İrəvan metrosunda sərnişin böhranı: Vaqon çatışmazlığı üzə çıxdı

İrəvan metrosunda sərnişin böhranı: Vaqon çatışmazlığı üzə çıxdı
14:36

İrəvan metrosunda sərnişinlərin üzləşdiyi problemlər şəhər rəhbərliyinin diqqətinə çatdırılıb. Xüsusilə günün müəyyən saatlarında metropolitendə yaranan sıxlıq və vaqonların texniki imkanlarının tələbatı qarşılamaması ciddi narazılıq doğurur.

Erməni mətbuatının yaydığı məlumata görə, məsələ sentyabrın 8-də İrəvan Ağsaqqallar Şurasının iclasında müzakirə olunub.

İclas zamanı “Milli tərəqqi” partiyasının fraksiya üzvü İzabella Abqaryan paytaxt metrosundakı vəziyyətə diqqət çəkib. O bildirib ki, pik saatlarda sərnişin sıxlığı o həddə çatır ki, bəzi vətəndaşlar vaqonlara daxil olmaqda çətinlik çəkirlər.

Abqaryanın sözlərinə görə, İrəvan Metropoliteninin vaqon parkında yaranmış çatışmazlıq səbəbindən sistem tam gücü ilə fəaliyyət göstərə bilmir. Deputat həmçinin vaqonlarda ventilyasiya probleminin sərnişinlər üçün əlavə narahatlıq yaratdığını vurğulayıb.

O, problemin aradan qaldırılması üçün yeni qatarların alınmasının vacibliyini qeyd edib və bununla bağlı hökumətin nə vaxt maliyyə ayıracağını soruşub.

İrəvanın vitse-meri Suren Qriqoryan isə problemin mövcudluğunu təsdiqləyib. Onun sözlərinə görə, şəhər rəhbərliyi metropolitenin yenilənməsi üçün hökumətdən maliyyə dəstəyi gözləyir.

Vitse-mer bildirib ki, sərnişin sayının artması fonunda bələdiyyə də nəqliyyat parkının yenilənməsi və yeni nəqliyyat vasitələrinin alınması istiqamətində layihələr üzərində işləyir.

Beləliklə, İrəvan metrosunda artan sərnişin axını ilə mövcud infrastrukturun imkanları arasındakı fərq şəhərin gündəlik nəqliyyat problemlərindən birinə çevrilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada