Zəngəzur dəhlizi ətrafında müzakirələr davam etdiyi bir vaxtda İranın layihəyə münasibəti yenidən gündəmə gəlib. Tehranın mümkün narahatlıqları ilə bağlı müxtəlif iddialar səslənsə də, İran tərəfindən bu barədə konkret və rəsmi tələblərin irəli sürüldüyü hələlik təsdiqlənməyib.
Politoloq İlqar Vəlizadə News365.az-a açıqlamasında İranın Zəngəzur dəhlizi məsələsinə skeptik yanaşdığını bildirib.
Ekspertin sözlərinə görə, İran TRIPP layihəsinin reallaşdırılması ilə bağlı mövqeyini müxtəlif vaxtlarda açıqlayıb. Lakin Tehranın layihə ilə bağlı konkret tələblər irəli sürdüyünə dair dəqiq məlumat yoxdur.
“İranın rəsmən belə tələblər irəli sürməsi ilə bağlı konkret və dəqiq məlumat yoxdur. Buna görə də hansısa mənbəyə istinad edərək birmənalı fikir söyləmək çətindir. Ermənistan tərəfi də İranın irəli sürdüyü iddia olunan tələblərlə bağlı hər hansı açıqlama verməyib”, – deyə İ.Vəlizadə qeyd edib.
Politoloq bildirib ki, zaman-zaman mediada və sosial şəbəkələrdə İranın TRIPP layihəsi ilə bağlı müxtəlif mövqeləri barədə iddialar yayılır. Lakin onun sözlərinə görə, layihənin reallaşdırılması istiqamətində artıq praktiki addımlar atılır.
Ekspertin fikrincə, TRIPP-in həyata keçirilməsi ilə bağlı tərəflər arasında təşkilati və hüquqi proseslərin böyük hissəsi artıq tamamlanıb.
“TRIPP layihəsi artıq reallaşma mərhələsindədir. Layihənin həyata keçirilməsi ilə bağlı tərəflər arasında müəyyən işlərə başlanılıb. Sənədləşmə prosesi başa çatıb, memorandumlar imzalanıb və əməliyyatla bağlı qərarlar qəbul edilib. Yəni təşkilati baxımdan əsas işlər görülüb. İndi başlıca məsələ prosesi yekunlaşdırmaqdır”, – politoloq vurğulayıb.
İ.Vəlizadə hesab edir ki, prosesin hazırkı mərhələsini nəzərə alsaq, TRIPP marşrutunun reallaşması artıq ayrı-ayrı ölkələrin istəyindən asılı olan məsələ deyil.
“Bu baxımdan yanaşsaq, hesab edirəm ki, TRIPP marşrutu artıq kiminsə istəyindən asılı deyil”, – deyə ekspert əlavə edib.
Qeyd edək ki, rəsmi İrəvan İranın layihə ilə bağlı irəli sürdüyü iddia olunan tələblərə hələlik münasibət bildirməyib.