Ermənistanda son dövrlər bir sıra keçmiş hakimiyyət nümayəndələri və müxtəlif siyasi qruplarla bağlı cinayət işlərinin başlanması həm daxili siyasi proseslər, həm də ölkənin xarici siyasət istiqamətləri baxımından diqqət çəkir.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli News365.az-a açıqlamasında bildirib ki, həmin şəxslərin Ermənistan ərazisində törətdikləri iddia olunan müxtəlif cinayətlər, o cümlədən korrupsiya faktları ilə bağlı həm rəsmi dairələr, həm də Ermənistan mediası tərəfindən mütəmadi məlumatlar yayılır.

Onun sözlərinə görə, bu prosesin mühüm hissəsi Ermənistanın daxili siyasi vəziyyəti ilə bağlıdır:
“Burada, təbii ki, həmin şəxslər törətdikləri konkret cinayətlərə görə məsuliyyətə cəlb olunurlar. Bununla paralel olaraq nəzərə alsaq ki, Paşinyan hakimiyyəti üçün əsas təhlükə yaradan amillərdən biri ənənəvi və revansist ritorikanın davam etdirilməsi, həmin şəxslərin ətrafında formalaşmış qruplar, eləcə də onların xarici dairələrin maraqlarını ifadə etməsi ilə bağlıdır, bütün bunlar Nikol Paşinyanın Ermənistan daxilində həyata keçirməyə çalışdığı siyasətə mane olan faktorlar kimi qiymətləndirilə bilər”.
Deputat hesab edir ki, bu proses davam edəcək. Onun fikrincə, Paşinyan hakimiyyətinin qarşısında bu istiqamətdə fərqli alternativlər də yoxdur.
“Mahiyyət etibarilə, əgər bu gün Paşinyanın hədəflərinin nədən ibarət olduğuna diqqət yetirsək, görərik ki, söhbət keçmiş hakimiyyət nümayəndələrindən və faktiki olaraq Ermənistanı müəyyən qüvvələrlə bağlamaq istiqamətində siyasət yürüdən, eyni zamanda ölkə daxilində öz fikirlərini və fəaliyyətlərini həyata keçirən şəxslərdən gedir. Onların neytrallaşdırılması istiqamətində də müvafiq tədbirlər görülür”, – deyə Elçin Mirzəbəyli vurğulayıb.
O bildirib ki, baş verənləri həm Ermənistanın daxili siyasətinə hesablanmış addımlar, həm də xarici siyasət kontekstində qiymətləndirmək mümkündür.
“Bu şəxslərin mövcudluğu təkcə Ermənistanın daxili siyasi proseslərinə deyil, eyni zamanda bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına da müəyyən dərəcədə təsir göstərir”, – deyə deputat əlavə edib.