Məhərrəmlikdə bunları etmək olmaz: zəncir vurmaq, bədənə əziyyət vermək… - AÇIQLAMA

Məhərrəmlikdə bunları etmək olmaz: zəncir vurmaq, bədənə əziyyət vermək… - AÇIQLAMA
13:03

Məhərrəm ayının yaxınlaşması ilə birlikdə Kərbəla hadisəsi və əzadarlıq ənənələri yenidən gündəmə gəlir.

Bəzi müsəlman ölkələrində Aşura günü özünə xəsarət yetirmə, zəncir vurma və qan çıxarma kimi mərasimlər keçirilsə də, ilahiyyatçı Ağa Hacıbəyli News365.az-a bu cür davranışların İslamın mahiyyətinə uyğun olmadığını bildirib.

İlahiyyatçı qeyd edib ki, Kərbəla hadisəsi əsrlər keçməsinə baxmayaraq, müsəlmanların qəlbində sağalmayan bir yara olaraq qalır:

"İmam Hüseynin (ə.s) şəhadəti İslam tarixinin ən ağrılı hadisələrindən biridir. Lakin Kərbəla sadəcə bir matəm deyil, həm də böyük bir məktəbdir. Bu məktəb insanlara Quranı, Peyğəmbər əxlaqını, haqqı, ədaləti və mənəvi dəyərləri öyrədir".

Ağa Hacıbəyli vurğulayıb ki, bəzi bölgələrdə insanların zəncir vurması, başlarını yararaq qan çıxarması və bədənlərinə əziyyət verməsi Kərbəlanın mahiyyətini əks etdirmir:

"İslamda tərbiyə bədənə deyil, nəfsə verilir. Kərbəla məktəbi insanın öz nəfsini tərbiyə etməsini öyrədir. Özünə xəsarət yetirmək, qan çıxarmaq və ya bədənə əziyyət vermək dini baxımdan düzgün yanaşma deyil".

İlahiyyatçının sözlərinə görə, qan vermək istəyən şəxslər bunu ehtiyacı olan insanların həyatı naminə edə bilərlər:

"Uzun illərdir ölkəmizdə Aşura günü qanvermə aksiyaları keçirilir. Minlərlə insan bu kampaniyalara qoşularaq xəstələrə və qana ehtiyacı olan şəxslərə yardım edir. Bu, həm insani, həm də İslami baxımdan daha faydalı davranışdır".

Ağa Hacıbəyli hesab edir ki, özünə xəsarət yetirmə səhnələri İslam haqqında yanlış təsəvvür yarada bilər:

"Heç kimin haqqı yoxdur ki, İslam kimi möhtəşəm bir dini qorxunc və eybəcər görüntülərlə təqdim etsin. İmam Hüseynin və Kərbəla şəhidlərinin bu cür hərəkətlərə ehtiyacı yoxdur. Əsas məsələ onların mesajını doğru anlamaqdır".

Əzadarlığın şişirdilməsi ilə bağlı fikirlərə də münasibət bildirən ilahiyyatçı qeyd edib ki, Kərbəla faciəsi müsəlmanların yaddaşında dərin iz buraxdığı üçün bu hadisənin xatırlanması təbiidir:

"Kərbəla haqqın və ədalətin zülm üzərində qələbəsinin simvoludur. İnsanlar hər il Aşura günü həmin hadisələri yada salır, dərslərini öyrənməyə çalışırlar. Lakin bunu ifrata varmadan, orta yolu qoruyaraq etmək lazımdır".

Onun sözlərinə görə, İmam Hüseynin (ə.s) yolu Quranın, İslamın, Əhli-beytin və yüksək mənəvi dəyərlərin yoludur və bu yolu düzgün dərk etmək hər bir müsəlmanın əsas vəzifələrindən biridir.


Sizin reklam burada
Sizin reklam burada