"Azərbaycan regionun ən böyük enerji tədbirlərindən biri olan Bakı Enerji Forumuna ev sahibliyi edir. Tədbir dünyanın müxtəlif ölkələrindən, o cümlədən Avropa İttifaqı və ABŞ-ı təmsil edən yüksək səviyyəli rəsmilərin, şirkət nümayəndələrinin, dövlət qurumlarının və media təmsilçilərinin iştirakı ilə keçirilir."
Bunu News365.az-a açıqlamasında Millət vəkili Vüqar Bayramov deyib.
Vüqar Bayramov qeyd edib ki, Bakı Enerji Forumu artıq uzun illərdir beynəlxalq miqyasda mühüm müzakirə platformalarından biri kimi tanınır və bu il də geniş maraq doğurur:
"Forumda ölkələr arasında enerji siyasəti, əməkdaşlıq imkanları, texnologiya və innovasiya sahəsində yeni yanaşmalar müzakirə olunur. Eyni zamanda yaşıl enerji və sənaye sahələrində gələcək əməkdaşlıq perspektivləri də gündəmdədir".
Vüqar Bayramov bildirib ki, bu ilki forumun ən mühüm yeniliklərindən biri Azərbaycan–ABŞ iqtisadi dialoqunun təşkil olunmasıdır. Onun sözlərinə görə, bu addım iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinə uyğun olaraq həyata keçirilir və iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.
Millət vəkili vurğulayıb ki, müzakirələr xüsusilə texnologiya və innovasiya sahəsində Azərbaycana yeni imkanlar açır:
“Bu dialoq çərçivəsində tərəflər arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, yeni texnologiyaların cəlb olunması və əməkdaşlıq imkanlarının artırılması müzakirə olunur”, – deyə o bildirib.
Bayramov əlavə edib ki, Bakı Enerji Forumu yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan platformadır və müxtəlif ölkələr üçün öz potensialını təqdim etmək baxımından mühüm fürsət yaradır.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin forumun açılışında iştirakı və çıxışı Azərbaycanın bu tədbirə verdiyi yüksək önəmin göstəricisidir.
Millət vəkili sonda qeyd edib ki, Bakı Enerji Forumu Azərbaycanın beynəlxalq enerji dialoqunda rolunu daha da gücləndirən mühüm platformalardan biri kimi çıxış edir.