Təhsil eksperti Etibar Əliyev elm və təhsil naziri Emin Əmrullayevin PISA 2025-in nəticələri ilə bağlı səsləndirdiyi fikirləri tənqid edib.
Əmrullayev ADA Universitetində PISA 2025-in nəticələri ilə bağlı keçirilən təqdimat zamanı süni intellektin bəzi materialları Dilçilik İnstitutundan daha yaxşı təqdim etdiyini bildirib.
Etibar Əliyev isə nazirin bu fikirlərini əsas gətirərək PISA 2025-in nəticələrinin süni intellekt vasitəsilə təhlil edilməsini tövsiyə edib.
Ekspert qeyd edib ki, süni intellekt PISA 2025-in nəticələri ilə bağlı fərqli məlumatlar təqdim edir və reqressiya məsələsini də izah edir.
“Dilçilik İnstitutunu qoyaq bir tərəfə. Demirik ki, süni intellekt dövründə yaşayırıq? Hər biriniz ChatGPT-dən PISA 2025-in nəticələrini soruşun. Süni intellekt nazirin söylədiklərinin tam əksini deyir, reqressiyanı izah edir. Emin Əmrullayevin ‘təbii intellekti’ni darmadağın edir”, – deyə Etibar Əliyev bildirib.
O, nazirin süni intellektlə bağlı mövqeyindən çıxış edərək, bu məsələdə də süni intellektin təqdim etdiyi nəticələrə diqqət yetirilməli olduğunu vurğulayıb.
Etibar Əliyev həmçinin ChatGPT-nin Azərbaycan dilində də təhlillər apara bildiyini və müxtəlif mövzular üzrə geniş arayışlar hazırladığını qeyd edib.
Ekspert sonda PISA 2025-in nəticələri ilə bağlı səsləndirilən fikirlərin ictimaiyyət tərəfindən süni intellekt vasitəsilə yoxlanılmasını təklif edib.