"Azərbaycana qarşı informasiya hücumu artıq real hücum kimi dəyərləndirilir" - Əhməd Əlili

"Azərbaycana qarşı informasiya hücumu artıq real hücum kimi dəyərləndirilir" - Əhməd Əlili
18:38

Azərbaycan üçün informasiya hücumu ilə real hərbi hücum arasındakı fərq artıq minimuma enib. Çünki media üzərindən yayılan bəzi məlumatlar sonradan real təhlükəyə çevrilə bilər.


Bunu News365.az-a açıqlamasında politoloq Əhməd Əlili bildirib.


O qeyd edib ki, xüsusilə Azərbaycanı hansısa ölkə üçün potensial hədəf kimi göstərən, naməlum mənbələrə əsaslanan məlumatlar Bakının ciddi və operativ reaksiyasına səbəb olur.


Politoloqun sözlərinə görə, son dövrlərdə Azərbaycana qarşı informasiya müstəvisində baş verən proseslərə məhz real təhlükə prizmasından yanaşılır:


“Biz bunu yaxın zamanda da gördük. Azərbaycana qarşı məhkəmə işi başladıldı. Söhbət Azərbaycanın ərazisindən İrana qarşı istifadə olunması ilə bağlı etibarlı mənbəyə əsaslanmadan, naməlum mənbəyə istinadla yayılan materialdan gedirdi. Bu kontekstdə Azərbaycan üçün informasiya hücumu ilə İrandakı səfirliyinə qarşı hücum, İran tərəfindən Azərbaycanın ərazisinə yönələn hücum və yaxud Azərbaycan ərazisinin Rusiya tərəfindən vurulması arasında ciddi fərq yoxdur. Azərbaycana qarşı informasiya hücumu real hücum kimi dəyərləndirilir və buna müvafiq cavab verilir”.


Əhməd Əlili vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi və ətrafındakı dövlətlərin ərazi baxımından daha böyük olması da bu yanaşmanı şərtləndirir.


“Azərbaycan ərazicə böyük dövlət kateqoriyasına aid deyil. Azərbaycanın beş qonşusundan Türkiyə, İran və Rusiya ərazi baxımından Azərbaycandan qat-qat böyükdür. Ona görə də belə ölkələrlə əhatələnmiş dövlətin siyasətinin əsas elementlərindən biri ona qarşı yönələn istənilən hücuma qarşı vaxtında, kəskin və adekvat reaksiya verməkdir”, – deyə politoloq bildirib.


O əlavə edib ki, BBC, CNN, “The Independent” və digər beynəlxalq media qurumlarında Azərbaycanla bağlı yayılan məlumatlar da bu baxımdan diqqətlə izlənilir.


“Azərbaycan müəyyən hallarda informasiya hücumlarının gələcəkdə real hücuma çevrilməsi təhlükəsini görür və buna uyğun addımlar atır. Yəni hazırda yanaşma bundan ibarətdir ki, informasiya müstəvisində baş verən proseslər də milli təhlükəsizlik kontekstində qiymətləndirilməlidir”, – deyə Əhməd Əlili qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada