"Ermənistanda seçkilərə sayılı günlər qalıb. Həm bu ölkə, həm də region üçün mühüm bir proses olacağını rahatlıqla demək olar".
Bu fikirləri politoloq Turan Rzayev News365.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, seçkilərin nəticəsinin Ermənistan-Azərbaycan sülh danışıqlarının gələcəyi, Türkiyə-Ermənistan normallaşma prosesi, Rusiyanın Cənubi Qafqaza təsiri və Avropanın enerji təhlükəsizliyi kimi bir sıra mühüm məsələlərə dolayı təsiri olacaq:
"Lakin bir məsələ artıq dəqiqdir. Seçkilərdə qalibi də, məğlubu da Azərbaycan faktoru müəyyən edəcək. Əslində Azərbaycan bu və ya başqa formada Ermənistan seçkilərinə müdaxilə etmir, belə bir düşüncəsi də yoxdur. Düzdür, seçkilər Bakıdan da izlənilir, lakin birbaşa müdaxilədən söhbət gedə bilməz".
Politoloq bildirib ki, Ermənistanın seçki kampaniyasında Azərbaycan amili mühüm yer tutur:
"Real mənzərə bundan ibarət olsa da, Ermənistandakı seçki kampaniyasında Azərbaycan, Prezident İlham Əliyevin çıxışları və mesajları gündəm yaradır. Robert Köçəryan və onun kimi digər revanşistlər açıq şəkildə Azərbaycan təhdidindən danışır, azərbaycanofobiyanı təbliğ edir. Nikol Paşinyanın da gündəmində Azərbaycan, Azərbaycanla münasibətlər və ehtimal risklər kimi mövzular var. Məhz buna görə demək olar ki, seçkinin qalibini Azərbaycan faktoru müəyyən edəcək".
T.Rzayev qeyd edib ki, seçkilərdə Paşinyanın qalib gəlmək ehtimalı daha yüksək görünür:
"Bir tərəfdən Azərbaycanla əməkdaşlıq və sülhün faydalarından bəhs edən Paşinyan var, digər tərəfdən isə Azərbaycanı təhdid aləti kimi təqdim edərək seçiciləri qorxudub nəyəsə nail olmağa çalışan Köçəryan və revanşistlər var. Subyektiv yanaşmam belədir ki, Paşinyan və komandası seçkidə qalib gələcək. Çünki daha orijinal və rəngli kampaniya aparırlar. Bundan başqa, vədləri erməni cəmiyyətinin maraqlarına uyğundur".
Ekspert əlavə edib ki, Paşinyanın üstünlüyünü artıran əsas amillərdən biri də sülh prosesidir:
"Paşinyanın hakimiyyəti dövründə başlayan və uğurla davam edən bir sülh prosesi var. Bu prosesin bir də Türkiyə xətti var. Yəni reallığın çəkisi Paşinyanın xeyrinədir".
Politoloqun fikrincə, revanşist qüvvələrin seçki kampaniyasını Azərbaycan təhdidi üzərində qurmasının səbəbləri də var:
"Əslində Robert Köçəryan və digər revanşistlərin israrla seçki kampaniyasını Azərbaycan təhdidi üzərində qurması təəccüblü deyil. Onlar qorxur ki, seçkidə məğlubiyyətdən sonra Paşinyan onları bu və ya digər formada həbs etdirə bilər".
T.Rzayev sonda vurğulayıb ki, mövcud siyasi reallıqlar fonunda Nikol Paşinyanın seçkilərdə qələbə qazanması istisna deyil.