Başqasının kölgəsində itən şəxsiyyət

Başqasının kölgəsində itən şəxsiyyət
09:25
Bəzən cəmiyyətin ən böyük düşüncə problemlərindən biri insanı olduğu kimi görmək qabiliyyətini itirməsidir. Bir insanla qarşılaşırıq, onun düşüncəsini, biliyini, xarakterini, dünyagörüşünü və mənəvi keyfiyyətlərini öyrənməyə çalışmaq əvəzinə, ilk növbədə onun kimlə əlaqəsinin olduğunu, kimin yanında dayandığını, hansı nüfuz sahibinə yaxın olduğunu araşdırırıq. Sanki insanın öz şəxsiyyəti, öz iradəsi, öz düşüncəsi və öz həyat mövqeyi onun kimliyini müəyyənləşdirmək üçün kifayət etmir. Bu yanaşmanın arxasında isə daha dərin bir problem dayanır: biz bəzən insanı müstəqil şəxsiyyət kimi deyil, başqa bir insanın təsir dairəsinin bir hissəsi kimi qəbul etməyə alışmışıq. Əslində, bu sadəcə söz seçimi və ya ünsiyyət vərdişi məsələsi deyil. Bu, insanın mahiyyətinə, azadlığına, ləyaqətinə və cəmiyyətdəki yerinə münasibəti ifadə edən ciddi bir dünyagörüşü problemidir. Çünki insanı başqasının nüfuzu ilə ölçməyə başladığımız anda onun fərdi dəyərini arxa plana keçiririk. Onun hansı biliyə sahib olduğu, nə qədər zəhmət çəkdiyi, hansı mənəvi prinsiplərlə yaşadığı, haqsızlıq qarşısında necə davrandığı deyil, kiminsə himayəsində olub-olmaması əsas meyara çevrilir. Beləliklə, şəxsiyyətin öz mahiyyəti ilə deyil, əlaqələrinin yaratdığı süni nüfuzla qiymətləndirildiyi bir mühit yaranır. Burada çox mühüm bir fərqi anlamaq lazımdır: insanın kimdənsə öyrənməsi, kiməsə hörmət etməsi, müəyyən bir şəxslə əməkdaşlıq qurması tamamilə təbii haldır. Heç bir insan dünyaya bütün biliklərə sahib olaraq gəlmir. Hər birimiz başqalarının təcrübəsindən faydalanır, müəyyən münasibətlər qurur və sosial mühitin təsiri altında inkişaf edirik. Ancaq öyrənmək asılılıq deyil, hörmət şəxsiyyətdən imtina etmək deyil, əməkdaşlıq isə iradəni başqasına təhvil vermək demək deyil. Münasibətlərin sağlamlığı da məhz bu sərhədin qorunmasından asılıdır. Bir insan digərindən güc ala bilər, amma öz iradəsini itirməməlidir; birindən ilham ala bilər, amma onun kölgəsinə çevrilməməlidir. Fəlsəfənin ən mühüm suallarından biri insanın mahiyyətini nəyin müəyyənləşdirməsi ilə bağlıdır: sahib olduğu əlaqələr, arxalandığı nüfuz, tutduğu vəzifə, yoxsa öz daxilində formalaşdırdığı mənəvi və intellektual dünya? Əgər insanın dəyərini onun arxasında dayanan şəxslə müəyyənləşdiririksə, deməli, şəxsiyyətin özünü deyil, onun xarici dayaqlarını qiymətləndiririk. Halbuki insanın əsl böyüklüyü başqasının böyüklüyündən pay almaqda deyil, öz mənəvi və intellektual keyfiyyətləri ilə dəyər qazanmaqdadır. Bu məsələnin fəlsəfi izahını alman filosofu İmmanuel Kantın insan ləyaqəti haqqında düşüncələrində görürük. Kantın etik fəlsəfəsinə görə, insan sadəcə hansısa məqsədə çatmaq