Putin İrəvana təzyiq edir, Bakı ilə münasibətləri yumşaldır

Putin İrəvana təzyiq edir, Bakı ilə münasibətləri yumşaldır
10:20

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə edib, ikitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılığa gəliblər.

Politoloq Turan Rzayev sözügedən telefon danışığını News365.az-a şərh edib.

Politoloq bildirib ki, Putin və Əliyev sonuncu dəfə Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubiley sammiti çərçivəsində görüşüblər. Onun sözlərinə görə, həmin görüş qısa və ayaqüstü olsa da, tərəflər cari vəziyyəti müzakirə ediblər.

Turan Rzayev qeyd edib ki, Rusiyanın Azərbaycana münasibətində müəyyən ziddiyyətli məqamlar müşahidə olunur. O, Rusiya media və informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə təxribat xarakterli açıqlamaların səsləndirildiyini vurğulayıb.

Politoloqun sözlərinə görə, buna baxmayaraq, Prezident Vladimir Putinin Azərbaycanla bağlı son açıqlamaları və İlham Əliyevlə telefon danışığı Moskvanın Bakı ilə münasibətləri normallaşdırmaqda maraqlı olduğunu göstərir.

“Göründüyü kimi, bir tərəfdə Azərbaycanı, Azərbaycan xalqını və ölkə rəhbərliyini ardıcıl tənqid və təhqir edən Rusiya media və ekspertləri, digər tərəfdən isə Prezident İlham Əliyevlə səmimi söhbət edən, iki ölkə münasibətlərində buzları əritməyə çalışan Prezident Vladimir Putin var”, – deyə politoloq bildirib.

Turan Rzayev hesab edir ki, Moskvanın Bakıya qarşı mövqeyindəki qeyri-müəyyənliyin əsas səbəblərindən biri Azərbaycanın müstəqil xarici siyasət yürütməsi və regional güc statusunu möhkəmləndirməsidir.

“Azərbaycan müstəqil xarici siyasət yürüdür, geosiyasi reallıqları nəzərə alıb balansı qoruyur, regional güc statusuna yetişib. Bakının geosiyasi mövqeyindən maksimum istifadə edərək böyük layihələrdə həlledici aktora çevrilməsi və bunun verdiyi inamla daha cəsarətli addımlar atması Kremlin ürəyincə deyil”, – deyə o vurğulayıb.

Politoloq əlavə edib ki, Azərbaycan Rusiya ilə münasibətlərində narazılıq doğuran məsələlərə səssiz qalmır və Moskva qarşısında konkret gözləntilərini açıq şəkildə ifadə edir.

Onun sözlərinə görə, Bakı Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı da fərqli mövqedən çıxış edir, müharibəni işğalçı xarakterli hesab edir və Ukraynaya humanitar yardım göstərir.

“Bütün bunlar Rusiyanı narazı salsa da, Bakının Kremlə radikal şəkildə arxasını çevirməməsi, daha dəqiq desək, Rusiyaya qarşı Qərbin iqtisadi-siyasi sanksiyalarına qoşulmaması, əksinə, diplomatik və iqtisadi əlaqələrini inkişaf etdirməsi Kremlin özünü vaxtaşırı toparlamasına gətirib çıxarır”, – deyə Turan Rzayev bildirib.

Politoloq Cənubi Qafqazda Ermənistan faktorunun da Moskvanın siyasətinə təsir etdiyini qeyd edib. O bildirib ki, Ermənistan Azərbaycanla sülh danışıqları aparır, Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır və Qərblə əlaqələrini genişləndirir.

Rzayevin sözlərinə görə, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi strukturlarla münasibətlərində də müəyyən problemlər yaranıb. O, 102-ci hərbi baza ətrafında baş verən siyasi proseslərin intensivləşməsinin Kremlin narahatlığını artırdığını vurğulayıb.

Politoloq hesab edir ki, Moskva bir tərəfdən Ermənistanda təsir imkanlarının zəifləməsi, digər tərəfdən isə Azərbaycanla münasibətlərin pisləşməsi riskini nəzərə alır.

“Belə bir zamanda Bakını da qarşısına almaq Moskvanın Cənubi Qafqazdan birdəfəlik əlini çəkməsi deməkdir. Ona görə də Putin İrəvana təzyiqi artırdığı bir zamanda Bakı ilə buzları əridir. Putin–Əliyev telefon danışığı məhz bu baxımdan diqqət çəkir”, – deyə Turan Rzayev News365.az-a bildirib.


Sizin reklam burada
Sizin reklam burada