“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra müəyyən beynəlxalq dairələr və “siyasətçilər” ölkəmizə qarşı qərəzli yanaşma ortaya qoyurlar. Bütün bunlar beynəlxalq hüququn və ədalət prinsiplərinin açıq-aşkar pozulması şəraitində baş verir. Azərbaycana qarşı ədalətsiz mövqe tutan Avropa Şurası Parlament Assambleyası da (AŞPA) erməni lobbisinin, anti-azərbaycançı mərkəzlərin əlində alət olduğu üçün Avropa dəyərlərini tapdalayır. Təşkilatın Almaniyadan olan üzvü, sosial-demokrat fraksiyasının rəhbəri Frank Şvabeninin mövqeyi də bunun göstəricisidir”.
Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev
News365.az-a deyib.
Deputat xatırladıb ki, F.Şvabeninin
bugünlərdə yenə də Azərbaycanda “siyasi məhbus” olduğunu iddia etməsi, hüquqi
müstəvidə məsuliyyətə cəlb olunmuş Əli Kərimli ilə bağlı fikirləri tamamilə
əsassızdır. Təəssüf ki, AŞPA-da ölkəmizə qarşı qərəz və böhtanların
səsləndirilməsi adi hala çevrilib. Millət vəkili xatırladıb ki, hələ iyun
ayında AŞPA-nın sessiyasında qəbul olunmuş növbəti qərəzli qətnamə də
təşkilatın ölkəmizə qarşı “ənənəvi” mövqeyinin göstəricisi oldu. Demokratiya,
insan haqları, söz azadlığı, “siyasi məhbus” və s. kimi məsələlər təşkilatın
Azərbaycana qarşı uydurma təzyiq vasitəsidir. Avropa Şurasının fəaliyyətində
insan haqları əsas yer tutmalı olsa da, Azərbaycan ötən dövrdə üzləşdiyi
qaçqın-köçkün problemi ilə əlaqədar qurumdan ədalətli yanaşma görməyib. AŞPA, o
cümlədən Şvabe Ermənistanın 30 illik işğal siyasətinə qarşı heç bir mövqe
bildirməyib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin
ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən
alına bilərdi. 2001-ci ildə Azərbaycan bu təşkilata üzv olarkən onun
Ermənistanın işğalçı siyasətinə qarşı ciddi addımlar atacağına ümid edirdi.
Lakin ötən dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu
təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Bu da
Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir.
Samir Vəliyevin fikrincə, AŞPA islamofob və
türkəfob təfəkkürlü nümayəndələrin düşərgəsidir. Bunu sübut edən faktlardan
biri də 2024-cü il qış sessiyasında AŞPA-da ölkəmizin nümayəndə heyətinin
etimadnamələri təsdiq edilməməsidir. Bu təşəbbüsü də Almaniyanı təmsil edən
deputat Frank Şvabe irəli sürmüşdü. Frank Şvabe təşəbbüsü irəli sürərkən
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən çox
“narahat” görünürdü. Amma Azərbaycan bunu cavabsız qoymayıb və nümayəndə
heyətimiz təşkilatdakı fəaliyyətini dayandırıb.
“Hazırda AŞPA Avropa dəyərlərinin
daşıyıcısı olan platformadan daha çox müəyyən xarici dairələrin əlində alət
olan islamafob və türkəfob bir struktura çevrilib. Beynəlxalq münasibətlər
sistemində baş verən hadisələrə beynəlxalq hüquq normaları əsasında deyil,
sifarişlər əsasında sənədlər qəbul edən AŞPA-nın və onun Şvabe kimi üzvlərinin
Avropa məkanında nüfuzu aşağı səviyyədədir. Təşkilat müxtəlif ölkələrə
münasibətdə obyektiv yox, ikili standartlar və qərəz mövqeyindən çıxış edir.
Şvabe və onun kimilər Azərbaycanın daxili işlərinə, məhkəmə proseslərinə qarışa
bilməz. Ölkəmizdə heç bir siyasi məhbus yoxdur. Onların müdafiə etdiyi şəxslər
konkret cinayət əməllərinə görə həbs olunublar. Əslində, bu tipli şəxslərin
Şvabe tərəfindən müdafiə olunmasının başqa səbəbləri var. Çünki Ə.Kərimli
kimilər F.Şvabenin də təmsil olunduğu anti-azərbaycançı mərkəzlərə xidmət edir.
Ölkəmizdə öz əlaltılarını itirməkdən narahat olan həmin dairələr Azərbaycana
böhtan atırlar. Amma belə cəhdlərin heç bir mənası yoxdur. Çünki bu gün Azərbaycan
dünyada nüfuzlu dövlətdir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası
ölkəmizin mövqelərini daha da möhkəmləndirib. Əgər Azərbaycan AŞPA-nı tərk
edərsə, bu dövlətimizin deyil, həmin təşkilatın nüfuzuna zərbə olacaq. Çünki
təşkilat bununla Cənubi Qafqazın liderini, Avropa İttifaqının strateji
tərəfdaşını itirəcək. Ona görə də, AŞPA rəhbərliyi bu barədə düşünməli,
ölkəmizə qarşı qara piara son qoyulmalıdır”,-deyə deputat vurğulayıb.