Əməyin görünməyən tərəfi

Əməyin görünməyən tərəfi
09:29
Bəzən bir insanın əllərinə baxmaq kifayət edir ki, onun həyat haqqında nə qədər şey öyrəndiyini anlayasan. O əllərdə illərin zəhməti, sınaqların izi, təcrübənin səssizliyi, bəzən də heç kimin görmədiyi bir ömrün hekayəsi yaşayır. Amma insanı düşündürən daha maraqlı bir sual var: Nə üçün eyni işi görən iki insanın yaratdığı nəticə bir-birindən bu qədər fərqlənir?, Nə üçün biri sadəcə tapşırığı yerinə yetirir, digəri isə adi görünən bir işi gözəlliyə, keyfiyyətə və dəyərə çevirir? Axı hər ikisi eyni alətdən istifadə edir, eyni materialla işləyir, eyni vaxtı sərf edir. Deməli, fərqi yaradan təkcə fiziki imkanlar deyil. Fərq insanın işə münasibətində, düşüncəsində, daxili mədəniyyətində və gördüyü işə nə qədər mənəvi dəyər verməsindədir. Əslində, insanın peşəsi onun yalnız nə iş gördüyünü deyil, həyata necə yanaşdığını da göstərir. Çünki hər bir işin görünən tərəfi olduğu kimi, görünməyən fəlsəfəsi də var. Bir insan taxta parçasından masa hazırlaya bilər, digəri isə həmin taxtanın quruluşunu, materialın xarakterini, ölçünün ahəngini və gələcəkdə istifadə edəcək insanın rahatlığını düşünər. Bir insan divarı sadəcə hörər, digəri isə qurduğu divarın illərlə insanları qoruyacağını, bir ailənin həyatına məkan olacağını təsəvvür edər. Görünüşdə hər ikisi eyni peşəni icra edir, amma düşüncə səviyyəsində aralarında böyük fərq mövcuddur. Çünki birində iş yalnız görüləcək tapşırıqdır, digərində isə yaradıcı münasibətdir. İnsan əməyi ilə yalnız maddi məhsul yaratmır, eyni zamanda öz xarakterini də formalaşdırır. Səbir, intizam, diqqət, məsuliyyət, dəqiqlik və iradə əməyin içərisində yetişən insani keyfiyyətlərdir. Bəzən insan bir peşəni öyrənmək üçün illər sərf edir, amma həmin peşənin ona öyrətdiyi ən böyük dərs heç də texniki bacarıq olmur. O, gözləməyi, səhvini qəbul etməyi, tələsməməyi, çətinlikdən qaçmamağı və nəticəyə görə məsuliyyət daşımağı öyrənir. Beləliklə, insan işlədikcə yalnız peşəsi inkişaf etmir, şəxsiyyəti də formalaşır. İnsan təbiətdə hazır şəkildə mövcud olan imkanları dəyişdirir, onlara yeni forma verir və öz düşüncəsini maddi dünyada ifadə edir. Karl Marksın əmək haqqında fikirlərində də bu məqam mühüm yer tutur: insan öz fəaliyyəti vasitəsilə yalnız ətraf mühiti deyil, özünü də dəyişdirir. Bu fikir üzərində düşünəndə anlayırıq ki, əmək sadəcə dolanışıq vasitəsi deyil, həm də insanın özünü tanıma və yaratma prosesidir. İnsan bəzən bir əsəri yaratmaqla öz daxilindəki qabiliyyəti kəşf edir, bir çətinliyi həll etməklə öz gücünü tanıyır, bir peşədə ustalaşmaqla isə səbrinin və düşüncəsinin sərhədlərini genişləndirir. Ancaq burada çox mühüm bir həqiqət var: uzun müddət işləmək həmişə inkişaf etmək demək deyil. İnsan iyirmi il eyni işi görə bilər, amma bu iyirmi ilin hər biri ona yeni bir şey öyrətməyibsə, sadəcə təqvimdə iyirmi il keçib. Təcrübə yalnız zamanın nəticəsi deyil, düşünülmüş müşahidənin nəticəsidir. Hər səhv insana dərs verməli, hər uğur onu