Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər.
News365.az Editor.az-a istinadla xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı əmr imzalayıb.
Elm və Təhsil Nazirliyi tərəfindən təltif olunan təhsil işçiləri arasında bir sıra adlar diqqət çəkir. Bu adlardan biri də Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyevadır. A.Balakişiyeva “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
Editor.az xatırladır ki, Arifə Balakişiyevanın adı son illərdə mediada və sosial şəbəkələrdə bir sıra qalmaqallı məsələlərlə bağlı hallanıb.
Məsələn, 2025-ci ilin aprelində mediada onun rəhbərlik etdiyi məktəbdə bir şagirdin direktor tərəfindən döyüldüyü barədə valideynin iddiası yayılıb. Valideyn həmçinin şikayətini geri götürməsi üçün ona təzyiq göstərildiyini iddia edib. Abşeron-Xızı Regional Təhsil İdarəsi isə apardığı araşdırma nəticəsində fiziki zorakılıq faktının təsdiqlənmədiyini açıqlayıb. Abşeron Rayon Prokurorluğunda aparılan araşdırmada da cinayət hadisəsinin müəyyən edilmədiyi bildirilib.
Arifə Balakişiyevanın adı 2025-ci ildə oğlu üçün təşkil etdiyi dəbdəbəli toy mərasimi ilə də gündəmə gəlib. Onun oğlunun toyu Bakıdakı “Meridian Park Luxury” restoranında keçirilib. Toy mərasimində tanınmış müğənnilər Aygün Kazımova və Röya Ayxan, həmçinin Murad Arif iştirak edib. Toyun keçirilməsi və mərasimdə tanınmış sənətçilərin iştirakı faktı mediada geniş işıqlandırılıb.
Məhz həmin dövrdə bəzi valideynlərin məktəbdə direktor tərəfindən müxtəlif məqsədlərlə pul tələb edilməsi barədə şikayətləri də mediada yayımlanıb. Həmin şikayətlərdən birində valideynlər direktorun oğluna bahalı toy etdiyini bildirərək, tələb olunan pulların toy xərcləri ilə əlaqəli ola biləcəyini iddia ediblər. Bu hissənin isə valideynlərin səsləndirdiyi iddia olduğu ayrıca qeyd olunmalıdır.
Bundan başqa, Arifə Balakişiyevanın adı xarici səfərlə bağlı yayılan məlumatlarda da diqqət çəkib. Belə ki, mediada onun Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri və digər məktəb direktoru ilə birlikdə İtaliyanın Siciliya adalarında istirahətdə olması barədə məlumat yayılıb. Bu məlumat da həmin dövrdə mediada müzakirə olunan məsələlərdən biri olub.
Bütün bunların fonunda Arifə Balakişiyevanın təhsilin inkişafında xidmətləri olan şəxslər sırasında yer alması və fəxri fərmanla təltif edilməsi diqqət çəkir.