üçün istifadə edilən vasitə deyil, özlüyündə dəyər daşıyan bir varlıqdır. Hər bir fərd öz ağlı, vicdanı və mənəvi məsuliyyəti ilə müstəqil subyektdir. Onun maarifçilik çağırışlarından biri olan “Öz ağlından istifadə etməyə cəsarət et!” fikri də insanı hazır düşüncələrin, başqalarının hökmünün və kor-koranə itaətin əsarətindən çıxmağa dəvət edir. Çünki öz ağlından istifadə etməyən, qərarlarını daim başqasının iradəsinə uyğunlaşdıran insan zamanla öz düşüncəsinin məsuliyyətini də başqasına ötürür. Belə bir vəziyyətdə insan zahirən azad görünə bilər, amma daxili dünyasında müstəqilliyini itirmiş olar. Sosial psixologiyada insanın özünü müəyyən qruplarla eyniləşdirməsi, sosial kimlik və qrupa mənsubiyyət ehtiyacı kimi anlayışlar araşdırılır. İnsan özünü müəyyən bir kollektivin üzvü hesab edə, həmin kollektivin uğurlarını öz uğuru, nüfuzunu isə öz nüfuzu kimi qəbul edə bilər. Bu, müəyyən həddə qədər təbii psixoloji ehtiyacdır. Lakin insan öz fərdi dəyərini yalnız mənsub olduğu qrupun gücü ilə ölçməyə başlayanda problem yaranır. O, artıq özünü şəxsi nailiyyətləri ilə deyil, hansısa güclü çevrəyə yaxınlığı ilə təsdiqləməyə çalışır. Belə davranışın arxasında bəzən özünəinam çatışmazlığı, sosial təsdiq ehtiyacı və nüfuz axtarışı dayanır. İnsan öz daxili dəyərinə güvənmədikdə xarici dayaqlara daha çox ehtiyac duyur. Başqasının adını çəkərək özünü təqdim etmək, onunla münasibətini qabartmaq, hansısa şəxsin nüfuzunu özünə aid etmək bəzən daxili güvənsizliyin kompensasiyasına çevrilir. Halbuki sağlam özünəinam başqasının kimliyindən asılı deyil. Özünü tanıyan insan kiminsə adı ilə özünü böyütməyə ehtiyac duymur. O bilir ki, şəxsi dəyər başqasının kölgəsində dayanmaqla deyil, öz davranışları və əməlləri ilə formalaşır.
İnsanların nüfuzlu şəxslərin yanında olmaqla özlərini daha təhlükəsiz və güclü hiss etməsi də psixoloji baxımdan diqqətəlayiqdir. Çünki güc sahibinə yaxınlıq onlara sosial üstünlük, müəyyən imkanlar və müdafiə hissi verə bilər. Lakin bu münasibət tədricən düşüncənin müstəqilliyini zəiflədə bilər. İnsan haqlı olub-olmadığını araşdırmaq əvəzinə, kimin haqlı olduğunu müəyyənləşdirməyə çalışır. Həqiqəti deyil, nüfuzu meyar seçir. Beləliklə, mənəvi prinsipin yerini şəxsi maraq, vicdanın yerini isə itaət tutur. Müxtəlif dövrlərdə sosial təbəqələşmə, feodal münasibətləri, aristokratik himayədarlıq və patronaj sistemləri insanın mövqeyini çox vaxt mənsub olduğu ailə, nəsil və himayədarla əlaqələndirib. Bəzi cəmiyyətlərdə insanın qabiliyyətindən daha çox, hansı ailədə doğulması və hansı nüfuzlu şəxsin himayəsində olması əhəmiyyət daşıyıb. Bu münasibətlərin tarixi formaları dəyişsə də, düşüncə tərzinin bəzi qalıqları müasir cəmiyyətlərdə də müşahidə olunur. Sadəcə, əvvəlki dövrlərin himayədarlıq münasibətləri bu gün bəzən şəxsi əlaqələr, qeyri-rəsmi təsir dairələri və nüfuz şəbəkələri şəklində təzahür edir. Halbuki sivilizasiyanın inkişafı ilə formalaşan mühüm prinsiplərdən biri də insanın mənşəyindən və sosial əlaqələrindən asılı olmayaraq öz bacarığı, biliyi və əməli ilə qiymətləndirilməsidir. Hüquqi dövlətin, bərabər imkanların və meritokratiyanın əsas ideyası da budur: insanın irəli çəkilməsinə onun kimə yaxın olması deyil, nəyi bacarması, hansı nəticələr ortaya qoyması və hansı məsuliyyəti daşıması əsas verməlidir. Əks halda, cəmiyyət istedadı deyil, əlaqəni; zəhməti deyil, himayəni; peşəkarlığı deyil, sədaqət görüntüsünü mükafatlandırmağa başlayar. Belə bir mühitdə istedadlı insanlar öz potensiallarını reallaşdırmaqda çətinlik çəkər, şəxsi əlaqələri üstün tutanlar isə özlərini olduğundan daha əhəmiyyətli hesab edə bilərlər. Quranda insanın dəyəri hansısa dünyəvi nüfuz sahibinə yaxınlığı ilə deyil, onun mənəvi keyfiyyətləri və məsuliyyəti ilə əlaqələndirilir. Hucurat surəsinin 13-cü ayəsində insanların müxtəlif xalqlara və qəbilələrə mənsub yaradılmasının məqsədinin bir-birini tanımaq olduğu bildirilir və üstünlüyün təqva ilə əlaqələndirildiyi vurğulanır. Bu yanaşma insanları mənşəyə, mənsubiyyətə və sosial mövqeyə görə üstün və aşağı hesab etməyin əleyhinə mühüm mənəvi prinsipdir. Nəcm surəsinin 39-cu ayəsində insan üçün yalnız öz əməyinin və səylərinin qarşılığının olduğu bildirilir. Bu ayənin daşıdığı mənəvi mesajı geniş mənada düşündükdə, insanın öz həyatına görə məsuliyyət daşıdığını, şəxsi zəhmətinin və əməllərinin əhəmiyyətini görürük. Heç kimin nüfuzu başqa bir insanın mənəvi məsuliyyətini əvəz edə bilməz. Heç bir dünyəvi yaxınlıq insana avtomatik olaraq ləyaqət qazandırmır. Nisa surəsinin 135-ci ayəsində isə insanlara özlərinin, valideynlərinin və yaxınlarının əleyhinə olsa belə, ədaləti qorumaq çağırışı edilir. Bu, mövzumuzla birbaşa səsləşən olduqca mühüm prinsipdir. Çünki insanın həqiqi müstəqilliyi məhz yaxınlıq münasibətləri ilə ədalət prinsipi toqquşduğu zaman üzə çıxır. Əgər bir insan haqsızlığı yalnız onu edən özünə yaxın şəxs olduğu üçün müdafiə edirsə, deməli, onun üçün ədalət deyil, münasibət daha üstündür. Əsl mənəvi yetkinlik isə insanın özünə yaxın olanın səhvini də səhv adlandıra bilməsidir. Quranda İsra surəsinin 70-ci ayəsində Adəm övladının şərəfli və dəyərli yaradıldığı bildirilir. Bu fikir insan ləyaqətinin fundamental əhəmiyyətini ortaya qoyur. İnsan bir əşya deyil ki, onun üzərində mülkiyyət hüququndan danışaq; o, iradəsi, ağlı, vicdanı və məsuliyyəti olan fərddir. Başqasına hörmət etmək, ondan öyrənmək və onunla əməkdaşlıq etmək mümkündür, lakin bunların heç biri insanın şəxsiyyətini mənimsəmək hüququ yaratmır. Sokratın həyatını xatırlayaq. O, Afina cəmiyyətində mövcud olan düşüncə qəliblərini sorğulayır, insanları öz ağılları ilə düşünməyə çağırırdı. Onun üçün insanın həqiqi dəyəri var-dövlətində, vəzifəsində və ya nüfuzlu şəxslərlə münasibətində deyil, ruhunun və düşüncəsinin keyfiyyətində idi. Sokratın həyatı bir həqiqəti göstərdi: müstəqil düşünmək bəzən insanı cəmiyyətin rahat qəbul etdiyi mövqedən uzaqlaşdıra bilər, lakin öz vicdanına sadiq qalmaq şəxsiyyətin ən mühüm xüsusiyyətlərindəndir. Başqa bir maraqlı tarixi nümunə qədim yunan filosofu Diogendir. Rəvayətə görə, Makedoniyalı İsgəndər onunla görüşərkən hər hansı bir istəyinin olub-olmadığını soruşur. Diogen isə sadəcə günəşinin qarşısından çəkilməsini istəyir. Bu əhvalatın fəlsəfi mənası olduqca düşündürücüdür: dünyanın ən qüdrətli hökmdarlarından birinin qarşısında dayanan filosof özünü onun nüfuzu ilə ölçmürdü. O, öz həyat fəlsəfəsinə, azadlığına və daxili müstəqilliyinə sahib idi. Bu hekayənin bizə verdiyi mesaj budur ki, xarici güc hər zaman daxili böyüklük demək deyil. Bəzən vəzifəsi və sərvəti olmayan insanın mənəvi müstəqilliyi dünyanın ən qüdrətli insanından daha böyük ola bilər. Müasir cəmiyyətlərdə isə bu məsələnin xüsusilə idarəetmə və əmək münasibətlərində ciddi nəticələri görünür. Rəhbərin ətrafında şəxsi sədaqət nümayiş etdirən, onun hər fikrini müdafiə edən və öz mövqeyini onun mövqeyinə uyğunlaşdıran insanlar bəzən daha etibarlı hesab edilir. Halbuki peşəkar mühitdə etibarlılığın əsas meyarı kor-koranə itaət deyil, məsuliyyət, dürüstlük, səriştə və prinsipiallıq olmalıdır. Rəhbərin fikri ilə razılaşmayan, lakin öz mövqeyini əsaslandıran əməkdaş düşmən deyil. Əksinə, belə əməkdaş sağlam idarəetmə üçün böyük dəyər daşıya bilər. Çünki həqiqəti söyləyən insan rəhbərin şəxsi rahatlığını deyil, ümumi işin mənafeyini düşünür. Burada bir məqamı da unutmaq olmaz ki, başqasının nüfuzundan istifadə edən insanla öz nüfuzunu başqasının uğuruna qısqanclıqla yanaşmadan qura bilən insan arasında böyük fərq var. Birincisi başqasının kölgəsində özünə yer axtarır, ikincisi isə öz işığı ilə yol tapır. Birincisi insanların kimə yaxın olduğunu araşdırır, ikincisi onların necə insan olduğunu anlamağa çalışır. Birincisi əlaqələrini sərvət hesab edir, ikincisi biliyini, təcrübəsini, vicdanını və zəhmətini özünün əsas sərvəti sayır. Əslində, insanın müstəqilliyi heç kimə ehtiyac duymamaq deyil. Bu insanın münasibətlər içərisində belə öz şəxsiyyətini qoruyub saxlaya bilməsidir. İnsan rəhbərinə hörmət edə, müəllimindən öyrənə, valideyninin məsləhətinə qulaq asa, dostunun fikrini nəzərə ala bilər. Ancaq bütün bunları edərkən öz düşüncəsini itirməməlidir. Çünki sağlam münasibət insanın iradəsini əlindən almır, onu daha yetkin və məsuliyyətli edir.
