Sülh
prosesini sürətləndirən amillər
Prezident
İlham Əliyev: “Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini
konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq
Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər”
İşğal
altındakı torpaqlarımızın azad olunması Azərbaycan dövləti üçün hər zaman
prioritet olub. İstər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə
də cənab İlham Əliyevin prezidentliyi dövründə bu məsələnin həlli gündəmdə idi.
Hər iki dövlət başçısı beynəlxalq tribunalarda Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsi faktını gündəmə gətirmişdirlər. Bu istiqamətdə
təxminən otuz ilə yaxın müddətdə danışıqlar aparılmışdı və Azərbaycan bu
torpaqların danışıqlar yolu geri qaytarılmasına çalışırdı. Lakin Ermənistan bu
danışıqları hər zaman uzadırdı, danışıqlarda vasitəçilik edən ölkələr və
bununla bağlı yaradılmış təşkilatlar da məsələnin həlli üçün hər hansı bir adım
atmırdılar. Bütün bunlar da Azərbaycanın səbir kasasını daşdırırdı. Azərbaycan bu
otuz il müddətində 20% torpaqlarının geri alınması üçün əlbəttə bir neçə
istiqamətdə fəaliyyət göstərdi. Bunlardan da biri də ordu quruculuğunun möhkəmləndirilməsi
idi. Çünki biz müharibə şəraitində yaşayırdıq və hər an müharibə ola bilərdi.
Və müharibənin olması da qaçılmaz idi, çünki Ermənistan torpaqlarımızı işğal
etməklə bərabər, cəbhə bölgəsində davamlı olaraq təxribatlar törədirdi. Bütün
bunlara da Azərbaycan dövləti tərəfindən hər zaman cavab verirdi. Lakin bu
məsələnin kökündən həll edilməsi gərəkirdi, çünki artıq bu separatizm regionda
baş qaldırırdı, Qərb dövlətlər də buna mütəmadi olaraq dəstək verirdi.
Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinin mənfi nəticələri regionda
da özünü göstərirdi və buna görə də Azərbaycan öz sərhədlərini qorumaq üçün
təhlükəni aradan qaldırmalı idi. 2020-ci ilin 27 sentyabrından başlayaraq
təxribatçılara qarşı Ali Baş Komandan İlham Əliyevin əmri ilə cavab verildi.
Bu, tarixdə 44 günlük Vətən müharibəsi adı ilə düşdü. 44 gün ərzində Azərbaycan
öz torpaqlarını işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi
kimi bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən
ordumuza dəstək gəldi: “Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi
ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə
cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bütün bölgələrdə biz
bunu gördük. Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və
gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini
konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq
Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir,
böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm”. 44 günlük Vətən müharibəsində
dövlət bayrağımız simvol olmaqla bərabər, həm də xalqın birlikdə mübarizə
aparmasını və qələbə qazanmasını təmin edən bir amil oldu. Bayraq, Azərbaycan
xalqının tarix boyunca yaşadığı çətinliklərə qarşı müqavimətini, mübarizə
əzmini və nəhayətində əldə etdiyi qələbənin simvolu kimi yadda qaldı. Həmrəylik
və milli birlik, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün mübarizənin
ayrılmaz hissəsi oldu. Bu baxımdan, dövlət bayrağının əhəmiyyəti, həm də
Azərbaycançılıq ideyasının daha da güclənməsinə və vətəndaşların öz dövlətinə
olan bağlılıqlarının möhkəmlənməsinə böyük təsir etdi.
Müharibdən sonra imzalanan 10 noyabr tarixli
Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər
davam edən işğalına son qoydu. Hazırda aparılan danışıqlar sülh prosesini
sürətləndirmək məqsədini güdür. Azərbaycanın rəsmi şəxsləri Ermənistanla sülh
sazişinin imzalanmasına yaxın olduğunu bəyan ediblər. Dövlətimiz sülhün tez
əldə olunmasında maraqlıdır. Sülh razılaşmasında Zəngəzur dəhlizi məsələsi də
gündəmdədir. Ermənistanla bu məsələnin müzakirəsi, həmçinin sülh müqaviləsinin
şərtləri çərçivəsində bir sıra siyasi və diplomatik məsələləri həll etməyi
tələb edir. Ermənistan bu cür dəhlizin açılmasına qarşı çıxır, çünki bu, onun
ərazi bütövlüyü məsələsi ilə bağlı narahatlıqlar yaradır. Ancaq Azərbaycanın
Naxçıvanla birləşməsi, həm də regional təhlükəsizlik və sabitlik üçün mühüm ola
bilər. Zəngəzur dəhlizi, Azərbaycanın və Ermənistanın sərhəd mübahisələri,
habelə geniş regional əməkdaşlıq perspektivləri baxımından həm strateji, həm də
iqtisadi cəhətdən mühüm rol oynayır. Bu məsələnin həlli, yalnız Azərbaycanın
deyil, həm də bütün Cənubi Qafqazın sülh və sabitliyinə təkan verə bilər.
Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş
əsas prinsipinin irəli sürülməsi: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması,
gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq
etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və
kommunikasiyaların açılması. Uzanan sülh prosesi regional və qlobal problemlərə
səbəb ola bilər. Ermənistanın Qərb dövlətləri tərəfindən ələ alınması riski
var. Ermənistan öz maraqlarını düşünərək addım atmalıdır. Əlbəttə ki, bütün
bunlar üçün Ermənistandan qətiyyətli bir mövqe nümayiş etdirməsi lazımdır.
Ermənistan hakimiyyəti siyasi iradə nümayiş etdirməlidir. Məhz regional
çıxarlarını düşünərək başqa ölkələrin, Qərb ölkələrinin maraqlarını deyil,
özünün, xalqının və regionun maraqlarını düşünərək Ermənistan adım atmalıdır. Məhz
bundan sonra Ermənistan dövlətinin özünün inkişafına çata bilər, xalq və dövlət
arasındakı uçurum aradan qalxa bilər. Çünki bu gün Ermənistan dövləti ilə
erməni xalqı arasında bir çox məsələlərdə fikir ayrılığı var. Çünki erməni
xalqı müharibə istəmir, xalq yerindən münaqişənin yaranmasını qarşıdır və
regionda sülh istəyir. Amma Ermənistan dövləti bu məsələni xarici
havadarlarının təzyiqi ilə uzadır. Təəssüf ki, erməni lobbisi də sülhün əldə
olunmasında maraqlı deyil. İnanırıq ki, Azərbaycan və Ermənistan rəhbərlərinin
keçirdikləri son görüşlər yeni bir mərhələnin başlanğıcı olacaq. Ermənistandan
isə sülh prosesi ilə bağlı real addımların atılması gözlənilir. Sülhün əldə
olunması regionun inkişafına müsbət təsir göstərəcək.
Səyavuş Qasımov
Avrasiya Universitetinin
rektoru,
siyasi elmlər üzrə fəlsəfə
doktoru, dosent