Türkiyənin Ərzurum şəhərində bacısının həyatını xilas edən 23 yaşlı Ömər Tutaş qısa müddət sonra ürəktutmadan vəfat edib.
News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Osman Bektaş məhəlləsində baş verib.
Məlumata görə, ailəsi ilə səhər yeməyi yeyən Şeyma Tutaş qəfil nəfəs almaqda çətinlik çəkib. Vəziyyəti görən qardaşı Ömər Tutaş dərhal müdaxilə edərək bacısının dilinin boğazına qaçmasının qarşısını alıb və onun nəfəs almasını təmin edib.
Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları Şeyma Tutaşı "Erzurum City Hospital"a çatdırıblar. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Bacısı xəstəxanaya aparıldıqdan sonra evə qayıdan Ömər Tutaş isə qəfil halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Gəncin ürəktutmasından öldüyü müəyyən edilib.
Bildirilib ki, Ömər Tutaş bir müddətdir ürək xəstəliyindən əziyyət çəkirmiş və hadisənin baş verdiyi gün saat 15:00 üçün xəstəxanadan müayinə növbəsi də alıbmış. Lakin o, müayinəyə çatmadan dünyasını dəyişib.
News365.az