“Müəllim mütaliə etmirsə, şagirddə bu bacarığı formalaşdıra bilməz” – Etibar Əliyev

“Müəllim mütaliə etmirsə, şagirddə bu bacarığı formalaşdıra bilməz” – Etibar Əliyev
12:39

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür.

Təhsil eksperti Etibar Əliyev bu münasibətlə müəllim peşəsinin əhəmiyyəti, mütaliənin təhsildə rolu və şagirdlərdə oxumaq həvəsinin formalaşdırılması barədə fikirlərini bölüşüb.

Ekspert qeyd edib ki, müəllimin əsas vəzifəsi yalnız şagirdə məlumat ötürmək deyil, onda öyrənmək və inkişaf etmək həvəsi yaratmaqdır.

“Yalnız iki müəllim tipi var: mümkün olandan daha çox öyrədən müəllim və heç nə öyrətməyən müəllim”, – deyə Etibar Əliyev məşhur ingilis yazıçısı Semuel Batlerin fikrini xatırladıb.

O, Mirzə Ələkbər Sabirin yaradıcılığından nümunə gətirərək Azərbaycanda övladının təhsilinə lazımi əhəmiyyət verməyən insanların hələ də olduğunu bildirib.

Etibar Əliyevin sözlərinə görə, təhsil insanın həyatında yalnız məktəb illəri ilə məhdudlaşmamalı, fasiləsiz şəkildə davam etməlidir. O, amerikalı filosof və pedaqoq Con Dyuinin təhsil yanaşmasına diqqət çəkərək məktəbin əsas vəzifəsinin uşağın yaddaşını məlumatlarla doldurmaq deyil, onun bacarıq və istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək olduğunu vurğulayıb.

Ekspert mütaliənin insanın inkişafında xüsusi rol oynadığını qeyd edib. Onun fikrincə, uşaqlarda kitaba marağın formalaşmasında müəllimlərlə yanaşı, valideynlərin və məktəb kitabxanalarının da böyük rolu var.

O, Ziqmund Freydin avtobioqrafiyasından nümunə gətirib. Bildirib ki, Freyd uşaq yaşlarından Şekspir və Servantes kimi böyük yazıçıları oxuyub, bunun üçün müxtəlif dilləri öyrənib.

“Digər nəhəng şəxsiyyətlərin bioqrafiyasından məlum olur ki, onlar uşaq yaşlarından mütaliəyə böyük maraq göstəriblər. Bu həvəsi isə onlarda müəllimləri və valideynləri yaradıb”, – deyə Etibar Əliyev bildirib.

Ekspert hesab edir ki, müəllimin özünün mütaliə etməsi və yazı bacarığının olması şagirdlərə bu vərdişlərin aşılanması baxımından vacibdir.

“Uşaqlarda oxumaq və yazmaq bacarıqlarını, kitaba marağı savadlı müəllimlər, məktəb kitabxanaları və valideynlərin kitabxanası formalaşdırmalıdır. Əgər müəllim mütaliə etmirsə və esse yaza bilmirsə, şagirdində bu bacarıqları formalaşdıra bilməz.

Ən yaxşı müəllim mötəbər biliklərin yerini şagird və tələbələrinə göstərməli və onu izah etməyi bacarmalıdır”, – deyə Etibar Əliyev vurğulayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada