Türkiyəli aktyor Serhat Kılıçın İstanbulun Kağıthane rayonundakı evində ölü tapılması ilə bağlı istintaq davam edir. İstintaq çərçivəsində aktyorun sevgilisi Özlem Esmergülün polis və prokurorluqda verdiyi ifadələr arasında ciddi fərq olduğu üzə çıxıb.
51 yaşlı aktyor sentyabrın 5-də Nurtepe məhəlləsindəki evində ölü vəziyyətdə tapılıb. Məlumata görə, Kılıçdan bir neçə gün xəbər ala bilməyən sevgilisi Özlem Esmergül onun evinə gedib. Ehtiyat açarla mənzilə daxil olan qadın aktyoru qonaq otağındakı divanda hərəkətsiz vəziyyətdə aşkar edib.
Hadisə barədə polisə məlumat verildikdən sonra əraziyə asayiş və təcili tibbi yardım əməkdaşları göndərilib. Həkimlər Kılıçın öldüyünü müəyyənləşdirib. Onun cənazəsi ekspertiza üçün Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna aparılıb.
İfadələr arasında ziddiyyət
Özlem Esmergül prokurorluqda verdiyi ifadədə Kılıçı təxminən 8 ildir tanıdığını bildirib. Onun sözlərinə görə, aktyor sonuncu dəfə hadisədən iki gün əvvəl telefonla danışıb və səhhətinin çox pis olduğunu deyib.
Esmergül həmçinin Kılıçın boyun yırtığından əziyyət çəkdiyini və səhhətinə görə çəkilişlərə gedə bilmədiyini qeyd edib.
Lakin diqqət çəkən məqam onun narkotik və alkoqol istifadəsi ilə bağlı ifadəsidir. Esmergül polisə verdiyi ifadədə Kılıçın narkotik və alkoqol asılılığının olmadığını bildirsə də, prokurorluqda fərqli açıqlama verib.
O, prokurora “Onu tanıdığım vaxtdan narkotik maddə və alkoqol istifadə etdiyini bilirəm. Bildiyim qədərilə son 6 aydır kokain də istifadə edir” deyib.
Evdə şübhəli maddələr aşkarlanıb
İstanbul Polis İdarəsinin Hadisə Yeri Araşdırma Şöbəsinin hazırladığı hesabatda mənzilin giriş qapısında zorla açılma izinin olmadığı bildirilib. Binanın girişində və dəhlizində təhlükəsizlik kameralarının olduğu da qeyd edilib.
Hadisə yerinə baxış zamanı qonaq otağındakı taxta stolun üzərində yerləşən metal qutuda narkotik olduğu ehtimal edilən yaşıl rəngli bitki mənşəli maddə aşkarlanıb. Eyni zamanda siqaret bükmək üçün kağızlar tapılıb.
Kitab rəfinin qarşısındakı çamadanda isə qara rəngli kilidli paket içərisində narkotik olduğu ehtimal edilən yaşıl rəngli bitki və narkotik istifadəsində istifadə edildiyi düşünülən rulon halında bükülmüş üç ədəd 200 TL-lik əskinas aşkar edilib.
Mənzildə həmçinin sınmış boşqab parçalarının olduğu müəyyənləşdirilib.
Serhat Kılıçın ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün ekspertiza və istintaq tədbirləri davam etdirilir. Hazırda aktyorun ölümünün narkotik istifadəsi ilə əlaqəli olub-olmadığı barədə rəsmi nəticə açıqlanmayıb.