Rusiyada taun təhlükəsi, qonşu ölkələr sərhədlərdə nəzarəti gücləndirdi

Rusiyada taun təhlükəsi, qonşu ölkələr sərhədlərdə nəzarəti gücləndirdi
09:24

Rusiyanın İrkutsk vilayətində Taun Əleyhinə İnstitutun 28 yaşlı əməkdaşının ölümündən sonra Qırğızıstan, Qazaxıstan və Özbəkistan qabaqlayıcı tədbirlər görüb.

News365.az xəbər verir ki, Qırğızıstan Səhiyyə Nazirliyi dövlət sərhədindəki bütün sanitar-karantin məntəqələrinin gücləndirilmiş iş rejiminə keçirildiyini açıqlayıb. Sərhəddən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində nəzarət artırılıb.

Qazaxıstan Səhiyyə Nazirliyi də İrkutsk vilayətində xüsusilə təhlükəli infeksiyaya şübhə ilə bağlı məlumatları izlədiyini bildirib. Nazirliyin açıqlamasına görə, sərhəd-keçid məntəqələrində sanitar-karantin nəzarəti aparılır. Yoxlamalar zamanı yüksək hərarəti, xəstəlik əlamətləri və ya xüsusilə təhlükəli infeksiyaya şübhəsi olan şəxslər aşkarlanmayıb.

Özbəkistan da sərhədlərdə sanitar nəzarəti gücləndirib və epidemioloji xidmətlərin hazırlıq səviyyəsini artırıb.

Hadisə oktyabrın əvvəlində İrkutsk vilayətinin Şelexov şəhərində baş verib. Taun Əleyhinə İnstitutun 28 yaşlı əməkdaşı Darya Şipilova Şelexov rayon xəstəxanasında vəfat edib. Media məlumatlarında onun taun törədicisi olan sınaq şüşəsini sındırdığı iddia olunur. 

Mərhumla təmasda olan 197 nəfər tibbi müşahidəyə götürülüb. Rəsmi məlumatlara görə, onlarda xəstəlik əlamətləri aşkarlanmayıb, laborator müayinələrin nəticələri mənfi olub. Xəstəxanada epidemiya əleyhinə tədbirlər həyata keçirilir.

“Sibir.Realii”nin mənbələrinə istinadən yaydığı məlumata görə, institutun 60-dan çox əməkdaşı da müəssisənin binasında təcrid edilib.

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti — “Rospotrebnadzor” oktyabrın 4-də İrkutsk vilayətində, İrkutsk və Şelexov şəhərlərində sanitar-epidemioloji vəziyyətin sabit olduğunu, taun hallarının qeydə alınmadığını açıqlayıb. Şipilovanın ölüm səbəbi “etiologiyası müəyyən edilməmiş pnevmoniya” kimi göstərilib.

Oktyabrın 5-nə olan məlumata görə, epidemioloji araşdırma davam edir. Yekun diaqnoz rəsmi təsdiqlənməyib, mümkün yoluxmanın mənbəyi və şəraiti araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada