Suriya niyə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir? - TƏHLİL
Təhlil
23 Dek 2024 09:05
Suriyada 2011-ci ildən başlayan vətəndaş müharibəsi 13 il sonra müxaliflərin qələbəsi ilə başa çatdı. Bununla da, 54 illik Əsəd hakimiyyəti sona çatdı və Suriya xalqı üçün yeni bir səhifə açıldı. Türkiyənin dəstəyini qazanan müxaliflərin hakimiyyətə gəlməsi, regionda Türkiyənin mövqeyini gücləndirməklə yanaşı, Suriyanın yenidənqurma prosesində Türkiyənin aktiv rol oynayacağını da göstərir. Türkiyənin Xarici İşlər Nazirliyinin rəhbərinin Suriyaya səfəri, yeni siyasi qüvvələrə dəstək olmaqla yanaşı, bu ölkənin bərpa prosesində Türkiyənin aparıcı rol oynayacağına işarədir.
Suriyanın yenidənqurma prosesinə Azərbaycanın da aktiv şəkildə cəlb edilməsi vacibdir. Bu baxımdan, yaxın zamanlarda Azərbaycandan Suriyaya rəsmi şəxslərin daxil olduğu bir səfərin reallaşacağı gözlənilir. Uzun illər davam edən müharibə nəticəsində ölkənin iqtisadi infrastrukturu, demək olar ki, tamamilə dağıdılıb və ya ciddi ziyan çəkib. Xüsusilə neft-kimya sektorunun bərpasında Azərbaycan öz təcrübəsi və imkanları ilə Suriyaya yardım göstərə bilər.
Bundan əlavə, azərbaycanlı tikinti şirkətləri post-müharibə dövründə yolların, elektrik şəbəkələrinin və yaşayış obyektlərinin bərpasında iştirak edə bilər. Bu, həm Azərbaycanın regional mövqeyini gücləndirər, həm də ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradardı.
Baş nazir Əli Əsədovun Misirdə keçirilən D-8 zirvəsinin Suriya ilə bağlı panelində çıxışı zamanı Suriya xalqına humanitar dəstək göstəriləcəyini bəyan etməsi də Azərbaycanın bu istiqamətdə atdığı ilk addımlardan biridir. Humanitar yardım çərçivəsində ilkin olaraq 2 milyon dollar ayrılıb. Bununla belə, Azərbaycanın humanizm prinsiplərinə əsaslanaraq bu dəstəyi davamlı şəkildə artıracağını gözləmək olar. Əfqanıstan və Ukraynaya göstərilən yardımlar bu yanaşmanın bir nümunəsidir.
Suriya ilə əlaqələrin genişləndirilməsi və bu ölkənin yenidənqurma prosesində aktiv iştirak Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Bu, həm iqtisadi, həm də diplomatik baxımdan Azərbaycanın mövqelərini gücləndirəcək, eyni zamanda beynəlxalq humanitar və sülhməramlı təşəbbüslərin dəstəklənməsinə töhfə verəcək. Belə bir tarixi fürsətdən yararlanaraq, Azərbaycan regionda və dünyada sabitliyin və inkişafın təminatçısı kimi özünü təsdiq edə bilər.