Bir uşağın yaddaşında illər sonra hansı sözlərin qalacağını heç kim əvvəlcədən bilmir. Bəzən böyüklər üçün adi görünən bir cümlə uşağın zehnində illərlə yaşayır, bəzən isə bir baxış, bir münasibət, bir ədalətli və ya ədalətsiz davranış onun dünyaya baxışının bir hissəsinə çevrilir. Uşaqlıq insan həyatının elə bir mərhələsidir ki, orada deyilən hər söz, göstərilən hər münasibət və verilən hər nümunə gələcək xarakterin görünməz təməllərinə çevrilə bilər. Buna görə uşağı böyütmək sadəcə onun fiziki ehtiyaclarını ödəmək, məktəbə göndərmək və gələcəyini təmin etmək deyil. Əsl məsuliyyət onun daxilində necə bir insanın formalaşacağını düşünməkdən başlayır. Uşağın qarşısına qoyulan hər qaydanın, hər sərhədin və hər tələbin arxasında əslində bir məqsəd dayanmalıdır: onun düşünmə qabiliyyətini, məsuliyyət hissini, vicdanını və insanlara münasibətini formalaşdırmaq. Çünki uşağa sadəcə “belə et” deməklə tərbiyə vermək mümkün deyil. Uşaq nəyi etməli olduğunu bilməklə yanaşı, niyə etməli olduğunu da anlamalıdır. Ona yalnız nəticəni göstərmək yox, həmin nəticəyə aparan düşüncə yolunu öyrətmək lazımdır. Əks halda uşaq böyüyün nəzarəti altında düzgün davranmağı öyrənə bilər, amma nəzarət aradan qalxdıqda həmin davranışın mənasını itirə bilər. Əsl tərbiyə isə insanın heç kim baxmadığı zaman belə doğru olanı seçə bilməsidir.
Uşağa hörmət göstərmək onun hər istəyini yerinə yetirmək, hər qərarını təsdiqləmək və heç vaxt ona “xeyr” deməmək anlamına gəlmir. Əksinə, bəzən uşağa verilən ən böyük dəyər ona sağlam sərhədlər qoymaqdır. Çünki həyat da insana hər istədiyini vermir. Uşaq ailəsində hər istəyinin dərhal həyata keçirilməsinə öyrəşərsə, həyatın ilk ciddi məhdudiyyəti ilə qarşılaşanda çətinlik çəkə bilər. Ona görə uşağa həm sevilməyi, həm də gözləməyi; həm istəməyi, həm də imtina ilə qarşılaşmağı; həm azadlığı, həm də məsuliyyəti öyrətmək lazımdır. Sağlam sərhəd uşağın azadlığını məhv etmir, əksinə, ona azadlığın məsuliyyətlə birlikdə mövcud olduğunu göstərir. Burada çox incə bir tarazlıq var. Həddindən artıq sərtlik uşağın şəxsiyyətini sıxa, daim qorxu içində yaşamasına və öz fikrini ifadə etməkdən çəkinməsinə səbəb ola bilər. Həddindən artıq güzəşt isə məsuliyyət hissinin formalaşmasına mane ola bilər. Uşağın həm sevildiyini, həm də ondan müəyyən davranışların gözlənildiyini bilməsi vacibdir. Çünki sevgi sərhədsiz güzəştə, tələbkarlıq isə soyuqluğa çevrildiyi zaman tərbiyədə tarazlıq pozulur. Psixoloji baxımdan uşağın özünə münasibəti böyük ölçüdə onun böyüklərdən aldığı münasibətlə formalaşır. Uşağın etdiyi səhvlə onun şəxsiyyətini bir-birindən ayırmaq olduqca vacibdir. “Bu hərəkətin düzgün deyil” demək uşağa davranışını dəyişmək imkanı verir. Lakin “sən pis uşaqsan”, “səndən heç nə olmayacaq” kimi ifadələr uşağın konkret davranışından çıxaraq onun özünə verdiyi qiymətə təsir edə bilər. Uşaq zaman keçdikcə səhv edən insan olduğunu deyil, “pis insan” olduğunu düşünməyə başlaya bilər. Halbuki insan səhv edə bilər, səhvini düzəldə bilər və daha yaxşı davranmağı öyrənə bilər. Tərbiyənin məqsədi uşağı səhvsiz böyütmək deyil, ona səhv etdikdə məsuliyyət götürməyi və yenidən doğru yolu seçməyi öyrətməkdir. Uşağın hər səhvinə dərhal cəza vermək asandır. Çətin olan isə həmin səhvin arxasındakı səbəbi görməkdir. Bəzən uşaq bilmədiyi üçün səhv edir, bəzən diqqət istəyir, bəzən öz hisslərini ifadə edə bilmir, bəzən isə sadəcə yaşına uyğun olaraq həyatın qaydalarını öyrənmə mərhələsində olur. Böyük insan üçün çox sadə görünən bir qayda uşağın dünyasında hələ kəşf edilməmiş bir həqiqət ola bilər. Buna görə böyüyün vəzifəsi yalnız nəticəyə reaksiya vermək deyil, səbəbi də anlamağa çalışmaqdır. Tərbiyə cəzanın gücü ilə deyil, anlayışın dərinliyi ilə daha davamlı nəticə verə bilər.
Əslində, uşağın tərbiyəsində ən güclü vasitə valideynin sözləri deyil, onun öz davranışıdır. Uşaq böyüklərin söylədiklərini eşidir, lakin etdiklərini daha dərindən müşahidə edir. Valideyn dürüstlükdən danışıb özü yalan danışırsa, hörmətdən danışıb başqalarını alçaldırsa, səbirdən danışıb ən kiçik məsələdə özünü idarə edə bilmirsə, uşaq sözlə davranış arasındakı ziddiyyəti görür. Belə vəziyyətdə ən uzun nəsihət belə təsirini itirə bilər. Uşağın qarşısında ən böyük tərbiyə kitabı çox vaxt valideynin öz həyatıdır. Çünki uşaq “necə insan olmaq lazımdır?” sualının cavabını yalnız eşitmir, onu gündəlik həyatda görür. Bu baxımdan valideynlik insanın yalnız uşağı tərbiyə etməsi deyil, eyni zamanda özünü də daim tərbiyə etməsidir. Öz qəzəbini idarə edə bilməyən insan uşağa səbir öyrətməkdə çətinlik çəkir. Başqasının fikrinə hörmət etməyən insan uşağından hörmət tələb edəndə sözləri ilə davranışı arasında ziddiyyət yaranır. Buna görə uşağın dəyişməsini istəyən böyüyün əvvəlcə öz davranışına baxması çox mühümdür. Uşaq bəzən valideynin dediyini deyil, valideynin necə yaşadığını öyrənir. Aristotelin əxlaq fəlsəfəsində də insanın yaxşı davranışlara təkrar-təkrar yiyələnməsi nəticəsində xarakterinin formalaşması xüsusi əhəmiyyət daşıyırdı. Bu yanaşma bu gün də düşündürücüdür. Çünki uşağa bir dəfə dürüstlük haqqında danışmaqla dürüst insan yetişmir. Dürüstlük gündəlik həyatın kiçik seçimlərində təkrarlandıqca xarakterə çevrilir. Eyni şey səbir, ədalət, məsuliyyət, mərhəmət və özünə nəzarət üçün də keçərlidir. Bir cəmiyyətdə qanun nə qədər mükəmməl olsa da, insanlar vicdan qarşısında məsuliyyət hissini itirirlərsə, həmin qanunların təsiri məhdudlaşa bilər. Buna görə uşağın tərbiyəsi yalnız ailənin şəxsi məsələsi deyil. Bu gün ailədə formalaşan xarakter sabah cəmiyyətin bir hissəsinə çevrilir. Bu gün valideynin öyrətdiyi dürüstlük sabah bir vətəndaşın qərarına, bir rəhbərin münasibətinə, bir müəllimin davranışına, bir həkimin məsuliyyətinə, bir hakimin ədalət anlayışına çevrilə bilər. İslam dinində insanın yalnız özünə deyil, ailəsinə qarşı da məsuliyyəti olduğu vurğulanır. Bu məsuliyyət uşağın yalnız maddi ehtiyaclarını ödəməklə bitmir. Onun mənəvi dünyasının formalaşması, yaxşı ilə pisi ayırmağı öyrənməsi, mərhəmət, ədalət, dürüstlük və vicdan kimi dəyərlərlə böyüməsi də bu məsuliyyətin tərkib hissəsidir. Peyğəmbər Məhəmmədin uşaqlara münasibəti ilə bağlı rəvayətlərdə mərhəmət, nəvaziş və uşağın şəxsiyyətinə diqqət kimi nümunələrin ön plana çıxması da tərbiyənin yalnız sərtlikdən ibarət olmadığını göstərir. İnsan yalnız qorxduğu üçün yaxşı davranırsa, bu davranışın kökündə əxlaqdan çox qorxu dayana bilər. Uşaq cəzadan qorxduğu üçün yalan danışmamağı öyrənirsə, nəzarət olmadıqda həmin qaydanı poza bilər. Amma ona dürüstlüyün niyə dəyərli olduğu başa salınıbsa, zaman keçdikcə doğru davranış xarici nəzarətdən daxili vicdana keçə bilər. Tərbiyənin ən yüksək mərhələsi də budur: uşağın yanında olmadığın zaman belə onun daxilində səni əvəz edəcək bir vicdanın olması. Bəzən valideyn uşağının qarşılaşdığı bütün çətinlikləri onun yerinə həll edir. Uşaq səhv edir, böyüyü bəhanə tapır. Uşaq məsuliyyət daşımalı olduğu halda, valideyn onun yerinə işi görür. Uşaq çətinliklə qarşılaşanda dərhal müdaxilə edilir. Əlbəttə, uşağı qorumaq vacibdir, lakin onu həyatın bütün çətinliklərindən qorumaq mümkün deyil. Çünki bir gün uşaq böyüyəcək və valideyni hər problemin qarşısını ala bilməyəcək. Ona görə uşağa yalnız rahatlıq yaratmaq deyil, çətinlikləri idarə etməyi də öyrətmək lazımdır. Bəzən uşağa ən böyük kömək problemi onun