Şəkidə yerləşən “Şəki Yaylası” istirahət mərkəzində baş verən faciə iki nəfərin həyatına son qoyub. Trosunun qırılması nəticəsində 27 yaşlı Ucal Bayramov və 31 yaşlı Coşqun Məmmədov həyatını itirib.
News365.az olaraq Ucalın tələbə yoldaşı Zahid Məmmədli ilə danışdıq. O, Ucalın tələbəlik illərindən, xarakterindən və dostları arasında necə biri kimi tanındığından danışıb:
“Biz universitet vaxtı paralel oxumuşuq. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Kompüter mühəndisliyi ixtisasında təhsil almışıq. Daha sonra onunla münasibətimiz də olub. Universitetə 600-dən yuxarı balla qəbul olmuşdu və ingilis sektorunda təhsil alırdı. Ucalın ən çox yadda qalan xüsusiyyətlərindən biri insanlarla münasibəti idi. Təkcə mənimlə deyil, ətrafındakı hər kəslə çox səmimi, mehriban və mülayim davranırdı. Çalışqan, işgüzar və öz üzərində işləyən bir insan idi. DOST Mərkəzində developer kimi çalışırdı”.
“Açıq-aydın deyə bilərəm ki, Ucal ölkədə savadlı və peşəkar sistem mütəxəssislərindən biri idi. İT sahəsində geniş biliklərə malik idi və öz işini çox yaxşı bilirdi. Cəmi 27 yaşı var idi, amma bu yaşda artıq kifayət qədər ciddi peşəkar təcrübə toplamışdı”- o, deyib.
Onun sözlərinə görə, hadisəni əvvəlcə köhnə iş yoldaşlarımdan və münasibətdə olduğum insanlardan eşitdim. Əvvəlcə məlumatın doğru olub-olmadığını dəqiqləşdirmək istədim. Daha sonra xəbərlərdə də gördüm və ailə üzvləri ilə əlaqə saxladım.
Z.Məmmədli bildirib ki, hələ də bu xəbəri qəbul etmək çox ağırdır. Ucalın belə gənc yaşda həyatını itirməsi, xüsusilə də onu yaxından tanıyan biri üçün çox ağrılıdır.
Sonda tələbə yoldaşı Ucalın dəfn mərasiminin bu gün olacağını bildirib.
Qeyd edək ki, Ucal Bayramov bu yaxınlarda ailə həyatı qurmuşdu.