Milli Məclisin deputatı Fazil Mustafa avtomobili və yaşadığı evlə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Deputat sosial şəbəkə hesabında yazıb ki, onun iki yüz minlik avtomobil sürdüyü barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Fazil Mustafa qeyd edib ki, istifadə etdiyi minik avtomobilini 10 il əvvəl, beş il işlənmiş vəziyyətdə alıb. Onun sözlərinə görə, avtomobil üç il əvvəl silahlı hücuma məruz qalsa da, təmir etdirilərək istifadəyə davam edib. Deputat avtomobilin iddia edilən qiymətdən 10 dəfə ucuz olduğunu və hazırda yenisini almaq niyyətində olmadığını vurğulayıb.
Millət vəkili əlavə edib ki, söhbət Milli Məclisin komitə sədri kimi ona ayrılmış xidməti avtomobildən gedirsə, həmin nəqliyyat vasitəsi şəxsi vəsaiti hesabına alınmayıb, dövlətə məxsus əmlakdır.
Fazil Mustafa yaşadığı evin də müzakirə mövzusuna çevrilməsinə münasibət bildirərək bildirib ki, üç sot həyəti olan ikimərtəbəli evinin bir mərtəbəsində şəxsi kitabxanası yerləşir. Deputat kitabxanasında təxminən 20 min manat dəyərində kitabın olduğunu və Azərbaycanın bir çox dəyərli ziyalısının buranı ziyarət etdiyini qeyd edib.
O, kitabların əldə olunması ilə bağlı sualların daha məntiqli olacağını bildirərək, aylıq maaşının bir hissəsini yeni kitabların alınmasına sərf etdiyini vurğulayıb.
Deputat paylaşımında yaxın günlərdə yeni kitabının işıq üzü görəcəyini də açıqlayıb. Bildirib ki, kitab cəhalətə, xurafata, nadanlığa və qaragüruhçuluğa qarşı mübarizəyə həsr olunub.
Fazil Mustafa fikirlərini belə yekunlaşdırıb: bütün qarayaxma və böhtanlara qarşı dirənişin ən dəyərli vasitəsi kitabdır.