Braziliyada inanılmaz fırıldaqçılıq hadisəsi üzə çıxıb. Özünü zorakılıq qurbanı olan 12 yaşlı qız kimi təqdim edən 37 yaşlı qadının təxminən 14 ay ərzində bir ailə ilə yaşayaraq onları aldatdığı məlum olub.
News365.az xəbər verir ki, qadın “Qabriele” adı ilə Joinville şəhərindəki kilsələrdən birinə müraciət edərək ailəsi tərəfindən zorakılığa məruz qaldığını və evdən qaçdığını iddia edib. Onun hekayəsinə inanan kilsə üzvləri əvvəlcə maddi yardım göstərib, daha sonra isə xeyriyyəçi bir ailənin yanında qalmasına şərait yaradıblar.
37 yaşlı qadın ailəni aldatmaq üçün autizmli olduğunu, keçmişdə qəbul etdiyi hormon preparatlarının onun fiziki görünüşünü dəyişdirdiyini iddia edib. O, evdə əmzik və körpə butulkasından istifadə edib, uşaq səsi ilə danışıb və zaman-zaman saxta panikaya düşərək rolunu davam etdirib.
Ailə onu rəsmi şəkildə övladlığa götürmək istəyəndə isə qadın şəxsiyyət sənədlərini itirdiyini bəhanə gətirərək prosesi uzadıb. Məktəbə getməkdən imtina edən qadın guya onu axtaran zorakı atasının məktəbdə tapa biləcəyini deyərək evdən çıxmamağa çalışıb.
Hadisə ailənin qohumlarından birinin qadının davranışlarından şübhələnərək polisə müraciət etməsindən sonra üzə çıxıb. Hüquq-mühafizə orqanları keçirilən əməliyyat zamanı qadını saxlayıb.
Dindirilmə zamanı o, özünü azyaşlı kimi təqdim etdiyini etiraf edib və məhkəmə qərarı ilə həbs olunub.
Araşdırmalar zamanı məlum olub ki, qadın Braziliyanın San-Paulu, Rio-de-Janeyro və Minas-Jerays da daxil olmaqla, ən azı beş ştatında oxşar üsullarla insanları aldadıb.
Polis onun müxtəlif ailələrin və təşkilatların etimadını qazanaraq uşaq obrazından istifadə etməklə insanların emosiyalarını istismar etdiyini bildirib. Hadisə ölkədə geniş rezonans doğurub və sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.





