“Atom ölmür, bəs insanın ölümü nədir?” – Maraqlı müzakirə

“Atom ölmür, bəs insanın ölümü nədir?” – Maraqlı müzakirə
14:30

Ölüm insanın sonudur, yoxsa onu təşkil edən maddələrin başqa formaya keçidi? İnsanın min illərdir cavab axtardığı bu sual Türkiyənin “Kızıl Goncalar” serialında maraqlı fəlsəfi müzakirə mövzusuna çevrilib. Ekran əsərində Cüneyd və Suavi Alkanlı arasında baş tutan dialoq ölüm, ölümsüzlük və həyatın bioloji mahiyyəti barədə düşündürücü suallar doğurub.

News365.az xəbər verir ki, jurnalist Azər Rəşidoğlu sosial şəbəkə hesabında serialdakı həmin səhnəni paylaşaraq diqqəti dialoqun fəlsəfi məzmununa yönəldib.

Səhnədə Cüneyd kainatın hansısa nöqtəsində ölümsüz canlıların mövcud olub-olmadığını soruşur. Suavi isə elmi baxımdan belə bir ehtimalı inkar etməyin mümkün olmadığını bildirir. Daha sonra söhbət belə bir varlığın kainatın yaranışından bəri mövcud ola bilməsi ehtimalına keçir.

Dialoqun ən diqqətçəkən məqamı isə ölümün mahiyyəti ilə bağlı sual olur. Cüneydin “Bəs ölüm nədir?” sualına Suavi belə cavab verir: “Ölüm bir metabolizmanın durmasıdır. Başqa heç nə”.

Söhbət zamanı atomların taleyi də müzakirə edilir. Suavi həyatın quruluşunu təşkil edən elementlərin yox olmadığını, atomların ölmədiyini, sadəcə maddənin müxtəlif formalarda mövcudluğunu davam etdirdiyini vurğulayır.

Azər Rəşidoğlu paylaşımında dialoqun əsas fəlsəfi məqamını belə ifadə edib: Ölüm fərdin tamamilə yox olmasıdır, yoxsa onu təşkil edən maddələrin başqa formaya keçməsidir?

Bu sual insanın varlığı, həyatın sonu və təbiətdəki maddə dövranı haqqında müzakirələri yenidən gündəmə gətirir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada