2027-ci ildə Azərbaycanda böyük sosial paket reallaşdırılacaq

2027-ci ildə Azərbaycanda böyük sosial paket reallaşdırılacaq
22:43

2027-ci ildə Azərbaycanda genişmiqyaslı sosial paketin həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə dövlət büdcəsində əvvəlcədən ehtiyat vəsait də ayrılıb.

News365.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı deputatların suallarını cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, hazırda hökumət nəzərdə tutulan layihələrin son variantı üzərində işləyir. Ölkə rəhbərliyi tərəfindən müvafiq qərar qəbul edildikdən sonra ayrılmış vəsaitlərin konkret istiqamətlər üzrə bölgüsü müəyyənləşdiriləcək.

Sahil Babayev əhalinin sosial rifahının qorunması, xüsusilə də pensiyaçıların gəlirlərinin artırılması istiqamətində görülən işlərə də toxunub. O qeyd edib ki, Azərbaycanda pensiyaların illik indeksasiyası ənənəvi olaraq əvvəlki ilin orta aylıq əməkhaqqının artımına uyğun aparılır.

Nazir bildirib ki, son beş il ərzində pensiyaların indeksasiyası orta hesabla 9 faiz təşkil edib. Onun sözlərinə görə, cari ildə inflyasiyanın 5,6 faiz, gələn il üçün isə 10 aylıq göstəricilər əsasında proqnozun 5,3 faiz səviyyəsində olması gözlənilir.

Bununla yanaşı, Babayev hesab edir ki, növbəti pensiya indeksasiyası da inflyasiya səviyyəsini üstələyəcək və nəticədə pensiyaçıların gəlirlərində real artım təmin olunacaq.

Nazir indeksasiyanın dəqiq faizinin hələ açıqlanmamasını illik orta əməkhaqqı artımının yekun göstəricisinin formalaşmaması ilə izah edib. O vurğulayıb ki, 12 aylıq nəticələr yalnız yanvarın sonunda məlum olacaq.

Sahil Babayev hazırkı göstəricilərə əsasən orta əməkhaqqı artımının təxminən 7-8 faiz civarında olduğunu bildirib. İlin son iki ayının nəticələri də nəzərə alındıqdan sonra pensiyaların indeksasiyası ilə bağlı yekun rəqəm müəyyənləşdiriləcək.


Sizin reklam burada
Sizin reklam burada