Mertsin Kiyev səfəri nələri dəyişir? – Politoloqdan diqqətçəkən açıqlama

Mertsin Kiyev səfəri nələri dəyişir? – Politoloqdan diqqətçəkən açıqlama
10:43

Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzvlüyü Kiyevin gündəliyində əsas məsələlərdən biri olaraq qalır. Xüsusilə müharibə fonunda Ukrayna Aİ daxilində qərarların qəbulunda daha fəal rol almağa və səsvermə hüququ əldə etməyə çalışır.

Politoloq Murad Sadəddinov News365.az-a açıqlamasında bildirib ki, Ukraynanın tamhüquqlu üzvlük tələbinin əsas səbəblərindən biri Aİ-də qərarların qəbulunda üzv dövlətlərin mövqeyinin mühüm rol oynamasıdır.


Onun sözlərinə görə, Ukraynaya yardımla bağlı məsələlərdə də ayrı-ayrı üzv ölkələrin mövqelərinin Aİ-nin ümumi siyasətinə təsir etdiyi müşahidə olunub:

“Ukrayna üçün vacib amillərdən biri Avropa İttifaqının tamhüquqlu üzvü olmaqdır. Aİ-yə daxil olduqdan sonra səsvermə hüququ əldə etmək ən mühüm məsələlərdən biridir. Çünki Avropa İttifaqında bir ölkənin mövqeyi müəyyən hallarda ümumi qərarlara təsir göstərə bilir. Biz bunu Ukraynaya yardımla bağlı məsələlərdə, xüsusilə Macarıstanın mövqeyində dəfələrlə görmüşük”.

Politoloq hesab edir ki, müharibədən sonra Ukraynanın tamhüquqlu üzvlük məsələsini daha qəti şəkildə gündəmə gətirməsi gözləniləndir.

“Bu qədər problemlərdən keçdikdən sonra, əlbəttə, Ukrayna tərəfi və onun prezidenti ölkənin tamhüquqlu üzv olmasını tələb edəcək. Çünki Ukrayna hesab edir ki, müharibə yalnız onun ərazisində getmir, eyni zamanda Avropanın təhlükəsizliyinə də birbaşa təsir göstərir. Bu baxımdan Kiyev mövcud imkanlardan istifadə edərək tamhüquqlu üzvlük tələb etmək hüququna malikdir”, - deyə Sadəddinov vurğulayıb.

Politoloq Almaniyanın Ukraynaya artan dəstəyinin Rusiya ilə münasibətlərə də təsir etdiyini bildirib. O qeyd edib ki, Berlinin son addımları, xüsusilə Almaniya kansleri Fridrix Mertsin Kiyevə səfəri Moskvanın narazılığına səbəb olan amillərdəndir.

“İlk növbədə Rusiya Mertsin Ukraynaya getməsini istəmirdi. Bununla bağlı müxtəlif açıqlamalar da verilmişdi. Buna baxmayaraq, Merts Kiyevə gəldi. Həmin gün onun Kiyevdə olduğu vaxt şəhərin atəşə tutulması da baş verdi”, - deyə politoloq bildirib.

Sadəddinovun sözlərinə görə, Mertsin səfərinin Rusiya baxımından əsas əhəmiyyəti Almaniyanın iqtisadi və siyasi çəkisi ilə bağlıdır.

“Almaniya dünyanın dördüncü iqtisadiyyatıdır. Ölkənin ümumi daxili məhsulu təxminən 5 trilyon dollardır və bu göstərici Rusiyanın iqtisadiyyatından təxminən iki dəfə çoxdur. Belə bir dövlətin rəhbərinin Kiyevə səfər etməsi, Ukrayna ilə 15-ə yaxın sazişin imzalanması, təxminən 8,5 milyardlıq razılaşmaların əldə olunması və hərbi-sənaye kompleksi sahəsində əməkdaşlığın genişləndirilməsi Rusiya üçün ciddi amildir”, - deyə politoloq əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada