Qazax rayonunda dörd nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.
Məlumata görə, bu gün saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi 10-NB-330 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində hər iki sürücü və “Tofaş” avtomobilində olan iki azyaşlı sərnişin həlak olub. Həmin avtomobildə olan bir qadın sərnişin isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırır.
İdarə bildirir ki, təhlükəli ötmə, düşünülməmiş manevr və sürət həddinin aşılması ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri sırasındadır.