"Aparılan kampaniyalar nəticəsiz qalacaq" - Aydın Mirzəzadə

"Aparılan kampaniyalar nəticəsiz qalacaq" - Aydın Mirzəzadə
18:40

Azərbaycanın uğurunu qəbul edə bilməyən xarici dairələr ölkənin inkişafına mane ola bilməsələr də, onun nüfuzuna kölgə salmağa çalışırlar. Yalan və böhtan isə artıq Azərbaycana qarşı aparılan kampaniyaların əsas alətlərindən birinə çevrilib.


Bunu News365.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.


O qeyd edib ki, Azərbaycanın əldə etdiyi real nəticələr anti-Azərbaycan dairələrinin maliyyələşdirdiyi xarici mediada öz əksini tapmır.


“Azərbaycan öz suverenliyini bərpa edib, işğaldan azad olunan ərazilərin dövlət hesabına bərpasını həyata keçirir, insanların sosial rifahının yüksəldilməsi istiqamətində addımlar atır. Demokratik hüquqların qorunması, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi kimi məsələlər isə həmin dairələrin maliyyələşdirdiyi media qurumlarının materiallarında demək olar ki, yer almır”, – deyə deputat bildirib.


Aydın Mirzəzadənin sözlərinə görə, bütün cəhdlərə baxmayaraq, Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündə nüfuzdan salmaq mümkün deyil.


“Real Azərbaycan yalnız onların yaydığı yalanlarla ölçülmür. Azərbaycanı olduğu kimi təqdim edən xarici media qurumları, ölkəmizlə əməkdaşlıq etmək istəyən və Azərbaycanın uğurlarını müsbət qiymətləndirən nüfuzlu dairələr də var”, – deyə o vurğulayıb.


Millət vəkili əlavə edib ki, Azərbaycan bundan sonra da xalqın dəstəyi və dövlətin qətiyyətli siyasəti ilə müstəqilliyini və suverenliyini möhkəmləndirəcək.


“Azərbaycan inkişafını davam etdirəcək, mövcud problemləri özü həll edəcək və regionda sülhün, əmin-amanlığın təmin olunmasına öz töhfəsini verəcək. Böhtan və yalan kampaniyaları isə Azərbaycanın əldə etdiyi real nəticələrin qarşısında təsirsiz qalacaq”, – deyə Aydın Mirzəzadə qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada