Dünya bazarında neft qiymətlərində son günlər müşahidə olunan enməyə baxmayaraq, yaxın perspektivdə enerji daşıyıcılarının və neft məhsullarının kəskin ucuzlaşacağı gözlənilmir.
Bu barədə News365.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, ilin ilk aylarında neft bazarında qiymətlər yüksək səviyyədə qalıb.
Onun sözlərinə görə, mart ayında Brent markalı neftin orta qiyməti 103 dollar, aprel ayında 109 dollar, may ayında isə 106 dollar təşkil edib:
“Üç aydan artıq müddətdə neftin qiyməti 100 dolların üzərində olub. Son günlər isə qiymətlər 90-95 dollar diapazonunda dəyişir. Bunun əsas səbəbi ABŞ ilə İran arasında mümkün razılaşma ilə bağlı bazarda yaranan müsbət gözləntilərdir”.
Ekspert hesab edir ki, hətta tərəflər arasında razılaşma əldə olunsa belə, neftin qiymətinin əvvəlcədən proqnozlaşdırıldığı kimi 60-65 dollara qədər enməsi real görünmür:
“İlin ilk beş ayının orta göstəricisi təxminən 85 dollar ətrafındadır. Qiymətlər müəyyən qədər aşağı düşə bilər, lakin əvvəlki proqnozlarda göstərilən səviyyələrə enməsi sual altındadır”.
İlham Şaban qeyd edib ki, münaqişələr dövründə bir çox inkişaf etmiş ölkələr strateji neft ehtiyatlarından geniş istifadə edib:
“Bu ölkələr bazara yüz milyonlarla barel neft çıxarıblar. İndi isə həmin ehtiyatların yenidən bərpası tələb olunur. Bu da bazarda əlavə tələbat yaradır və qiymətlərin aşağı düşməsinə mane olur”.
Ekspertin sözlərinə görə, Rusiyanın neft emalı zavodlarına edilən hücumlar da bazardakı vəziyyətə təsir göstərən amillərdəndir:
“Son aylarda Ukrayna pilotsuz aparatlarının hücumları nəticəsində Rusiyanın çoxsaylı neft emalı zavodu zərər görüb. Bunun fonunda Rusiya bir neçə dəfə yanacaq ixracına məhdudiyyət tətbiq edib. Bu isə ənənəvi alıcı ölkələrin alternativ bazarlara yönəlməsinə səbəb olur”.
İlham Şaban hesab edir ki, qlobal enerji bazarında yaranan vəziyyət neft məhsullarının qiymətinə də təsirsiz ötüşməyəcək:
“Enerji daşıyıcılarının bahalaşması nəqliyyat, xidmət və istehsal sahələrində əlavə xərclər yaradır. Bu proses yanacaq qiymətlərinə də təsir göstərir”.
Azərbaycandakı vəziyyətə toxunan ekspert bildirib ki, Aİ-92 markalı benzin və dizel yanacağının qiymətləri dövlət tərəfindən tənzimlənir və ölkənin daxili tələbatı əsasən yerli istehsal hesabına ödənilir.
Yüksək oktanlı benzinin qiymətinin isə bazar prinsipləri ilə formalaşdığını deyən İlham Şaban qeyd edib ki, dünya bazarındakı dəyişikliklər bu seqmentə birbaşa təsir göstərir:
“Hazırda qiymətlərin sabit saxlanılması diqqət çəkir. Lakin bazar iştirakçılarının bu siyasəti nə qədər davam etdirə biləcəyi açıq sual olaraq qalır”.
Ekspert yaxın aylarda qlobal enerji bazarındakı proseslərin diqqətlə izlənilməsinin vacib olduğunu vurğulayıb.