Sınıq Karvansara haqqında nə bilirik?- Tural İrfan yazır
Təhlil
09:46
Sınıq Karvansara 14-cü əsrdə (1319-cu il) Elxanlılar (Hülakular) hökmdarı Əbu Səid Bahadur Xanın dövründə qədim İpək Yolu üzərində tikilmiş tarixi-memarlıq abidəsidir. Zəngəzur mahalının Gorus rayonundakı Yaycı kəndi yaxınlığında, qədim Urud yolunun üstündə yerləşir. Hicri 698-ci il, miladi 1319-cu ildə inşa edildiyi qeyd olunur. Giriş qapısı üzərində ərəb əlifbası ilə yazılar olub. Banisinin şərəfinə "Əbu Səid Karvansarası" adlandırılıb. "Sınıq" adı binanın "Г" şəkilli plan quruluşu, tunel formalı dəhlizi və tağlı eyvan elementləri ilə bağlıdır. Gorus və Sisyan rayonlarının sərhədində, qədim karvan yolunun üstündə yerləşən mühüm islam-türk maddi mədəniyyət nümunəsidir. Lakin sonralar ermənilər yazıları silib tarixi təhrif edərək abidəni erməni abidəsi kimi təqdim ediblər.
Karvansaranın divarı çaylaq daşından, əhəng və qum qarışıqlı məhlulla hörülüb. Tağlar və sütunlar isə yonulmuş bazalt dağ süxurlarından tikilib. Ətrafında çox qədim qəbiristanlıq qalıqları mövcuddur. Tarixi mənbələrə görə yerləşdiyi ərazi, bütövlükdə Zəngəzur mahalı qədimdən Türk-Oğuz boylarının anayurdu olub, bura ermənilərin ilk kütləvi axını 19-cu yüzilliyin əvvəllərində bölgənin Rusiya imperiyası tərəfindən işğalından sonra başlanıb.
Bölgədəki bir sıra digər eynitipli karvansaralar (Dərələyəz mahalındakı Səlim və Ağkənd karvansaraları) kimi, Sınıq Karvansara da Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur Xan tərəfindən qədim İpək Yolunun üstündə tikilib.