"Azərbaycanın 10 universitetinin QS reytinqində yer alması ali təhsildə mühüm nailiyyətdir" - Deputat

"Azərbaycanın 10 universitetinin QS reytinqində yer alması ali təhsildə mühüm nailiyyətdir" - Deputat
15:00

“Azərbaycanda təhsilin inkişafı ölkə siyasətinin və insan kapitalının gücləndirilməsinin əsas istiqamətlərindən biridir. Müasir dövrdə hər bir ölkənin qarşısında strateji vəzifələr dayanır. Ən əsas məqsədlərdən biri təhsilin bütün pillələrinin dinamik inkişafına nail olmaqdır. Azərbaycan da bu sahədə ciddi nailiyyətlər əldə edir”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a deyib.


Deputat bildirib ki, Azərbaycanda təhsilin inkişafı konseptual xarakter daşıyır. Ölkəmizdə təhsil sistemi konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikasına malikdir. Azərbaycanda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması sahələrində uğurlar əldə olunub. Digər tərəfdən, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə də mühüm irəliləyişlər mövcuddur.

Millət vəkilinin sözlərinə görə, təhsildə inkişaf ali məktəblərdə də özünü ifadə edir. Ötən dövrdə ali məktəblərin beynəlxalq standartlara uyğunlaşdırılması, dünya təhsil sisteminə inteqrasiya özünün müsbət nəticələrini verməkdədir. Azərbaycanın 10  universitetinin QS beynəlxalq reytinqinin ilk 1000-liyində yer alması da bu baxımdan xüsusi vurğulanmalıdır. Bu fakt ölkəmizin ali təhsil sistemində əldə etdiyi mühüm nailiyyətlərdən biridir. Bu göstərici Azərbaycan universitetlərinin beynəlxalq akademik məkanda mövqelərinin möhkəmləndiyini, elmi-tədqiqat potensialının və rəqabət qabiliyyətinin artdığını nümayiş etdirir.

Samir Vəliyev qeyd edib ki, bu uğuru yalnız reytinq göstəricisi kimi deyil, həm də ölkədə ali təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi fəaliyyətin stimullaşdırılması və universitetlərin qlobal təhsil məkanına inteqrasiyası istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirmək olar: “Xüsusilə qeyd etmək lazımdır ki, universitetlərin beynəlxalq reytinqlərdə təmsil olunması onların xarici tələbələr və akademik heyət üçün cəlbediciliyini artırır, beynəlxalq tərəfdaşlıqların qurulmasına və elmi mübadilənin genişlənməsinə şərait yaradır. Eyni zamanda, bu nəticələr qarşıda duran vəzifələri də müəyyənləşdirir. Növbəti mərhələdə elmi nəşrlərin keyfiyyətinin və sayının artırılması, beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi, innovasiya və tədqiqat fəaliyyətinin genişləndirilməsi, tədris prosesində müasir yanaşmaların tətbiqi əsas prioritetlər olmalıdır”.

“Ümumilikdə, Azərbaycanın 10 universitetinin QS reytinqinin ilk 1000-liyində yer alması ölkənin ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini göstərən müsbət tendensiyadır. Bu nailiyyət həm də Azərbaycan universitetlərinin qlobal akademik məkanda daha güclü mövqelər qazanması üçün mühüm stimul və gələcək inkişaf baxımından ciddi potensial deməkdir” – deyə, millət vəkili vurğulayıb.

 


Sizin reklam burada
Sizin reklam burada