əvəzinə həll etmək deyil, problemi özü həll edə bilməsi üçün yanında olmaqdır. Uşağın müstəqilliyi də məhz belə yaranır. Kiçik yaşlarda verilən kiçik məsuliyyətlər zamanla böyük məsuliyyətlərə çevrilir. Öz əşyalarını toplamaq, verdiyi sözə əməl etmək, etdiyi səhvə görə üzr istəmək, başqasının haqqına hörmət etmək, başladığı işi sona çatdırmaq — bunların hər biri gələcək xarakterin məşqidir. Uşaq böyüdükdə həyat qarşısına daha böyük məsuliyyətlər çıxaracaq. Əgər o, uşaqlıqdan hər çətinliyin onun yerinə həll olunmasına öyrəşibsə, yetkinlikdə də başqalarının onun yerinə qərar verməsini gözləyə bilər. Uşağa seçim imkanı vermək də onun şəxsiyyətinə hörmətin bir formasıdır. Əlbəttə, hər məsələni uşağın qərarına buraxmaq mümkün deyil. Lakin yaşına uyğun seçimlər etmək, fikrini söyləmək və öz qərarının nəticəsini görmək uşağın düşünmə qabiliyyətini inkişaf etdirir. Valideynin nüfuzu uşağın hər fikrini susdurmaqla deyil, onun fikrini dinləyib lazım gəldikdə düzgün istiqamət verməklə daha sağlam qurulur. Çünki məqsəd valideynin sözünə ömür boyu kor-koranə tabe olan bir insan yetişdirmək deyil. Məqsəd bir gün valideyn yanında olmadığı zaman belə düzgün qərar verə biləcək bir şəxsiyyət formalaşdırmaqdır. Uşağın böyüdükdə “mənə heç kim baxmır, deməli hər şeyi edə bilərəm” düşüncəsində deyil, “heç kim görməsə də, bunun doğru olub-olmadığını öz vicdanım müəyyən edir” düşüncəsində olması tərbiyənin ən böyük nəticələrindən biridir. Bəlkə də valideynliyin ən ağır tərəfi budur ki, uşağı qorumaqla onu həyata hazırlamaq arasında düzgün məsafəni tapmaq. Çox sıx tutanda onun qanadlarını zəiflətmək, çox sərbəst buraxanda isə istiqamətini itirməsinə səbəb olmaq mümkündür. Əsl sənət isə onun əlindən tutaraq addımlamağı öyrətmək, sonra isə yavaş-yavaş əlini buraxmaqdır. Çünki uşaq əbədi olaraq uşaqlıqda qalmayacaq. Bir gün böyüyəcək, öz qərarlarını verəcək, öz ailəsini quracaq, öz övladlarına münasibət göstərəcək və bir zamanlar valideynindən eşitdiyi sözləri, gördüyü davranışları fərqli bir formada gələcək nəslə ötürəcək. Beləliklə, bir valideynin bu gün uşağı ilə necə danışması yalnız həmin günün məsələsi deyil; bəzən bir neçə nəslin davranışına qədər uzanan görünməz bir zəncirin başlanğıcıdır. Ona görə uşağa verilən ən böyük miras yalnız ev, pul, təhsil və imkanlar deyil. Ən böyük miras onun daxilində qurulan mənəvi kompasdır. Elə bir kompas ki, insan həyatın qarışıq yollarında qaldıqda ona hansı istiqamətin doğru olduğunu xatırlatsın. Uşaq bir gün valideyninin yanında olmayacaq, amma onun daxilində valideynindən öyrəndiyi dəyərlər yaşayacaq. Əsl tərbiyə də məhz burada öz həqiqi mənasını tapır: uşağı idarə etmək yox, onu özünü idarə edə bilən insan kimi yetişdirmək; onu qorxu ilə itaətə məcbur etmək yox, vicdanla doğruya yönəltmək; onun hər problemini həll etmək yox, problemləri həll etməyi öyrətmək; yalnız uğurlarını alqışlamaq yox, məğlubiyyət qarşısında ayaqda qalmağı da göstərmək. Çünki sabah qarşımızda dayanacaq insanın xarakteri bu gün onunla necə danışdığımızdan, səhvinə necə münasibət göstərdiyimizdən, sərhədləri necə müəyyən etdiyimizdən və ən əsası, onun qarşısında özümüzü necə insan kimi göstərdiyimizdən formalaşır.
Uşağın gələcəyini yalnız onun aldığı təhsil müəyyən etmir. Onun gələcəyini həm də daxilində böyütdüyü dəyərlər müəyyən edir. valideynlər özünə verə biləcəyi ən ciddi sual budur ki, “Mən uşağımı sadəcə böyüdürəm, yoxsa bir gün məndən sonra da doğru yaşaya biləcək bir insan yetişdirirəm?” Bu sualın cavabı bir uşağın deyil, bütöv bir nəslin gələcəyinə təsir edə bilər.
Həsən Nağıyev, filosof