Bir insanın kim olduğunu anlamaq istəyiriksə, onun hansı vəzifəli şəxslə münasibət qurduğunu deyil, səlahiyyəti olmayan insanlarla necə davrandığını müşahidə etməliyik. Çünki xarakter çox vaxt insanın güclülərlə münasibətində deyil, özündən zəif hesab etdiyi insanlara münasibətində üzə çıxır. Onun kiminsə qarşısında necə dayandığı qədər, heç kimin qarşısında əyilmədən həqiqəti müdafiə edib-etmədiyi də əhəmiyyətlidir. Başqasının adını çəkərək özünü təqdim etmək asandır, amma heç kimin adının arxasında gizlənmədən öz şəxsiyyətini ortaya qoymaq cəsarət tələb edir. Cəmiyyətin düşüncə mədəniyyəti də məhz burada dəyişməlidir. İnsanları bir-birinə bağlayan münasibətlərə hörmət etməliyik, lakin bu münasibətləri insanın dəyərinin ölçüsünə çevirməməliyik. Heç kəs yalnız hansısa şəxsin tanışı, qohumu, dostu, əməkdaşı və ya himayəsində olan biri kimi qiymətləndirilməməlidir. Hər bir insanın öz adı, öz taleyi, öz düşüncəsi və öz mənəvi məsuliyyəti var. Onu başqa birinin şəxsiyyətinin davamı kimi görmək həm fərdiliyə, həm də insan ləyaqətinə hörmətsizlikdir. Unutmayaq ki, insanın arxasında dayanan şəxsin kimliyi dəyişə bilər, amma insanın öz daxilində formalaşdırdığı keyfiyyətlər onunla qalır. Bu gün yüksək vəzifədə olan bir insan sabah həmin vəzifədə olmaya bilər. Bu gün nüfuzlu hesab edilən münasibətlər sabah öz əhəmiyyətini itirə bilər. Lakin dürüstlük, bilik, ləyaqət, vicdan və xarakter insanın həqiqi mənəvi sərvətidir. Bunları heç kimdən borc almaq mümkün deyil. İnsan ya öz əməlləri ilə qazanır, ya da qazanmır. Mənə görə, insan haqqında verilə biləcək ən doğru suallar onun kiminsə yanında olub-olmaması ilə deyil, necə bir şəxsiyyət olması ilə bağlıdır. O, nə qədər müstəqil düşünür?, Haqsızlıq qarşısında susur, yoxsa mövqeyini bildirir?, Özündən güclü hesab etdiyi insanlarla münasibətində hansı prinsipləri qoruyur?, İmkanı və səlahiyyəti olmayan insanlara necə davranır?, Öz uğurunu başqasının hesabına deyil, hansı zəhmət və bacarıqla əldə edir? Məhz bu suallar insanın həqiqi portretini yaradır. Çünki insanı tanımaq üçün onun arxasında kimin dayandığını öyrənməkdən daha vacib bir yol var: onun daxilində nəyin dayandığını anlamaq. Əgər daxilində vicdan, ağıl, ləyaqət, məsuliyyət və müstəqil düşüncə varsa, heç bir himayəyə ehtiyacı olmadan da öz şəxsiyyətini təsdiq edə bilər. Əgər bunlar yoxdursa, dünyanın ən nüfuzlu insanının yanında dayanması belə onun daxili boşluğunu doldura bilməz. İnsanın şəxsiyyəti başqasının nüfuzuna əlavə edilmiş bir titul deyil. Heç kimin adı digər insanın kimliyini müəyyənləşdirməməli, heç kimin vəzifəsi başqa bir insanın mənəvi üstünlüyünün sübutuna çevrilməməlidir. İnsan öz düşüncəsinin müəllifi, öz qərarlarının məsuliyyət daşıyıcısı, öz əməllərinin sahibidir. Bir insanın arxasında kimin dayanması onun kim olduğunu göstərmir; onun kim olduğunu göstərən, heç kimin arxasında gizlənmədən necə dayana bilməsidir. Cəmiyyət olaraq ən çox dəyişməli olduğumuz düşüncə budur ki, insanları kiminsə adamı kimi deyil, öz adı, öz xarakteri, öz ağlı və öz ləyaqəti olan şəxsiyyətlər kimi tanımağı öyrənməliyik. Çünki insanın böyüklüyü kiminsə kölgəsində nə qədər yer tutması ilə deyil, öz mənəvi ucalığı ilə nə qədər yüksələ bilməsi ilə ölçülür.
Həsən Nağıyev, filosof

Sizin reklam burada
Sizin reklam burada