poliqon çərçivəsindən çıxaraq iqtisadi və strateji obyektlərin məhvi mərhələsinə keçib:

"ABŞ-nin İranda birbaşa mülki və strateji strukturları, o cümlədən su təmizləmə sistemini atəşə tutması tərəflərin artıq heç bir qırmızı xətt tanımadığını göstərir. Belə bir vəziyyətdə Tehranın qarşısında yalnız bir yol qalır: hücum arealını genişləndirmək və Vaşinqtonu ağrılı nöqtələrindən vurmaq".

"Hərbi bazaları vurmaq çətindir, Trampın biznesini hədəf almaq isə daha asan"

Ekspertin sözlərinə görə, İranın ABŞ hərbi bazalarına və İsrailin müdafiə sistemlərinə endirdiyi zərbələr əsasən hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilir. Bu səbəbdən Tehran daha asan və qorunmayan hədəflərə – iqtisadi boşluqlara yönəlir:

"İran rejimi dərk edir ki, güclü mühafizə olunan hərbi kontingentlə mübarizə aparmaqdansa, bölgədəki mülki-sənaye və böyük biznes strukturlarını sıradan çıxarmaq daha asandır. Trampın xüsusilə Körfəz ölkələrindəki nəhəng investisiyalarını, mülklərini hədəf seçməklə İran rəhbərliyi Ağ Evi geri addım atmağa məcbur etmək istəyir. Tehran bu yolla Vaşinqtona mesaj verir ki, hücumlar dayanmasa, fəsadlar şəxsən Trampın öz cibinə və nüfuzuna toxunacaq".

Hədələr real zərbələrə çevrilə bilərmi?

Əlimusa İbrahimov hesab edir ki, hadisələrin gedişatı rəsmi Tehranın bu hədələrini tezliklə reallığa çevirə biləcəyini göstərir:

"İran artıq sadəcə bəyanatlarla kifayətlənmir, hədədən əməli işə keçməyə hazırlaşır. Trampa məxsus biznes obyektlərinin, otellərin və ya ticarət mərkəzlərinin vurulması təkcə onun üçün deyil, həm ABŞ, həm də həmin mülklərə ev sahibliyi edən ərəb ölkələri üçün fəlakətli geosiyasi və iqtisadi nəticələr doğura bilər. Əgər Vaşinqton Tehranla diplomatik dildə danışmağa başlamasa, müharibənin alovu bütün bölgəni bürüyəcək və bu gedişatda ilk qurbanlar sırasında məhz Trampın milyardlıq obyektləri olacaq".


Sizin reklam burada
Sizin reklam burada