Azərbaycanın bəzi rayonlarında qız uşaqlarının sünnət edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlara rast gəlinir. Bəlkə də bəzilərinizə qəribə və hətta inanılmaz gələ bilər: qadının sünnət edilməsi nə deməkdir? Söhbət qadın cinsiyyət orqanının bir hissəsi olan klitorun kəsilməsindən gedir. Bu müdaxilənin əsaslandırılması üçün müxtəlif səbəblər irəli sürülür. İddia olunur ki, qız uşağı həddi-büluğa çatdıqda cinsi həzz almasın, gələcəkdə ailə həyatı qurarkən yalnız həyat yoldaşına bağlı olsun və başqa kişilərə qarşı ehtiras hiss etməsin. Bu məsələnin tibbi tərəfini araşdırsanız görərsiniz ki, qadın sünnəti kimi tanınan bu müdaxilə tibbdə qadın cinsiyyət orqanlarının kəsilməsi (FGM) adlanır və sağlamlığa heç bir faydası yoxdur. Əksinə, qadının fiziki və psixoloji sağlamlığına ciddi zərər vura bilər.
Mənim üçün də anlaşılmaz olan əsas məsələ budur ki, bir qız uşağının öz razılığı olmadan, özü haqqında qərar vermək imkanına belə sahib olmadığı yaşda onun bədəninə niyə belə bir müdaxilə edilməlidir?, Biz hansı dövrdə yaşayırıq?, Qız uşağı dünyaya gətirmək o deməkdirmi ki, valideyn onun bədəni və gələcək həyatı üzərində istədiyi qərarı vermək hüququna malikdir?, Doğrudanmı, bir qız uşağının klitoru kəsilməsə, gələcəkdə mütləq əxlaqsızlıq edəcək?, İnsan sədaqətini, vicdanını və əxlaqını bədəninin hər hansı bir orqanına müdaxilə etməklə təmin etmək mümkündürmü? Əxlaq bədənin hansısa hissəsinin kəsilməsi ilə yaranmır. Sədaqət qorxu və fiziki müdaxilə ilə formalaşmır. İnsanın xarakteri, dünyagörüşü, tərbiyəsi, vicdanı və şəxsi seçimləri ilə bağlıdır. Əgər insanın əxlaqı yoxdursa, onun qadın və ya kişi olmasının da fərqi yoxdur. Mənəvi dəyərləri fiziki müdaxilə ilə yaratmaq mümkün deyil. Ən əsası, qız uşaqlarının bədəni üzərində belə bir qərar vermək nə dərəcədə insani, vicdani və ədalətlidir? Uşağın hüququnu, sağlamlığını və gələcəyini qorumaq valideynin borcudur, onun bədəninə geri dönməz müdaxilə etmək deyil.
Bu məsələ yalnız tibbin, biologiyanın və ya müəyyən bir adətin müzakirəsi ilə məhdudlaşmamalıdır. Burada daha böyük və daha ciddi bir problem dayanır: insanın insan üzərində hakimiyyət qurmaq istəyi. Xüsusilə də qadının bədəninə, seçimlərinə və gələcəyinə başqalarının qərar vermək hüququna malik olduğunu düşünən yanaşma. Bu düşüncə tərzi qadını müstəqil şəxsiyyət kimi deyil, nəzarət edilməli, istiqamətləndirilməli və müəyyən qəliblərə salınmalı bir varlıq kimi görür. Halbuki qadın da kişi kimi öz düşüncəsi, iradəsi, hissləri, arzuları, hüquqları və məsuliyyəti olan insandır. Onun bədəni kiminsə namus, sədaqət və əxlaq anlayışını təsdiqləmək üçün istifadə edilə biləcək bir vasitə deyil. Qadın cinsiyyət orqanlarının kəsilməsi beynəlxalq tibbi ədəbiyyatda FGM adlandırılır. Bu anlayış tibbi zərurət olmadan qadın cinsiyyət orqanlarının müəyyən hissələrinin kəsilməsini və ya digər zərərli müdaxilələri əhatə edir. Ümumdünya Səhiyyə Təşkilatının mövqeyi birmənalıdır: bu praktikanın heç bir tibbi faydası yoxdur. Əksinə onun nəticələri qadının fiziki və psixoloji sağlamlığı üçün ciddi təhlükələr yarada bilər. Xroniki ağrılar, infeksiyalar, sidik və menstruasiya problemləri, cinsi və reproduktiv sağlamlıqla bağlı çətinliklər, doğuş zamanı ağırlaşmalar və psixoloji travmalar bu müdaxilənin mümkün nəticələri arasındadır. 