Paşinyan istefası ilə bağlı qərarını açıqladı: İki şərt irəli sürdü

Paşinyan istefası ilə bağlı qərarını açıqladı: İki şərt irəli sürdü
00:59

Ermənistanın baş naziri Nikol Paşinyan siyasi gələcəyi və vəzifədən ayrılması ilə bağlı mövqeyini açıqlayıb.

News365.az xəbər verir ki, o, hakimiyyətdən getməsini yeni Konstitusiyanın qəbulu və Azərbaycanla sülh prosesinin yekunlaşması ilə əlaqələndirib.

Ermənistan mətbuatının məlumatına görə, Paşinyan noyabrın 18-də parlamentdə hökumət saatı zamanı müxalifət nümayəndələrinin suallarını cavablandırarkən bu məsələyə münasibət bildirib.

Baş nazir qeyd edib ki, yeni Konstitusiya layihəsi referenduma çıxarılsa və vətəndaşlar sənədi dəstəkləməsələr, tutduğu vəzifədən istefa verəcək.

Onun sözlərinə görə, referendumda Konstitusiya layihəsi qəbul ediləcəyi təqdirdə isə Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası, nəqliyyat kommunikasiyalarının açılması, eləcə də sərhədin mürəkkəb hissələrinin delimitasiyası ilə bağlı proseslər tamamlandıqdan sonra hakimiyyətdən gedəcək.

Paşinyan Azərbaycanla sülhün institusional və dönməz xarakter almasına qədər vəzifəsini tərk etmək niyyətində olmadığını vurğulayıb.

“Sülh bərqərar olmayana, institusional xarakter almayana qədər getməyəcəyəm”, – deyə o bildirib.

Baş nazir yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası üçün lazımi təminatların olduğunu da qeyd edib.

“Bəli, belə təminatlar var. Mən bunun məsuliyyətini öz üzərimə götürə bilərəm”, – Paşinyan söyləyib.

O, Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası, eləcə də institusional sülhün təmin edilməsindən sonra siyasi missiyasını başa çatmış hesab edəcəyini bildirib.

Paşinyan müxalifəti referendumun keçirilməsinə razılıq verməyə çağırıb və nəticədən asılı olmayaraq vəzifədən getməyə hazır olduğunu bəyan edib.

Ermənistan hökumət başçısı sülh prosesinin yekunlaşmasına mane olmaqda müxalifəti ittiham edib. O, yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla davamlı sülhün təmin olunması üçün bütün siyasi nüfuzundan istifadə etməyə hazır olduğunu vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada