Bir çox insan
diqqəti zədələnmə yerindən yayındırmağın ağrının subyektiv qavrayışını
azaltmağa kömək edə biləcəyini bilir. Lakin, indi məlum olur ki, başqa bir
yanaşma da varmış. Əksinə, diqqəti ağrıyan yerə yönəltmək bədənin iltihabla
daha tez mübarizə aparmasına kömək edə bilər.
İsraildəki
Bar-İlan Universitetinin alimləri müəyyən ediblər ki, insanlar şüurlu şəkildə
diqqətlərini əllərindəki kiçik bir iltihablı dəri nahiyəsində yaranan hisslərə
yönəltdikdə, iltihab reaksiyası daha zəif olur və diqqətlərini başqa yerə
yönəltdikləri zamana nisbətən daha tez normal vəziyyətə qayıdır.
Tədqiqatda
yüngül, müvəqqəti dəri iltihabına səbəb olmaq üçün standart prosedur tətbiq
edilən 57 sağlam könüllü iştirak edib. Daha sonra onlardan ya həmin nahiyədəki
hisslərə diqqət yetirmələri, ya da diqqətlərini başqa yerə yönəltmələri
istənilib. Alimlər 20 dəqiqə ərzində iltihabın irəliləməsini izləyərək eyni
zamanda ürək döyüntüsünü, dəri temperaturunu və vegetativ sinir sisteminin
fəaliyyətini ölçüblər. Nəticələr göstərib ki, iştirakçıların təxminən 90%-i təsirlənmiş
nahiyəyə diqqət yetirərkən iltihab reaksiyasının azalmasını hiss ediblər ki, bu
da diqqəti yayınmış vəziyyətdən təxminən 1,5 dəfə çoxdur.
Tədqiqatçılar bu
təsir üçün iki tamamlayıcı mexanizm təklif etdilər. Biri iltihablı toxumadan
gələn sensor siqnalları əhatə edir, digəri isə diqqətin yuxarıdan aşağıya
təsiridir və bu təsir lokal anesteziya ilə sensor siqnalları azaltdıqdan sonra
da davam edir. Beləliklə, bu tapıntılar diqqətin həm sensor siqnalları, həm də
beynin bədən funksiyasını tənzimlədiyi mexanizmlər vasitəsilə iltihaba təsir
göstərə biləcəyini göstərir, baxmayaraq ki, bu cür təsirlərin xroniki
iltihabda, otoimmün xəstəliklərdə və yara sağalmasında müşahidə
olunub-olunmayacağı hələ məlum deyil.
Gələcəkdə
alimlər beyin və immun sistemi arasındakı qarşılıqlı təsiri daha da öyrənməyi
və diqqətin oxşar təsirlərinin digər fizioloji proseslərə də şamil
olub-olmadığını müəyyən etməyi planlaşdırırlar.
News365.az