2025-ci ildə açıqlanan beynəlxalq məlumatlara görə, dünyada 230 milyondan çox qız və qadın bu təcrübəyə məruz qalıb. Bu rəqəmin arxasında milyonlarla insanın şəxsi həyatı, sağlamlığı və yaşamaq təcrübəsi dayanır. Hər bir rəqəm bir insanın hekayəsidir və həmin hekayələrin heç biri sadəcə statistika kimi qiymətləndirilməməlidir. Bu təcrübəni müdafiə edənlərin irəli sürdüyü səbəblərdən biri qadının gələcəkdə cinsi həzz almamasını, yalnız həyat yoldaşına bağlı qalmasını və sədaqətli olmasını təmin etmək düşüncəsidir. Lakin burada çox ciddi bir məntiq ziddiyyəti mövcuddur. İnsan sədaqətini onun bədəninə müdaxilə etməklə təmin etmək mümkündürmü?, Məcburiyyətlə qorunan münasibətə sədaqət demək olarmı?, Qorxu üzərində qurulan davranış əxlaq hesab edilə bilərmi?, Sədaqət insanın öz iradəsi ilə verdiyi mənəvi qərardır. İnsan qarşı tərəfə hörmət etdiyi, etibarın dəyərini bildiyi, məsuliyyət daşıdığı və vicdanına sadiq qaldığı üçün sədaqətli olur. Bədənə edilən müdaxilə isə insanın düşüncəsini, xarakterini və dünyagörüşünü dəyişdirmir. Əgər insanın daxilində vicdan, məsuliyyət və qarşılıqlı hörmət yoxdursa, fiziki müdaxilə ilə bunları yaratmaq mümkün deyil. Burada daha mühüm bir sual meydana çıxır: niyə qadının gələcək davranışına nəzarət etmək üçün onun bədəninə müdaxilə etmək zəruri hesab olunur?, Niyə qadının təbii fizioloji xüsusiyyətləri təhlükə kimi təqdim edilir?, Niyə kişinin sədaqəti onun şəxsi məsuliyyəti hesab edildiyi halda, qadının sədaqəti bədəninə edilən müdaxilə ilə əlaqələndirilir? Bu yanaşma qadın və kişi arasında bərabər insan ləyaqətini deyil, ikili standartları gücləndirir. Əgər sədaqət hər iki tərəfdən tələb olunursa, məsuliyyət də hər iki tərəf üçün eyni mənəvi prinsiplərə əsaslanmalıdır. Qadının hisslərini və bədənini nəzarət altında saxlamaqla ailə sədaqətini qorumağa çalışmaq əslində ailənin təməlində dayanmalı olan etibar anlayışına ziddir. Psixoloji baxımdan məsələnin ən həssas tərəfi uşağın dünyanı necə qavramasıdır. Uşaq üçün ailə təhlükəsizliyin, sevginin və müdafiənin ünvanıdır. O, valideynlərinə güvənir, onların onu qoruyacağına inanır. Uşağın razılığı və anlayışı olmadan onun bədəninə geri dönməz müdaxilə edilməsi isə bu təhlükəsizlik hissinə ciddi təsir göstərə bilər. Belə təcrübələr qorxu, narahatlıq, etibarsızlıq, öz bədəninə münasibətdə çətinliklər və travma ilə əlaqəli psixoloji problemlər yarada bilər. İnsan psixologiyasının ən mühüm xüsusiyyətlərindən biri özünü təhlükəsiz hiss etmək ehtiyacıdır. Uşağın bədəni onun şəxsiyyətinin ayrılmaz hissəsidir. Onun bədəninə hörmət etmək, əslində, onun şəxsiyyətinə hörmət etmək deməkdir. Valideynlik anlayışını da bu nöqtədə yenidən düşünməliyik. Övlad dünyaya gətirmək ona sahib olmaq demək deyil. Valideyn uşağın həyatına rəhbərlik edə, onu tərbiyə edə, təhlükələrdən qoruya bilər, lakin bu səlahiyyətin mənəvi və hüquqi sərhədləri var. Uşağın öz hüquqlarını müdafiə etmək imkanının məhdud olması böyüklərə onun bədəni üzərində qeyri-məhdud hakimiyyət vermir. Əksinə, bu vəziyyət böyüklərin məsuliyyətini daha da artırır. Uşağın sağlamlığını, gələcəyini və toxunulmazlığını qorumaq valideynin əsas vəzifəsidir. Valideyn övladının gələcəkdə necə insan olacağına dair bütün qərarları onun əvəzinə verə bilməz. Onun borcu övladına düzgün düşünməyi, vicdanlı olmağı, başqalarının hüquqlarına hörmət etməyi və öz seçimlərinin məsuliyyətini daşımağı öyrətməkdir. Maraqlı tarixi məqamlardan biri budur ki, qadın sünnəti yalnız bir dinə, xalqa və ya coğrafiyaya aid olmayan qədim sosial praktikadır. Onun dəqiq mənşəyi müəyyənləşdirilməyib. Bəzi tarixi məlumatlar bu təcrübənin İslam və xristianlıqdan əvvəlki dövrlərə gedib çıxdığını göstərir. Hətta 19 və 20 əsrlərdə Qərbin bəzi ölkələrində qadın cinsiyyət orqanlarına müdaxilələr müxtəlif tibbi yanlış təsəvvürlər əsasında həyata keçirilib. Bir vaxtlar bəzi insanlar bu cür müdaxilələrin qadınların davranışına və psixoloji vəziyyətinə təsir göstərə biləcəyini düşünürdülər. Elmi biliklər inkişaf etdikcə həmin yanaşmaların əsassızlığı üzə çıxdı. Bu fakt bizə mühüm bir həqiqəti xatırladır: bir davranışın uzun müddət mövcud olması onun doğru olduğunu sübut etmir. Tarixdə əsrlərlə davam etmiş, cəmiyyət tərəfindən qəbul edilmiş, hətta müdafiə olunmuş çoxsaylı yanlışlıqlar olub. İnsanlığın inkişafı isə məhz həmin yanlışları araşdırmaq, etiraf etmək və onlardan imtina etmək bacarığı ilə ölçülür. Bəzən cəmiyyətin müəyyən adətləri dini göstəriş kimi təqdim olunur və insanlar həmin adətləri sorğulamağı dini dəyərlərə qarşı çıxmaq hesab edirlər. Halbuki hansısa davranışın dini adla həyata keçirilməsi onun mütləq dini hökm olması demək deyil. Bu təcrübə müxtəlif dinlərə mənsub icmalarda, eləcə də dini mənsubiyyəti olmayan bəzi cəmiyyətlərdə mövcud olub. Deməli, onu yalnız bir dinlə əlaqələndirmək düzgün deyil. Burada dini inanclarla yerli adətlərin bir-birinə qarışması və bəzi ənənələrin dini tələb kimi təqdim olunması problemi var. İslamın mühüm mənəvi prinsipləri arasında insan həyatının qorunması, zərərin qarşısının alınması, ədalət və mərhəmət xüsusi yer tutur. Hər hansı bir adətə dini don geyindirməklə onun insan sağlamlığına vurduğu zərəri görməzdən gəlmək olmaz. İman insanı mərhəmətə, vicdana və məsuliyyətə çağırmalıdır. Əgər bir davranış uşağın sağlamlığına zərər vurursa, onun hansı adla təqdim olunmasından asılı olmayaraq, ciddi şəkildə sorğulanmalıdır.
