Rusiya ilə Azərbaycan Türkiyənin qaz bazarında rəqibdirmi?

Rusiya ilə Azərbaycan Türkiyənin qaz bazarında rəqibdirmi?
09:45
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanı etibarlı tərəfdaş adlandıraraq enerji, xüsusilə qaz sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunduğunu bildirib. O, Rusiyanın Türkiyənin qaz bazarında Azərbaycanı rəqib hesab etmədiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ölkəmizin beynəlxalq enerji bazarında etibarlı təchizatçı kimi roluna diqqət çəkib.
Bəs Rusiya ilə Azərbaycan Türkiyənin qaz bazarında rəqibdirmi? İki ölkənin qaz sahəsində əməkdaşlığı necə olabilər?
Bu məsələyə ölkələrin mövcud hasilatı hansı bazarlara və hansı imkanlarla sata bilmələri baxımından yanaşmaq lazımdır.
2025-ci ildə Rusiya 662,7 mlrd. kubmetr qaz hasil edib. Bunun 115,5 mlrd. kubmetrini boru kəmərləri ilə, əlavə 30,3 mln. tonunu isə mayeləşdirilmiş qaz şəklində ixrac edib.
Azərbaycan isə ötən il 51,5 mlrd. kubmetr qaz hasil edib və 25,2 mlrd. kubmetrini ixrac edib.
Əsas fərq ondadır ki, Rusiyanın qaz ehtiyatları və hasilat imkanları böyük olsa da, ixrac bazarları ciddi şəkildə məhdudlaşıb. Azərbaycanın isə mövcud ixrac imkanları böyük ölçüdə istifadə olunur və əlavə satış bazarlarına çıxmaq potensialı var.
Məsələn, 2021-ci ildə Avropa İttifaqı Rusiyadan 150 mlrd. kubmetrdən çox qaz idxal edirdisə, 2025-ci ildə bu göstərici 36 mlrd. kubmetrə düşüb. Yəni Rusiya dörd il ərzində Avropa İttifaqında 110 mlrd. kubmetrdən artıq illik satış həcmini itirib. Bu həcmi digər bazarlara yönəltmək isə həm infrastruktur, həm də geosiyasi məhdudiyyətlər səbəbindən çətindir.
Belə şəraitdə Türkiyə Rusiya üçün xüsusilə əhəmiyyətli bazardır. 2025-ci ildə Rusiya Türkiyəyə 21,2 mlrd., Azərbaycan isə 11,9 mlrd. kubmetr qaz tədarük edib. Başqa sözlə, Rusiyanın bu bazara satdığı qaz Azərbaycanın tədarükündən təxminən 2 dəfə çoxdur.
Amma Azərbaycanın vəziyyəti fərqlidir. Azərbaycan qazına müxtəlif ölkələrdə əlavə tələbat var. Ölkəmizin qarşısında duran əsas məsələ yeni alıcı tapmaqdan daha çox, hasilat və nəqletmə imkanlarını genişləndirməkdir.
Bu fərq iki ölkə arasında əməkdaşlıq üçün də əsasən iki istiqamətdə nəzəri olaraq imkanlar yaradır.
bun istiqamətlərdən birincisi, Azərbaycan Türkiyəyə satdığı qazın müəyyən hissəsini başqa bazarlara yönəldə, Türkiyə isə yaranan tələbatı Rusiya qazı hesabına ödəyə bilər. Bu halda Azərbaycan alternativ bazarlardan, Rusiya isə Türkiyədə əlavə satış imkanlarından faydalanmış olar.
İkinci istiqamət isə, Azərbaycan daxili qaz tələbatının müəyyən hissəsini Rusiyadan idxal etməklə öz hasilatından ixraca daha çox qaz ayıra bilər. Bu da qarşılıqlı iqtisadi maraqlara uyğun əməkdaşlıq forması ola bilər. Yəni nəzəri cəhətdən Rusiya üçün kiçik də olsa, müştəri ola bilərik.
Təbii ki, hər iki variantın reallaşması müqavilə öhdəliklərindən, qazın qiymətindən, nəqletmə imkanlarından və iqtisadi səmərəlilikdən asılıdır.
Yeri gəlmişkən, SOCAR rəhbərliyi də bu yaxınlarda Rusiyadan qaz alınması və qarşılıqlı qaz mübadiləsi imkanlarına maraq ifad edib.
Beləliklə, Putinin açıqlamasının arxasında kifayət qədər ciddi iqtisadi məntiq dayanır. Rusiya itirdiyi satış bazarlarını kompensasiya etməyə, Azərbaycan isə mövcud qaz potensialından daha səmərəli istifadə etməyə çalışır.
Bir sözlə, Türkiyənin qaz bazarında Azərbaycan və Rusiya əslində bir-birinə rəqib deyil.
Amma bu iki ölkə arasında qeyd etdiyim istiqamətlər üzrə əməkdaşlığın konkret olaraq hansı formada reallaşacağı isə, təbii ki, hərtərəfli ciddi təhlillərdən sonra qəbul ediləcək qərarlardan asılıdır
Eldəniz Əmirov, iqtisadçı

Sizin reklam burada
Sizin reklam burada