Xeyir və şər mövzusu uzun əsrlərdir dinlərin, məzhəblərin hətta fəlsəfənin müzakirə, mübahisə mövzusu olub. İslam təriqətlərinin əksəriyyəti izah edirdi ki, xeyir kimi şəri də Allah yaradır. Lakin Allahı mütləq adil xarakterlə tərənnüm edən Mötəzilə cərəyanı şərin yaradılmasını ilahi ədalətə zidd hesab edirdi. Ona görə də xeyrin Allahdan, şərin isə insanın öz əməlinin nəticəsi olduğunu irəli sürürdü. Cəbriyyə isə radikal şəkildə insanın heç bir ixtiyarı olmadığını deyir, baş verən bütün hadisələrin fiziki qanunauyğunluqla, ilahi təqdirlə baş verdiyini, insanın heç bir ixtiyarı olmadığını qəbul edirdi.
Əslində isə mütləq xeyir və mütləq şər yoxdur. Baxış bucaqlarına, şəraitə, zamana, zahiri qiymətinə görə nəyəsə şər, nəyəsə xeyir deyirik. Bir adamın xəstələnib faydalı sandığı səfərə çıxa bilməməsini şər hesab etsək, onun getməli olduğu təyyarənin qəzaya uğrayıb hamının ölməsindən sonra şəxsin xəstələnib yoldan qalmasını xeyir hesab edəcəyik. Demək xeyir dediyimiz şeyin içində, əsl batini mahiyyətində bir şər, şər hesab etdiyimiz şeyin içində də bir xeyir gizlənmiş ola bilər.
Orta əsr həkim-filosofu Zəkəriyyə Razi deyirdi ki, şər xəstəlik kimidir. Bir həkim olaraq o, pis əməlləri və əxlaqsızlığı ruhun xəstəlikləri olaraq görürdü. Necə ki fiziki xəstəliklər müalicə tələb edir, paxıllıq və qəzəb kimi şər əməllər də ağıl və fəlsəfi tərbiyə ilə müalicə olunmalıdır.
Qaranlıq əslində işiğın yoxluğudur. Xəstəlik sağlamlığın yoxluğudur. Şər də xeyirin yoxluğudur. Öz təbii halıdır. Yağış yağır, məhsul bollaşır, bunu xeyir sayırıq. Lakin bir qədər artıq yağır, bəndlər aşır, evlər dağılırsa bunu şər hesab edirik. Bəndlərin aşması digər bir fəsadın qarşısını alırsa təzədən fikrimizi dəyişib seli xeyir hesab edirik...
Allah birbaşa kimin üçünsə şər yaxud xeyir bölgüsü edirmi? Əgər insana ixtiyar verilibsə özündən asılı olan, iqtidarı çatan bütün məsələlərdə qazandığı kəsbidir, öz əməlinin nəticəsidir. Özündən asılı olmayan məsələlər isə başqalarının fəaliyyətinin nəticəsidir.
Zəkəriyyə Razi hesab edirdi ki, hər bir insanın daxilində onu yaxşılığa sövq edən ilahi bir nur-ağıl var. Onun fəlsəfəsində xeyir; insanın nəfsinə hakim olması, biliklərə yiyələnməsi və cismani zövqlərdən çox ruhi, əqli kamilliyə yönəlməsidir. O, şəri şeytani və ya fövqəltəbii xüsusi, konkret bir qüvvə hesab etmirdi. Razi üçün şər; insanın nəfsinə və ehtiraslarına (qısqanclıq, həsəd, kin, paxıllıq, tamah, qəzəb) uyması, cəhalət və düşüncəsizlik nəticəsində meydana gələn əməllərdir.
İnsanlar üçün xeyir və şər anlayışı onların həyata baxışına, fəlsəfəsinə, inancına, dininə görə də fərqlidir. Birinə görə xeyir sayılan iş digərinə görə şər adlanır. Lakin əsl xeyri və əsl şəri necə müəyyən etməli? İlahi meyarlar və Ağıl və Quranla. Bunun üçün bir mayak, bir mizan olmalıdır ki, bu da Qurandır. İlahi buyruqlardan çıxmaq, fəsada meyl etmək, ümumi nizamı pozacaq əməllərə yol vermək ümumi şər hesab olunur Qurana və Ağıla görə. Başlanğıcdan bütün şeylərin, əməllərin, insan fəaliyyətinin təbii ki, yaradıcısı və hərəkətvericisi Allahdır. Lakin bəzilərində birbaşa, bəzilərində dolayı. İnsanı Allah yaradırsa demək onun bütün fəaliyyətini, hərəkətlərini, əməllərini də dolayı olaraq Allah yaratmış olur. Lakin burada verilmiş ixtiyar və azadlıq məsuliyyəti yaradıcının üzərindən götürür. Bir şirkət avtomobil istehsal edir, maşını necə istifadə etmək, hansı sürətlə sürmək gərəkdiyini müəyyən edir. Əgər insan bu qaydalara əməl etməyib həmin avtomobillə qəza, cinayət törədirsə artıq bunun məsuliyyətini istehsalçı şirkət yox maşını idarə edən daşıyır. İnsan da elədir. Xeyir və şər əslində konkret olaraq yoxdur. Bu, insanın fəaliyyəti, yaşamı sayəsində, zaman və zəminə uyğun olaraq müəyyən olunur, ona ad verilir. Bir hadisənin, qəzanın, xəstəliyin adını bir baxış bucağına, zahirinə görə bəla, şər qoymaq nisbidir, səthidir. Ümumi mahiyyəti ifadə etmir. Quranda Xızırın uşağı öldürməsi hekayəsi zahirə görə qəbahət və şər əməl idi. Hətta şəriətə görə cinayət sayılırdı. Amma ilahi baxış bucağına, hikmət, batin meyarlarına görə isə xeyir və fayda verən əməl idi. Çünki o uşaq böyüyüb qan tökən və fəsadçı biri olacaqdı. Bu göstərir ki, batində, əsl mahiyyəti etibari ilə nəyin xalis şər, nəyin xalis xeyir olduğunu yalnız konkret olaraq Allah, yaradıcı müəyyən edə bilər, Ağıl da zahirə hökm verir, çünki bari pərdələrinin arxasını görə bilmir. Odur ki, insan üçün xeyir və şər anlayışı nisbi, birtərəfli, qeyri - müəyyən və qüsurlu olaraq qalır.
Tural İrfan, dinşünas