Yaşamadığım uşaqlıq- Tural İrfan yazır

Yaşamadığım uşaqlıq- Tural İrfan yazır
09:18
Birinci sinif müəlliməmin adı Sevgi idi... Daha doğrusu, Lübov İsmailovna... 3 nömrəli rus məktəbində... Çox mehriban, istiqanlı, mədəni, həyalı insan idi. Adına yaraşırdı. Yaşayırsa uzun ömür diləyirəm. Bizi sevdi və sevməyi öyrətdi... Vətəni, ananı, milləti, torpağı, elmi, təhsili, düzlüyü, ədaləti sevməyi...
Müharibə illərinə təvafüq edən qanlı illərdi. Məktəbə getdiyim küçələrdən OMONUN BMP-ləri şütüyür, gecələr isə başımızın üstündən erməni Qradlarının pərakəndə mərmiləri ötüşürdü. Hələ Milli Ordunun formalaşmadığı zamanlar olduğu üçün əhali özü öz torpaqlarını qoruyurdu. Cəfərlinin üstündə Qrad Yaşar dəmir borulardan Qrad qurğusuna oxşar silah düzəltmişdi. Gecələr onu işə salanda qəribə vahiməli səs dağlara yayılır, əcaib əks-səda verirdi. Qrad Maqsud da Gəncədən, Yevlaxdan mərmi gətirib "Qrad" qurğuları düzəltdirib yük avtomobillərinin üstünə bərkitmişdi. Əsasən Qazaxın indi azadlığına qovuşan dağ kəndlərini qorumağa çalışır, mümkün qədər düşmənin irəliləməsinin qarşısını alırdı. Əldəqayırma silah olduğu üçün atılanda çox dəhşətli və vahiməli səs çıxarırdı. Bəlkə də düşmən elə bu səsdən daha çox xoflanırdı.
"Çinarın dibi" ilə "Gilliyin binaları"na gedən yolda yeni açılmış "Komissionnu" mağazalar, üstünə "Kafe" yazılmış pavilyonlar vardı. Bu pavilyonlardan gah Aşıq Ədalətin sazının, gah da Qazaxlı Mahmudun gitarasının "exo" su yayılırdı Ağstafa çayının köhnə körpüsü uzunu...
Sənətçilər əhalini ruhlandırır, döyüşə həvəsləndirirdilər. Şəhərin ovqatını təlx olmağa qoymurdular. Məktəbdən qayıdanda ayaq saxlayıb arada onların ifalarına qulaq asıb tamaşa edərdik... Az keçmədi ki, gənc Mahmudun gitarası susdu. Müəmmalı şəkildə qətlə yetirildi. Vuran-tutan güləşçi, idmançı oğlanlar vardı, onların da bəzilərini hərbçilərə yardım apararkən, bəzilərini də cəbhədə şəhid etdilər... Ruhları şad olsun!
Döyüş, rayonun ermənilərlə sərhəd olan yüksəkliklərindəki kəndlərdə daha qızğın gedirdi. O kəndlər Ermənistana şəhər mərkəzindən daha yaxındı, hətta sərhəddə yerləşirdi, bir neçəsi isə anklav idi.
Əhali dirəşirdi, heç kəs kəndləri tərk etmirdi. Lakin anklav kəndlər işğal olunduqdan sonra təxribatçılar şaiyələr yayırdılar ki, guya aşağı kəndlər də işğal oluna bilər, ona görə camaat çıxmalıdır. Lakin Xalq yazıçısı, el ağsaqqalı rəhmətlik İsmayıl Şıxlı rayona gəlib əsla kəndləri boşaltmamağı, təxribatlara uymamamağı, əliyalın da olsa düşmənə müqavimət göstərməyi nəsihət etmişdi. Belə olduqda dağ və sərhəd kəndlərdən aşağı, şəhərə enmiş ailələr də geri, sərhəd kəndlərə qayıtdı və daha da mətinləşdi. Bəli, atam məni də həmin şəhər məktəbindən çıxarıb nənəmin yanına, məhz sərhədə, savaşa yaxın kənd məktəbinə köçürdü. Təbii ki, özü rayon mərkəzində işlədiyi üçün şəhərdə qalırdıq, lakin 80 yaşlı nənəm kənddə idi. Yabanın uclarını itilədib qapının arxasına söykəmiş, baltanı da itilədib taxtının altına qoymuşdu. Heç yerə getməyəcəyini, kənd işğal olunarsa yaba və balta ilə düşmənə müqavimət göstərəcəyini deyirdi.
Kəndə köçdük. Bu dəfə Qrad yağışı daha dəhşətli yağırdı. Xüsusən gecələr dağ kəndlərinin üstündən rayon mərkəzinə intensiv top, Qrad hücumları başlayırdı. Mərminin atılması ilə düşməsi arasında getdikcə artan tükürpədici səs dalğası yayılırdı. Bu zaman kəsiyi bəzən 1 dəqiqəyə yaxın çəkirdi. Yaxınlaşan səs mərminin üstümüzə düşəcəyini güman etməyə əsas verirdi. Lakin ötüb başqa yerə düşdükdən sonra nisbi aramlıq yaranırdı.
Yaxın Lələ kənddə 40 nəfərə yaxın əsgər və zabitimizin şəhid olduğu döyüşü yaxınlıqdakı təpədən canlı izləmişəm. (Ermənistanın Tavuş rayonunun Vazaşen kəndi). Uşaq yaddaşımda böyük iz qoyub. Mənzərəni xatırladıqda o dövrdən bəri qəhər məni boğur. İndi də qəhər içində yazıram. Ondan sonra mən heç bir döyüş, savaş filminə baxmıram. O filmlər mənə cizgi filmi kimi gəlir. 4 saata yaxın döyüş getdi. Əvvəlcə ağ, sonra kənddən qara duman qalxdı. Dağətəyi kənddə düşmən nər kimi igidləri mühasirəyə salmışdı. Mərmi səsinə qarışmış nərə səsləri hələ də qulağımdadır. Son nəfəsə kimi ölümünə döyüşdülər. Səhv etmirəmsə bircə nəfər salamat çıxmışdı... 29 dekabr 1992-ci il idi. Keçirilən bu çətin əməliyyat zamanı ordumuzun 31 əsgəri mənfur düşmən əlinə keçməmək üçün axırda özlərini partladaraq qəhrəmancasına şəhid oldular. Şəhidlərimizin nəşləri 42 günlük gərgin danışıqlardan sonra çətinliklə geri alındı və 11 fevral 1993-cü ildə Qazaxda dəfn olundu. Bu qəhrəmanlıq tarixi xalq arasında "Lələkənd əməliyyatı" kimi yad edilir.
Beləcə Lübov - Sevgi müəllimənin isti sevgisi qanlı müharibələrə qarışdı. Güllə gilizlərindən təsbeh düzəltdiyimiz o uzun və acı xatirələri heç zaman xatırlamaq istəmirəm. Yazsam böyük həcmli roman olar. Ancaq yaza da bilmirəm. Çox ağırdır...
Uşaqlıq yaşamadıq. Qanlı müharibələr apardı uşaqlığımızı. Cavanlıq, gənclik də yaşamadıq...
Sadəcə müəllimlər günü olduğu üçün Sevgi adlı ilk müəlliməmi xatırladım...
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada