Sentyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.
News365.az xəbər verir ki, daxil olan məlumata əsasən, hücum nəticəsində gəminin kapitanı, 1974-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Rüstəm İsmayıl oğlu Həsənov həlak olub.
Digər Azərbaycan vətəndaşı, 2002-ci il təvəllüdlü Məhəmməd Həmzə oğlu Süleymanzadə isə itkin düşüb. Hazırda onun tapılması istiqamətində müvafiq axtarış tədbirləri həyata keçirilir.
Bildirilib ki, gəmi heyətində olan digər Azərbaycan vətəndaşları xilas edilib. Onlardan 3 nəfəri müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır.
Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, həlak olan şəxslərin cənazələrinin Azərbaycana gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür.
XİN həlak olan Azərbaycan vətəndaşlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Nazirlik bir daha Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, eləcə də belə ərazilərdən keçən riskli marşrutlarda, xüsusilə gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb.