“Problemlər tək şəxslərdə deyil, həm də şəxslərdədir - əsas düyün sistemin özündə cəmləşib,
indiki idarəetmə sistemi artıq effektiv çalışmır. Son 15 ildə, bəlkə də, 150 dəfə
publik çıxışlarımızda sistemin hansı dəyişikliklərə uğramasının zəruriliyindən
danışmışıq. Məsələn, İcra Başçısı institutu işləmirsə, onları həbs etmək, yerlərini
dəyişmək, işdən qovmaq nə effekt verə bilər ki?! Görünən odur ki, effekt
vermir, deməli bu institut ləğv edilməli, ölkənin inzibati ərazi bölgüsü dəyişdirilməli,
14 iqtisadi rayon inzibati ərazi vahidlərinə çevrilməli, həmin ərazi vahidlərinə
dövlət başçısı adına təyin edilmiş Prezidenti şəxsi nümayəndəsi rəhbərlik etməli,
kommunal təsarrüfat, yollar, nəqliyyat və s. yerli məsələlər seçilmiş Bələdiyyələrə
həvalə edilmılidir”.
Bu fikirləri REAL Partiyasının sədri Natiq Cəfərli səsləndirib.
O qeyd edib ki, indiki sistemdə nazirlər Kabineti də “atavizmdir” - əgər Azərbaycan vertikal idarəetməyə söykənən Prezident Respublikasıdırsa, Nazirlər Kabineti ləğv edilməlidir:
“Amma, daha doğru və effektiv yol başqadır: Nazirlər Kabinetinin rolu və forması, eləcə də
məmurların məsuliyyət məsələsi həllini tapmalıdır. İndi Nazirlər Kabinetinin
rolu anlaşılan deyil. Prezident özü Nazirlər Kabinetinin iclasını keçirir,
tapşırıqlar verir, nazirləri qəbul edir. Bu halda Nazirlər Kabineti
institusional olaraq nə işlə məşğuldur? Əgər heç bir işlə məşğul olmursa, onun
qalmasının mənası nədir? Burada səlahiyyət və məsuliyyət bölgüsündə boşluqlar
var.
Mənim şəxsi düşüncəmə görə, hökumətin sosial-iqtisadi məsələlərdə rolu artırılmalı, əslində
hökumət parlamentdən çıxmalı və parlament qarşısında da ciddi məsuliyyəti
olmalıdır. Proporsional qaydada yeni parlament seçkilərinə ehtiyac var ki,
ciddi nəzarət mexanizmi yaransın. Prezidentin səlahiyyəti isə təhlükəsizlik,
ordu, xarici siyasət və digər bu kimi məsələlərin həllindən ibarət olmalıdır. Yəni
dövlətin işlək mexanizmlərinin formatlaşdırılması və idarə olunması birbaşa
Prezidentin nəzarətində olmalıdır və institut bu sahələrdə daha da güclənməlidir
– yəni, Prezident geniş səlahiyyətli Dövlət Başçısı funksiyasını yerinə yetirməli,
Nazirlər Kabineti isə əsl hökumətə çevrilməlidir.
Sosial-iqtisadi məsələlər hökumətin məsuliyyətinə keçməlidir. Yəni, hökumət həm səlahiyyət, həm də məsuliyyət sahibi olmalıdır bu zaman Prezidentin özü də hökumətin işini tənqid
edə, onların məsuliyyətində olan sahələrdə yaranmış problemlərdən cavab tələb
edə biləcək.
Yəni səlahiyyətin və məsuliyyətin artıq proporsional qaydada, aydın şəkildə, konstitutsiyaya əsaslanan hüquqi zəmində bölünməsi zamanıdır – başqa sözlə, indiki Konstitusiya ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş, tarixi zəfər əldə etmiş, amma, iqtisadi problemləri
həllində yerində sayan ölkəmizə dar gəlir, yeni Konstitusiya islahatlarına acil
ehtiyac var...”
News365.az