“Qocalar evi”nin sakini kömək istəyir: “4 gündür mədə qanaxmasından əziyyət çəkirəm”

“Qocalar evi”nin sakini kömək istəyir: “4 gündür mədə qanaxmasından əziyyət çəkirəm”
22:46

“Qocalar evi”nin sakini Ağayev Ələsgər Abdullah oğlu tibbi yardım ala bilmədiyini iddia edir.

O, ürəkdöyünmə və halsızlıq şikayətləri ilə həkimə müraciət etdiyini, müayinələr zamanı ürək qapağında problem və qan analizində hemoqlobinin ciddi şəkildə aşağı olduğu müəyyənləşdirildiyini bildirib.

Onun sözlərinə görə, sonradan mədəsində daxili qanaxma və ciddi xora aşkarlanıb. Həkimlər əvvəlcə mədə qanaxmasının müalicə edilməli olduğunu bildiriblər. Ona 10 günlük müalicə, o cümlədən gündə iki dəfə vena daxili damcı təyin edilib.

Ağayev Ələsgər Abdullah oğlu hazırda “Qocalar evi”ndə qaldığını və 4 gündür mədə qanaxmasından əziyyət çəkdiyini deyir. Onun iddiasına görə, müəssisədə həkim və tibb bacıları olmasına baxmayaraq, lazımi tibbi yardım göstərilmir.

Şikayətçi bildirir ki, tibb personalı bəzi müalicələri həyata keçirmək üçün lazımi səlahiyyət və avadanlıqlarının olmadığını deyib.

O, məsələ ilə bağlı “DOST xidməti”nə və Səhiyyə Nazirliyinə də müraciət etdiyini bildirib. İddiasına görə, “DOST xidməti”ndən Səhiyyə Nazirliyinə müraciət etməsi tövsiyə olunub, nazirlikdən isə “Qocalar evi”nin onların səlahiyyətində olmadığı bildirilib.

Ağayev Ələsgər Abdullah oğlu pensiyasının dərman və müalicə xərclərini qarşılamağa kifayət etmədiyini deyərək aidiyyəti qurumlardan kömək istəyib.

O, yaşlı insanlara qarşı daha humanist münasibət göstərilməsini və tibbi yardımın təmin olunmasını xahiş edib.



Sizin reklam burada
Sizin reklam burada