Mənə görə, dini inancın ən mühüm sınaqlarından biri insanın zəif və müdafiəsiz olduğu məqamlarda özünü göstərir. İnsan Allah qarşısında məsuliyyət daşıdığını düşünürsə, ilk növbədə ona etibar edilmiş həyatlara qarşı münasibətini nəzərdən keçirməlidir. Bir uşağın sağlamlığını qorumaq, onun ləyaqətinə hörmət etmək, ona zərər verməmək də böyük mənəvi məsuliyyətdir. İbadət, inanc və əxlaq insanı daha mərhəmətli etmirsə, deməli, həmin anlayışların mahiyyəti haqqında yenidən düşünmək lazımdır. Dinin adından danışmaqla dini dəyərlərin mahiyyətini yaşamaq eyni şey deyil. İnsan bəzən bir adəti qoruduğunu düşünərkən, əslində, qorumaq istədiyi mənəvi dəyərlərə zidd davranmış olur. Bu məsələnin başqa bir tərəfi də cəmiyyətin psixoloji təzyiqidir. Bəzi icmalarda ailələr belə bir təcrübəni öz istəklərindən daha çox ətrafın gözləntilərinə görə davam etdirirlər. Qızlarının gələcəkdə evlənə bilməyəcəyindən, cəmiyyətdə qəbul olunmayacağından və ya ailənin nüfuzuna xələl gələcəyindən qorxurlar. Beləliklə, yanlış bir ənənə kollektiv qorxunun hesabına yaşayır. İnsanlar bəzən özlərinin də düzgün hesab etmədikləri davranışları hamı etdiyi üçün davam etdirirlər. Sosial psixologiyada qrup normalarının fərdi davranışa təsiri mühüm tədqiqat mövzusudur. İnsan cəmiyyət tərəfindən qəbul olunmaq istəyir, kənarda qalmaqdan qorxur və bəzən öz vicdanının səsini deyil, ətrafındakıların gözləntisini dinləyir. Ancaq cəmiyyətin qəbul etdiyi hər davranış doğru olsaydı, insanın müstəqil düşüncəyə, elmə və vicdana nə ehtiyacı qalardı? Məhz buna görə bu problemin həlli yalnız qadağalarla məhdudlaşmamalıdır. Maarifləndirmə, tibbi məlumatların yayılması, valideynlərin məlumatlandırılması, uşaqların hüquqlarının müdafiəsi, müəllimlərin, həkimlərin, din xadimlərinin və ictimaiyyət nümayəndələrinin məsuliyyətli mövqeyi böyük əhəmiyyət daşıyır. Bu mövzunu müzakirə edərkən hansısa bölgənin bütün əhalisini ittiham etmək, insanları alçaltmaq və təhqir etmək də doğru deyil. Sosial şəbəkələrdə yayılan hər məlumatı təsdiqlənmiş fakt kimi qəbul etmək olmaz. Azərbaycanda belə halların mövcudluğu və miqyası etibarlı araşdırmalarla müəyyənləşdirilməlidir. Ancaq araşdırmanın zəruriliyi problemin ciddiliyini azaltmır. Hətta bir uşağın belə sağlamlığı və hüquqları təhlükə altındadırsa, cəmiyyət buna laqeyd qala bilməz. Məqsəd insanları damğalamaq deyil, uşaqları zərərdən qorumaq və yanlış düşüncəni dəyişdirmək olmalıdır. Mən hesab edirəm ki, qız uşaqlarının tərbiyəsində əsas məqsəd onları gələcəkdə kiminsə həyat yoldaşı olmaq üçün hazırlamaq deyil, hər şeydən əvvəl öz şəxsiyyətini tanıyan, özünə hörmət edən, başqalarının hüquqlarına hörmətlə yanaşan, vicdanlı və məsuliyyətli insan kimi yetişdirmək olmalıdır. Qız uşağı yalnız gələcək ana, həyat yoldaşı və ya hansısa ailənin üzvü deyil. O, elə bu gün öz hüquqları, düşüncələri, arzuları və gələcəyi olan müstəqil insandır. Əgər biz qızlarımızın gələcəkdə düzgün seçim etməsini istəyiriksə, onlara düşünməyi öyrətməliyik. Əgər sədaqətli olmasını istəyiriksə, sədaqətin mənasını izah etməliyik. Əgər vicdanlı olmasını istəyiriksə, ona vicdanın nə olduğunu öz davranışımızla göstərməliyik. Tərbiyənin məqsədi insanı idarə etmək deyil, onun daxilində düzgün qərar vermək qabiliyyəti formalaşdırmaqdır. Bir cəmiyyətin həqiqi inkişaf səviyyəsi qadınların bədəninə nə qədər nəzarət edə bilməsi ilə deyil, onların hüquqlarına nə qədər hörmət etməsi ilə ölçülür. Müasir texnologiyadan istifadə etmək, yüksək binalar tikmək, yollar salmaq və universitetlər açmaq hələ düşüncənin müasirləşməsi demək deyil. Əgər insan hələ də uşağın bədənini öz mülkiyyəti hesab edirsə, qadının təbii xüsusiyyətlərini təhlükə kimi görürsə və əxlaqı fiziki müdaxilədə axtarırsa, deməli, inkişaf etməli olduğumuz çox mühüm bir sahə var: insanı insan kimi qəbul etmək mədəniyyəti. Mənim üçün bu məsələnin ən ağır tərəfi bir uşağın gələcəkdə baş verə biləcək hansısa davranışına görə indidən onun bədəninə müdaxilə edilməsidir. İnsan hələ öz həyatına dair qərar vermək, xarakterini formalaşdırmaq və dünyagörüşünü inkişaf etdirmək imkanına malik olmadığı yaşda başqalarının qorxuları əsasında belə bir qərarın qurbanına çevrilir. Halbuki heç bir insanın gələcəkdə necə davranacağını onun bədəninin müəyyən bir hissəsinə müdaxilə etməklə müəyyənləşdirmək mümkün deyil. İnsan şəxsiyyətini formalaşdıran onun düşüncəsi, tərbiyəsi, ətraf mühiti, təcrübələri, mənəvi dəyərləri və şəxsi seçimləridir.
İnsan doğulduğu andan etibarən başqalarının mülkiyyəti deyil. Nə ata, nə ana, nə həyat yoldaşı, nə də cəmiyyət onun bədəninin sahibi ola bilər. Valideynin vəzifəsi övladını qorumaq, həyat yoldaşının vəzifəsi qarşılıqlı hörmət göstərmək, cəmiyyətin vəzifəsi isə hər bir fərdin hüquqlarını müdafiə etməkdir. Əxlaqı insanın bədənində axtaran cəmiyyət əvvəlcə vicdan anlayışını yenidən öyrənməlidir. Çünki sədaqət kəsilməklə yaranmır, qorxu ilə formalaşmır, məcburiyyətlə sübut edilmir. Əxlaq insanın daxilində yetişir. Bir uşağın sağlamlığını qurban verərək gələcəkdə onun əxlaqını qorumağa çalışmaq isə qorumaq istədiyimiz dəyərin özünə ziddir. Ən böyük mədəniyyət insanın bədəninə hökm etmək deyil, onun toxunulmazlığına hörmət etməkdir. Ən böyük valideynlik övladının həyatına sahib çıxmaq deyil, onun gələcəyinə məsuliyyətlə yanaşmaqdır. Ən böyük mənəviyyat isə öz inancını və ənənələrini başqasının sağlamlığı hesabına qorumağa çalışmamaqdır. Unutmayın ki, qadının bədəninə müdaxilə etməklə cəmiyyətin əxlaqını xilas etmək mümkün deyil. Cəmiyyəti inkişaf etdirən sağlam düşüncə, azad vicdan, insan hüquqlarına hörmət və mənəvi məsuliyyətdir. İnsanın bədənini dəyişdirməklə vicdanını dəyişmək mümkün deyil. Çünki əxlaq bədəndə deyil, vicdandadır.
Həsən Nağıyev, filosof