Şəhid ailəsinin üzvü olan Qubadov Məkan işlə təmin olunması üçün Füzuli Rayon İcra Hakimiyyətinə müraciət etsə də, indiyədək müsbət nəticə əldə edə bilməyib.
Bu barədə News365.az-ın redaksiyasına şikayət daxil olub.
Şikayətçi Qubadov Məkanın sözlərinə görə, qardaşı şəhid olub, atası və əmisi isə dünyasını dəyişib. Hazırda ailənin qayğılarını öz üzərinə götürən Məkan dolanışığını köşkdə işləməklə təmin edir. O, daimi işlə təmin olunmaq üçün Füzuli Rayon İcra Hakimiyyətinə müraciət etsə də, müraciətinin nəticəsiz qaldığını bildirir.
Şikayətdə daha bir diqqətçəkən məqam da qeyd olunub. Belə ki, bir müddət əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı müəllimin digər şəhid ailəsinin üzvü – şəhid Cabir Tarverdiyevin qardaşı Nofəl Tarverdiyevə işlə təmin olunacağı ilə bağlı vəd verdiyi bildirilir.
İddia olunur ki, icra başçısı ötən il Nofəl Tarverdiyevə “Sabah iş günü gəl, sənə iş verəcəyəm” desə də, aradan bir il keçməsinə baxmayaraq, o, hələ də işlə təmin olunmayıb.
Şəhid ailələrinin sosial problemlərinin həlli və onların məşğulluğunun təmin edilməsi dövlətin diqqətində olan məsələlərdəndir.
News365.az olaraq Füzuli Rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı mövqeyini öyrənməyə və qarşı tərəfin açıqlamasını dərc etməyə hazırıq.