"İranın son bəyanatları və bölgədəki addımları hərbi güc nümayişi ilə yanaşı, iqtisadi maraqların qorunmasına da hesablanıb".
Bu fikirləri politoloq Əli Mustafa News365.az-a açıqlamasında səsləndirib.

Ekspert bildirib ki, İran mümkün atəşkəs və ya qarşıdurma fonunda rəqiblərinə açıq mesaj göndərərək öz hərbi potensialını nümayiş etdirməyə çalışır:
"İran göstərmək istəyir ki, bölgədə güc balansı tam şəkildə ABŞ-ın xeyrinə deyil. Rəsmi Tehran güclü ballistik raket arsenalına malik olduğunu nümayiş etdirərək mümkün təzyiqlərə qarşı cavab verməyə hazır olduğunu ortaya qoyur".
Politoloqun sözlərinə görə, son vaxtlar bəzi Körfəz ölkələrinin yenidən İranın diqqət mərkəzinə düşməsi də bununla əlaqədardır:
"Bəhreyn, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı səsləndirilən mesajlar Tehranın regiondakı aktorlara xəbərdarlığı kimi qiymətləndirilə bilər. İran bununla göstərməyə çalışır ki, müharibə olacaqsa, buna cavab verəcək, əgər atəşkəs əldə olunacaqsa, onun şərtlərinə əməl edilməsini gözləyir".
Ə.Mustafa hesab edir ki, İran üçün ən həssas məsələlərdən biri neft ixracıdır. Onun fikrincə, neft daşımalarına qarşı təhdidlər və tankerlərlə bağlı insidentlər Tehranın iqtisadi imkanlarına ciddi təsir göstərir:
"Neft satışından əldə olunan gəlirlər İran iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır. Valyuta axınının azalması həm hərbi xərclərin maliyyələşdirilməsini, həm də ölkə daxilində sosial-iqtisadi problemlərin həllini çətinləşdirə bilər".
Politoloq vurğulayıb ki, bu səbəbdən İran tanker və enerji infrastrukturu ilə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır və bu istiqamətdə verilən mesajlar da ilk növbədə iqtisadi maraqların qorunmasına xidmət edir.