Əmək məhsuldarlığı niyaə azalır?

Əmək məhsuldarlığı  niyaə azalır?
09:15

Dövlət Statistika Komitəsi “Azərbaycanın milli hesabları 2026” statistik məcmuəsini nəşr edib.

Məcmuədə maraqlı məqamlar var. Diqqət çəkən məqamlardan biri də əmək məhsuldarlığı ilə bağlıdır. Çünki iqtisadi inkişaf üçün əmək məhsuldarlığı çox önəmlidir.

Mövzu ilə bağlı danışan iqtisadçı Eldəniz Əmirov deyir ki, iqtisadiyyat iki cür inkişaf edir:

“Ya daha çox adam işləyir, daha çox resurs sərf olunur. Ya da eyni resurs və vaxtla daha çox dəyər yaradılır.

Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərə görə, 2025-ci ildə ölkə üzrə əmək məhsuldarlığı orta hesabla cüzi pisləşib. Sadə dillə desək, bu o deməkdir ki, 2025-ci ildə orta statistik işçi 2024-cü illə müqayisədə az dəyər yaradıb.

Bu, işçilərin daha pis işləməsi demək deyil. Sadəcə iqtisadiyyatın səmərəliliyi baxımından zəifləmə var. Yəni iqtisadiyyatın böyüməsi hələ onun daha keyfiyyətli böyüməsi demək deyil. Əsas məsələ daha çox adam, daha çox vaxt və daha çox resurs hesabına böyümək yox, eyni imkanlarla daha çox dəyər yarada bilməkdir.

Rəqəmlərə baxsaq, 2021-ci ildə əmək məhsuldarlığı 2,9 faiz, 2022-ci ildə 2,9 faiz artıb, 2023-cü ildə 0,3 faiz azalıb, 2024-cü ildə yenidən 2,7 faiz artıb, 2025-ci ildə isə 0,3 faiz azalıb.

Indi məsələnin ən maraqlı tərəfinə, yəni azalmanın harada daha çox olmasına baxaq.

Deməli, iqtisadi fəaliyyət sahələri üzrə 2025-ci ildə əmək məhsuldarlığında ən böyük azalma maliyyə və sığorta fəaliyyətində (7,2 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində (7,1 faiz), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində (4,1 faiz) qeydə alınıb.

Ən yüksək artım isə inzibati və yardımçı xidmətlərin göstərilməsi (9,2 faiz), informasiya və rabitə (7,8 faiz), dövlət idarəetməsi və müdafiə, sosial təminat (4,7 faiz) sahələrində olub.

Düşünürəm ki, əmək məhsuldarlığının azalmasının bir neçə səbəbi ola bilər. Bunlardan biri iqtisadiyyatın bəzi sahələrində məşğul olanların sayının artımının yaradılan əlavə dəyərin artımını üstələməsidir. Yəni işçilərin sayı artır, amma istehsal və xidmətlərin həcmi eyni sürətlə böyümür.

Digər səbəblər müəssisələrdə müasir texnologiyaların kifayət qədər tətbiq olunmaması, investisiyaların gözlənilən səmərəni verməməsi və işin təşkilində mövcud problemlər ola bilər. Bəzi sahələrdə isə istehsalın və xidmətlərin həcminin azalması da əmək məhsuldarlığına mənfi təsir göstərə bilər.

Təbii ki, konkret səbəbləri müəyyən etmək üçün sahələr üzrə daha ətraflı təhlilə ehtiyac var. Daha ətraflı təhlil üçün isə daha detallı məlumatlara ehtiyac var”.

 

News365.az


Sizin reklam burada
Sizin reklam burada