Şahmar Mövsümov Prezidentin qanunu geri qaytarmasının SƏBƏBİNİ AÇIQLADI

Şahmar Mövsümov Prezidentin qanunu geri qaytarmasının SƏBƏBİNİ AÇIQLADI
12:48

“Milli Məclis tərəfindən qəbul olunmuş, “Rəqəmsal texnologiyalar sahəsi subyektləri üçün bir sıra güzəşt və imtiyazlar” nəzərdə tutan 453 nömrəli Qanun Azərbaycan Prezidenti tərəfindən Konstitusiyanın 110-cu maddəsinə uyğun olaraq Milli Məclisə geri qaytarılıb”.

News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Prezidentin etirazı ilə qaytarılmış “Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” 2026-cı il 14 iyul tarixli 453-VIIQD nömrəli qanunun müzakirəsi zamanı deyib.

O bildirib ki, 2026-cı il 14 iyul tarixində Milli Məclis tərəfindən qəbul olunmuş, rəqəmsal texnologiyalar sahəsi subyektləri üçün bir sıra güzəşt və imtiyazlar nəzərdə tutan qanun Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq Milli Məclisə geri qaytarılıb: “Bu müddət ərzində həmin qanun aidiyyəti dövlət orqanları ilə birlikdə təkrar müzakirə olunub və təkmilləşdirilərək Milli Məclisin müzakirəsinə təqdim edilib. Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizmlərinin dəqiqləşdirilməsinə imkan yaradıb.

Təqdim olunan layihə məhz bu çağırışa cavab verməyə yönəlib. Layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və sosial güzəştlərlə məhdudlaşmır. O, rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrini vahid təşviq yanaşmasında birləşdirir və innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir. Qanunun müzakirəsi, həmçinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində də keçirilib və komitənin müvafiq rəyi hazırlanıb. Qanunun təkmilləşdirilmiş redaksiyası tərəfimizdən dəstəklənir və hörmətli millət vəkillərini bu redaksiyanı dəstəkləməyə çağırıram”.


Sizin reklam burada
Sizin reklam burada