COP31 Azərbaycanın beynəlxalq iqtisadi mövqeyini gücləndirəcək?

COP31 Azərbaycanın beynəlxalq iqtisadi mövqeyini gücləndirəcək?
13:21

Azərbaycanın iqlim diplomatiyasında qazandığı mövqe ölkəyə yeni iqtisadi imkanlar qazandıra bilər. COP29-a ev sahibliyi zamanı formalaşan təcrübənin növbəti beynəlxalq platformalarda təqdim edilməsi, xüsusilə yaşıl iqtisadiyyat və innovasiyalar sahəsində xarici investisiyaların cəlb olunmasına töhfə verə bilər.

News365.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanın COP29 təcrübəsinin və COP31-də iştirakının ölkənin beynəlxalq iqtisadi mövqeyinə, eləcə də investisiya perspektivlərinə təsirini şərh edərkən bildirib.


Deputatın sözlərinə görə, Azərbaycan qlobal iqlim gündəliyində fəal iştirak edən ölkələr sırasındadır. COP29-un ölkəmizdə keçirilməsi və tədbir çərçivəsində əldə olunan nəticələr Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələri beynəlxalq ictimaiyyətə nümayiş etdirmək baxımından mühüm rol oynayıb.

Vüqar Bayramov qeyd edib ki, COP29-a ev sahibliyi Azərbaycanın iqlim siyasəti və enerji keçidi sahəsində təcrübəsini genişləndirib. Bu təcrübənin beynəlxalq tərəfdaşlarla bölüşülməsi ölkənin qlobal əməkdaşlıq imkanlarını da artırır.

Millət vəkili hesab edir ki, beynəlxalq tədbirlərdə fəal iştirak yalnız Azərbaycanın siyasi nüfuzunun güclənməsinə deyil, həm də iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir. Xüsusilə yaşıl iqtisadiyyatın inkişafı və enerji keçidi istiqamətində həyata keçirilən təşəbbüslər yeni investorların diqqətini ölkəyə yönəldə bilər.

Deputat vurğulayıb ki, COP31 bu baxımdan Azərbaycan üçün əlavə imkanlar yarada bilər. Tədbir çərçivəsində yaşıl iqtisadiyyat layihələrinə investisiyaların artırılması, innovativ texnologiyaların cəlb edilməsi və Azərbaycanın təcrübəsinin digər ölkələrə təqdim olunması mümkündür.

Onun fikrincə, COP29 zamanı əldə edilən təcrübənin davamlı şəkildə beynəlxalq əməkdaşlığa çevrilməsi Azərbaycanın həm iqtisadi, həm də ekoloji gündəlikdə mövqeyini möhkəmləndirə bilər.


Sizin reklam burada
Sizin reklam burada