daha məsuliyyətli etməli, hər yeni təcrübə əvvəlkindən daha yaxşı nəticəyə aparmalıdır. Əks halda, insanın yaşı artır, amma peşəkarlığı eyni yerdə qalır. Əsl usta özünü hər şeyi bilən insan hesab etmir. Əksinə, nə qədər çox öyrənirsə, bilmədiklərinin də bir o qədər çox olduğunu anlayır. Çünki bilik insanı lovğalandırmamalı, daha diqqətli və təvazökar etməlidir. Öz sahəsində həqiqətən peşəkar olan insan başqasının sualından narahat olmur, tənqiddən qaçmır, yeni üsulları öyrənməkdən utanmır. O bilir ki, ustalığın ən böyük düşməni özünü kamil hesab etməkdir. İnsan öz inkişafına son nöqtə qoyduğu gün öyrənmək imkanlarını da məhdudlaşdırır. Sənətkarlıq isə bu münasibətin daha dərin ifadəsidir. Sənətkar üçün işin keyfiyyəti yalnız başqalarının görəcəyi nəticə ilə ölçülmür. O, başqalarının diqqət etmədiyi xırdalıqlara da əhəmiyyət verir. Çünki bilir ki, böyük keyfiyyət çox vaxt kiçik detallardan yaranır. Bir musiqiçinin ifasında bir notun, bir rəssamın əsərində bir rəngin, bir memarın layihəsində bir ölçünün, bir dərzinin işində bir tikişin belə öz yeri var. Bəzən əsəri mükəmməlləşdirən böyük dəyişiklik deyil, heç kimin fərq etmədiyi kiçik düzəlişdir. Qədim Misir piramidalarından tutmuş orta əsr memarlıq abidələrinə qədər insan əlinin, ağlının və yaradıcılığının izləri yaşayır. Orta əsrlərdə Avropada fəaliyyət göstərən sənətkar birlikləri peşə biliklərinin qorunmasında və nəsildən-nəslə ötürülməsində mühüm rol oynayırdı. İnsan əvvəl şagird kimi sənəti öyrənir, sonra ustanın yanında təcrübə qazanır, daha sonra müstəqil fəaliyyət göstərirdi. Bu ənənənin əsas mahiyyəti yalnız bir peşəni öyrətmək deyil, həm də peşəyə məsuliyyətli münasibət formalaşdırmaq idi. Deməli, ustalıq heç vaxt yalnız fərdi qabiliyyət məsələsi olmayıb. O, həm də bilik ötürülməsi, təcrübə mübadiləsi və mənəvi məsuliyyət ənənəsidir. Quranda Nəcm surəsinin 39-cu ayəsində insanın yalnız öz zəhmətinin qarşılığını görəcəyi bildirilir. Bu fikir üzərində düşünəndə anlayırıq ki, insanın həyatında məsuliyyət və şəxsi səy mühüm yer tutur. İnsan başqasının uğuruna baxıb nəticəni arzulaya bilər, amma həmin nəticəyə aparan zəhməti, səbrini və əzmini də dərk etməlidir. Əməyin mənəvi dəyəri yalnız qazancın miqdarı ilə ölçülmür. Qazancın halal olması, başqasının haqqına girməmək, işi aldatmadan görmək, əmanətə xəyanət etməmək də bu dəyərin ayrılmaz hissəsidir. İnsan gördüyü işdə başqalarını aldada bilər, keyfiyyətsiz məhsulu gözəl göstərə bilər, məsuliyyətsizliyini müxtəlif bəhanələrlə ört-basdır edə bilər. Amma bütün bunlar onun peşəkar görünməsinə baxmayaraq, mənəvi kamillikdən uzaq olduğunu göstərir. Burada çox mühüm bir fərq var: bacarıq insanın nə edə bildiyini, vicdan isə nəyi etməməli olduğunu müəyyənləşdirir. Bacarıqlı insan yaxşı iş görə bilər, amma vicdanlı insan həmin bacarığı düzgün məqsədlərə yönəldir. Ona görə də peşəkarlığı yalnız texniki qabiliyyətlə ölçmək olmaz. İnsanın nə qədər bildiyi qədər, bildiklərindən necə istifadə etdiyi də əhəmiyyətlidir.
İnsan yalnız maaş, mükafat və ya başqalarının tərifi üçün çalışdıqda, xarici qiymətləndirmədən asılı vəziyyətə düşə bilər. Amma öz işinin nəticəsində fayda, məna və şəxsi inkişaf görürsə, onun əməyə münasibəti dəyişir. O, artıq yalnız iş saatının bitməsini gözləmir, gördüyü işin keyfiyyətinə də diqqət yetirir. Burada bir incə məqam var: insanın işini sevməsi onun heç vaxt yorulmayacağı demək deyil. Yorğunluq, çətinlik və bəzən həvəssizlik hər bir peşənin təbii tərəfləridir. Əsl məsuliyyət insanın hər gün eyni həvəslə işləməsində deyil, həvəsi azaldığı günlərdə də öz peşəkar prinsiplərinə sadiq qalmasındadır. İnsan öz işinə ürəkdən yanaşanda bu sadəcə emosional münasibət olmur. Bu məsuliyyətin daha yüksək səviyyəsidir. Məsələn, müəllim sinfə daxil olanda yalnız dərs keçmir; o, uşağın düşüncəsinə, dünyagörüşünə və gələcək seçimlərinə təsir edir. Həkim yalnız peşə borcunu yerinə yetirmir; insanın sağlamlığına və həyat keyfiyyətinə xidmət edir. Memar yalnız bina layihələndirmir; insanların illərlə yaşayacağı mühiti formalaşdırır. Əkinçi yalnız torpağı becərmir; cəmiyyətin süfrəsinə gələcək nemətin yetişməsinə töhfə verir. İdman məşqçisi yalnız hərəkət texnikası öyrətmir; şagirdin intizamını, iradəsini və məsuliyyət hissini inkişaf etdirir. Bu peşələrin hər birində bir ortaq həqiqət var: insan gördüyü işin nəticəsindən başqa, həmin işin toxunduğu talelərə də cavabdehdir. Müasir dünyada texnologiyanın inkişafı, süni intellektin və avtomatlaşdırmanın genişlənməsi əmək anlayışına yeni suallar gətirir. Bir çox fiziki və təkrarlanan işi artıq maşınlar daha sürətli və dəqiq yerinə yetirə bilir. Lakin bu, insanın dəyərini azaltmır. Əksinə, insanın yaradıcı düşüncəsini, etik qərarverməsini, empatiyasını, zövqünü və məsuliyyətini daha da əhəmiyyətli edir. Texnologiya müəyyən işi asanlaşdıra bilər, amma insanın gördüyü işə hansı məqsədlə yanaşmalı olduğunu, hansı mənəvi prinsipləri qorumalı olduğunu düşünmək yenə də böyük əhəmiyyət daşıyır. Bu gün cəmiyyətin ən böyük problemlərindən biri də işin mahiyyətindən çox, onun görüntüsünə əhəmiyyət verilməsidir. Bəzən insanın gördüyü işin keyfiyyətindən daha çox, hansı vəzifədə işlədiyi, nə qədər qazandığı, hansı statusa sahib olduğu müzakirə edilir. Halbuki vəzifə insanın peşəkarlığına zəmanət vermir, diplom onun vicdanını müəyyənləşdirmir, yüksək gəlir isə avtomatik olaraq böyük insan olmaq demək deyil. Hər bir peşənin cəmiyyət üçün öz əhəmiyyəti var. Əgər bir gün təmizlik işçiləri, sürücülər, fəhlələr, əkinçilər, müəllimlər, həkimlər və digər zəhmət adamları öz işlərini dayandırsalar, həyatın necə çətinləşəcəyini təsəvvür etmək belə kifayətdir. Buna görə də heç bir halal peşəyə yuxarıdan aşağı baxmaq olmaz. İnsanları peşələrinə görə deyil, öz işlərinə münasibətlərinə, dürüstlüklərinə və məsuliyyətlərinə görə qiymətləndirmək lazımdır. Çünki sadə bir peşəni böyük vicdanla icra edən insan, böyük vəzifəni məsuliyyətsiz daşıyan insandan daha hörmətəlayiq ola bilər. İnsanın əməyə münasibətində bir neçə mühüm mərhələ var: əvvəlcə gördüyü işin məsuliyyətini dərk etmək, sonra həmin işi bilik və təcrübə ilə daha mükəmməl yerinə yetirmək, nəhayət, gördüyü işə mənəvi dəyər qazandırmaq. Bu mərhələlərin heç biri digərini əvəz etmir. Çünki bacarıq olmadan yaxşı niyyət kifayət etmir, düşüncə olmadan təcrübə təkrara çevrilə bilər, vicdan olmadan isə ən yüksək bacarıq belə yanlış məqsədlərə xidmət edə bilər. İnsanın həyatda qoyduğu ən böyük izlərdən biri də özündən sonra yetişdirdiyi insanlardır. Əgər bir usta ömrü boyu yalnız özü işləyibsə, onun əməyinin nəticəsi müəyyən bir zaman və məkanla məhdudlaşa bilər. Amma o, öz biliklərini şagirdlərinə ötürübsə, sənətini sevdiribsə, peşə məsuliyyətini öyrədibsə, artıq onun əməyi başqa insanların əllərində də yaşamağa başlayır. Bu, insanın öz ömrünü mənəvi baxımdan genişləndirməsidir. Çünki yaratdığın bir əşya zamanla köhnələ bilər, amma öyrətdiyin düzgün düşüncə başqa bir insanın həyatında uzun illər yaşaya bilər. Əslində, hər bir insan özünə bir sual verməlidir: Mən gördüyüm işlə yalnız günümü başa vururam, yoxsa sabaha da dəyər yaradıram? Mən işimi yalnız başqaları yoxladığı üçün düzgün, görürəm, yoxsa öz vicdanım qarşısında da məsuliyyət daşıyıram?, Mən illərin keçməsini təcrübə hesab edirəm, yoxsa hər keçən ildən yeni bir bacarıq qazanmağa çalışıram? Bu sualların cavabı insanın peşəkar səviyyəsindən daha artıq, onun şəxsiyyətinin hansı istiqamətdə formalaşdığını göstərir. Çünki insanın əsl böyüklüyü gördüyü işin adında deyil, həmin işə verdiyi mənadadır. Əllər bir məhsul yarada bilər, ağıl onu mükəmməlləşdirə bilər, amma vicdan və mənəviyyat həmin əməyə insanlıq dəyəri qazandırır. Unutmayaq ki, hər kəsin adı tarixə düşməyəcək, hər kəsin yaratdığı əsər muzeylərdə nümayiş etdirilməyəcək. Ancaq hər kəs öz sahəsində keyfiyyət, dürüstlük və məsuliyyət nümunəsi ola bilər. İnsan bəzən böyük bir vəzifə tutmadan da böyük iş görə, məşhur olmadan da hörmət qazana, zəngin olmadan da böyük mənəvi irs qoya bilər. Ən böyük ustalıq yalnız bir işi mükəmməl görmək deyil, həmin işi görərkən öz insanlığını da qoruyub saxlamaqdır. Əsl sənətkarlıq isə insanın yaratdığı işdə öz vicdanının imzasını qoymasıdır. Çünki zaman insanın nə qədər işlədiyini deyil, gördüyü işlə dünyaya nə qazandırdığını daha yaxşı üzə çıxarır.

Həsən Nağıyev. filosof

Sizin reklam burada
Sizin reklam burada