Sərnişindaşımada Xəzərin imkanları niyə nəzərə alınmır?

Sərnişindaşımada Xəzərin imkanları niyə nəzərə alınmır?
16:04

Paytaxtdakı tıxaclar günümüzün aktual mövzusudur. Bütün təşəbbüslərə baxmayaraq şəhərdə tıxaclar qalmaqdadır. Tıxacların azaldılması üçün müxtəlif layihələr irəli sürülür. Onlardan biri də dənizlə sərnişindaşımadır.

Nəzərə alaq ki, Bakıda dəniz yolu ilə sərnişindaşıma məsələsinə yalnız turistik gəmi gəzintisi kimi yox, şəhər nəqliyyatının alternativ qolu kimi baxmaq maraqlı nəticələr verir. Hazırda Bakı bu potensialdan əsasən turizm və istirahət məqsədilə istifadə edir. Halbuki Xəzər sahili boyunca bəzi istiqamətlərdə dəniz nəqliyyatı avtomobil yollarına alternativ ola bilər.

Bakıda hazırkı vəziyyət

Bu gün Bakı buxtasında sərnişin daşımalarının əsas görünən forması gəzinti xidmətləridir. Dənizkənarı Milli Parkın məlumatına görə, 450 sərnişin tutumlu “Mirvari” gəmisi fəaliyyət göstərir və gündəlik 14:00–21:00 arasında işləyir. Adi biletin qiyməti 5 manatdır.

Digər tərəfdən, Bakıda Marine Passanger Terminal kimi dəniz sərnişin infrastrukturu da mövcuddur. Lakin şəhərdaxili sərnişin daşımalarında bu potensial hələ tam istifadə olunmur.

Bəs Bakı üçün dəniz avtobusları mümkündürmü?

Çox yəxin ki, mümkündür və xüsusilə müəyyən marşrutlarda ciddi alternativ ola bilər.

Məsələn, Bakı mərkəzi – Bayıl – Bibiheybət – Ələt. Və daha qısa şəhər marşrutları:

Bulvar – Bayıl

Bulvar – Zığ

Bulvar – Hövsan

kimi istiqamətlər texniki-iqtisadi baxımdan ayrıca araşdırıla bilər.

Burada məqsəd bütün sərnişinləri dənizə keçirmək deyil. Əsas məqsəd avtomobil yollarında sıxlığı azaldacaq alternativ nəqliyyat xətti yaratmaqdır.

Dəniz nəqliyyatının ən böyük üstünlüyü odur ki, onun üçün yeni yolun asfaltlanmasına ehtiyac yoxdur. Bakı kimi nəqliyyat sıxlığının yüksək olduğu şəhərdə su üzərində ayrıca hərəkət dəhlizi yaranır.

Məsələn, dəniz avtobusu tıxacdan asılı olmur, böyük sərnişin tutumuna malik ola bilər, şəhərin müxtəlif sahil nöqtələrini birləşdirə bilər, turistlər üçün əlavə cəlbedicilik yaradar, avtomobil nəqliyyatının yükünü müəyyən qədər azalda bilər, elektrik və ya hibrid mühərrikli gəmilərdən istifadə edilərsə, ekoloji üstünlük yarada bilər.

Amma ciddi problemlər də var

Ən böyük məsələ Xəzərin səviyyəsinin dəyişməsidir. Bakı bulvarı ilə bağlı son rəsmi məlumatlarda Xəzərin səviyyəsinin azalmasının yeni çağırışlar yaratdığı xüsusi qeyd olunur. Bu, sərnişin limanları və yanalma körpülərinin layihələndirilməsini çətinləşdirir. Yəni bu gün tikilən körpü bir neçə ildən sonra suyun səviyyəsinin dəyişməsi səbəbindən effektivliyini itirə bilər.

İkinci problem küləkdir. Bakı güclü küləkləri ilə seçilir. Sərnişin gəmilərinin təhlükəsizliyi üçün hava şəraitindən asılı olaraq marşrutların dayandırılması mexanizmi olmalıdır. Hazırda Bulvarın “Mirvari” gəmisi də əlverişsiz hava şəraitində fəaliyyət göstərmir.

Üçüncü məsələ dayanıqlı sərnişin axınıdır. Dəniz avtobusu yalnız o zaman iqtisadi cəhətdən səmərəli olacaq ki, insanlar ondan gündəlik işə, universitetə və digər məqsədlərlə getmək üçün istifadə etsinlər.

Daha uzunməsafəli sərnişindaşıma üçün gəmilər 100–300 sərnişin tutumlu ola bilər. Pik saatlarda interval 15–30 dəqiqə səviyyəsinə endirilə bilər.

Ən vacibi isə dəniz avtobusunun metro, avtobus və dəmir yolu ilə vahid nəqliyyat sisteminə inteqrasiyasıdır. Sərnişin bir nəqliyyat kartı ilə avtobusdan dəniz avtobusuna, oradan metroya keçə bilməlidir.

Bakıda dəniz sərnişindaşıması hazırda daha çox istirahət və turizm xidməti səviyyəsindədir. Lakin şəhərin nəqliyyat problemləri və uzun sahil xətti nəzərə alınarsa, onu ictimai nəqliyyat sisteminin ayrıca komponentinə çevirmək ideyası araşdırılmağa dəyər.

Bakı artıq dənizkənarı şəhərdir. Məsələ sadəcə dənizə baxmaq yox, şəhər nəqliyyatında dənizdən istifadə etməkdir.

News365.az

 


Sizin reklam burada
Sizin reklam burada